Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6509/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Xasi oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xasi oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair texniki pasportun iddiaçının adına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində yaşayır. 1988-ci il tarixdə Aleksandr Baxşeviç fərdi yaşayış evinə bizi qeydiyyata almaq üçün müraciət etmişdir. Sərəncamla fərdi yaşayış evinə qeydiyyata alınmışdır. Müəyyən miqdarda pul ödənilmiş və ev satın alınmışdır. Lakin həmin dövrdə baş vermiş hadisələr səbəbindən evin addan-ada keçirilməsi mümkün olmamışdır. Həmin evə texniki pasportun addan-ada keçirilməsi üçün cavabdehə müraciət olsunda da əsassız olaraq imtina edilmişdir. Halbuki uzun müddətdir ki, orada yaşayır, kommunal xərclər ödənilir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh hesab edir ki, elektron kadastr baza məlumatına əsasən təqdim edilən texniki pasport ilə faktiki sahə arasında konfiqurasiya və perimetrik ölçü fərqi mövcuddur. Bundan əlavə, İddiaçı adına torpaq sahəsinə və fərdi yaşayış evinə dair qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim olunmamışdır. Həmçinin, İdarənin arxivində mövcud olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportu digərfiziki şəxsin adındadır və bununla bağlı hər hansı əlaqələndirici sənəd təqdim edilməmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək,ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və iddiaçının adına texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;[24] 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən fərdi yaşayış evi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iş materialları ilə, o cümlədən məhkəmə sorğusuna əsasən Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan da göründüyü kimi Səbail rayon İcra Hakimiyyəti tərəfindən verilmiş Sərəncama əsasən iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı əmlakın qanuni sahibliyini təsdiq edə biləcək heç bir hüquqi sənəd təqdim etməmiş, fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının olmasını sözügedən sərəncamın mövcudluğu ilə əlaqələndirmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşın daşınmaz əmlaka qeydiyyata alınması onun həmin əmlak üzərində mülkiyyət hüququnun əldə etməsini ifadə etmir. Bilavasitə vətəndaşın qeydiyyata olmasını təsdiq edən sənəd hüquqmüəyyənedici sənəd hesab edilmədiyində, iddiaçının üçün hər hansı hüquq yaratmamaqla yanaşı, daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qeydiyyata alınması üçün hər hansı bir əhəmiyyət kəsb etmir. Bununla bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müdəalarının şərh olunması barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarının da müvafiq müddəalarının qeyd edilməsi zəruridir. Qərardan da göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi yaşayış yeri üzrə şəxsin qeydiyyatı ancaq qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi nəticə yarada bilməsi nəzərdə tutulmuşdur ki, qanunvericiliklə də qeydiyyatın şəxsə hər hansı mülkiyyət hüquq verməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, həmçinin iddiaçının fərdi yaşayış evində qeydiyyatda olmasını təsdiq edən sərəncamın mövcudluğu, ona hər hansı bir mülkiyyət hüququ yaratmadığından cavabdeh yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Eyni zamanda onun da qeyd edilməsi zəruridir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli, 439 saylı Fərmanının 2.4-cü maddəsinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanı tərəfindən 2001-ci ilin yanvarın 1-dək tərtib olunmuş texniki pasport daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Şərh olunan maddənin tələblərindən irəli çıxdıqda qeyd olunmalıdır ki, texniki inventarlaşdırma işlərinin aparılmasının əsas məqsədi daşınmaz əmlak obyektinin, o cümlədən torpaq sahəsinin mövcudluğunu, faktiki vəziyyətini, texniki göstəricilərini, tərkibini müəyyən etmək və texniki sənədləri hazırlamaqdır. İnventarlaşdırma işlərinin aparılması nəticəsində daşınmaz əmlakın texniki pasportu tərtib edilir. Texniki pasport yalnız yaşayış evinin torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarını əldə edilməsini təsdiq edən sənən hesab olunur ki, həmin sənəd 01.01.2001-ci il tarixədək tərtib olunsun. Məhkəmə bildirir ki, sözügedən fərdi yaşayış evi ilə bağlı tərtib olunmuş texniki pasport iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edilmir. Belə ki, məhkəmə sorğusu əsasında təqdim olunmuş texniki pasportun təsdiq olunmuş surətindən görünür ki, mübahisə predmetini təşkil edən daşınmaz əmlak ilə bağlı 26 saylı Bakı Komissarları tərəfindən X1 adına texniki pasport tərtib olunmuşdur. Texniki pasportun əsil sahibi ilə hazırki iddiaçı arasında hər hansı bir səbəbli əlaqənin olması aşkar edilməmiş, onlar arasında əqdin bağlanması və ya digər hüquqi xarakter daşıyan münasibətlərin olması müəyyən edilməmiş, iddiaçı tərəfindən bu halın əksini təsdiq edən sənəd təqdim edilməmişdir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-6509/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6509/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver