Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6508/2024 18.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “maddi-mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya maddi-mənəvi təzminat olaraq 10000 (on min) manat ödənilməsi və ərizələrə vaxtında cavab verməyənlərin qanunauyğun cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-cü ildə ərizə ilə DTSERA-nın İdarə Heyətinin sədri cənab Anar Bayramova müraciət edərək, həkim müayinələrinin ona verilməsini xahiş etmişdir. Ancaq bu günə kimi cavab almamışdır. xx.xx.2023-cü ildə qurumun səhvi üzündən keçən 9 ay ərzində hər ay almalı olduğu pensiyasını ala bilməmişdir. O, gündəlik qəbul etdiyi dərmanlarını almaq və digər ehtiyaclarını qarşılamaq üçün yaxınlarından borc almaq, bankdan kredit götürmək məcburiyyətində qalmışdır. İddiaçı bütün bunları əsas gətirərək cavabdehə müraciət ərizəsi təqdim etmişdir. Ancaq hazıra kimi cavab ala bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, həmçinin iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddia irəli sürmüşdür. İddia Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9491 /2023 nömrəli qərarı ilə təmin edilməmiş və həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. İşin nəticəsinə dair yekun məhkəmə aktı çıxarılmamışdır. Əlavə olaraq bildirilir ki, inzibati orqanın vəzifəli şəxsinin təqsiri, yəni kobud ehtiyatsızlığı və ya qəsdi nəticəsində iddiaçıya ziyan vurulması faktı mövcud deyil. İnzibati orqan qanunvericiliyin tələblərinə uyğun qaydada inzibati icraatı həyata keçirmişdir. Əlavə olaraq, “İnzibati İcraat haqqında” Qanunun 89.1-cu maddəsinə əsasən İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Qanunun 89.2ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, maddi-mənəvi təzminatla bağlı cavabdeh orqana müraciəti mövcuddur, lakin müraciəti ilə bağlı təsdiqedici sənədi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi və maddi-mənəvi zərərlə bağlı iddiaçı tərəfindən müraciət daxil olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən vurulmuş maddi-mənəvi zərərin ödənilməsi və müraciətə vaxtında cavab verilmədiyi üçün cavabdeh şəxslərin cəzalandırılmasıdır. Tələbin birinci hissəsi (kompensasiya ödənilməsi) ilə bağlı məhkəmə qeyd edir ki, iş materialları ilə iddiaçı tərəfindən eyni tələb üzrə cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edilməsini təsdiq edən sənəd müəyyən edilməmişdir. İddiaçı özü də məhkəməyə gəlinən qənaətin əksini sübut edən hər hansı dəlil (poçt qəbzi və.s) təqdim etməmiş, habelə məhkəmə iclasında verdiyi izahatda müraciətlə bağlı təsdiqedici sənədinin mövcud olması halını mübahisələndirməmişdir. Belə olan halda, iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığına görə hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Tələbin ikinci hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissə cavabdeh inzibati orqanın müraciətinə cavab verilməsinə məsul olan əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsinə yönəldilyindən bununla bağlı müvafiq inzibati orqana müraciət etməsi zəruridir və sözügedən tələbə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə, ərizənin mümkün sayılmadığını və mahiyyətcə hər hansı dəyişiklik olmayacağını nəzərə alaraq irəli sürülmüş tələbdə yol verilmiş formal xətaların aradan qaldırılması ilə bağlı hüquqi yardım göstərilməsinə zərurət görmür. Məhkəmə xüsusi olaraq vurğulayır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə izah edir ki, iddiaçı ehtimal etdiyi vurulmuş ziyanın ödənilməsi ilə bağlı ilk növbədə cavabdeh inzibati orqana müraciət edə, məqsədinə nail ola bilmədiyi halda, həmin inzibati orqana qarşı aidiyyəti qaydada məhkəmədə iddia irəli sürə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsin əsasən, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6508/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6508/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver