Məhkəmə qərarları › İş №2-1(112)-651/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-651/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-651/2021 18.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiаçı İddiaçı etibarnamə üzrə nümayəndəsi X4, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mərhum atasının adına çıxarışın (arayışın) verilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair X2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum atası X7 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasını, dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi atası X2 mülkiyyətində olmuşdur və buna dair Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi X8 Bürosu tərəfindən 1961-ci ildə şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport verilmişdir. Lakin həmin pasportda atasının adı “Ağahüseyn” kimi deyil, “Hüseyn” kimi göstərilmişdir. Faktiki olaraq həmin tarixdən bugünədək torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onların istifadəsində olmuşdur. Atası xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X2 varisi olaraq həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair çıxarış verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cavab məktubu ilə atasının adının “Ağahüseyn” olduğu, lakin təqdim edilmiş sənədlərdə isə adın “Hüseyn” olduğu göstərilərək müraciətindən imtina etmişdir. Yasamal rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək, həmin evə dair texniki pasportda atasının adının “Ağahüseyn” kimi olması faktının müəyyən edilməsini xahiş etmişdir. Lakin Yasamal rayon Məhkəməsinin 2(004)-7837/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi həmin tələbə inzibati qaydada baxılması üçün inzibati məhkəməyə müraciət edilməli olduğu göstərilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göstərilən əsaslarla imtina etməsi qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə texniki pasportda mərhumun adı “Hüseyn”, lakin digər sənədlərdə “Ağahüseyn” kimi qeyd olunmuşdur və vərəsəlik dairəsinin müəyyən edilməsi barədə notariat kontorunun arayışı təqdim olunmayıb. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin namyəndələrinin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan sənədlər: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1954-cü il təvəllüdlüdür, ünvan 5 ünvanında qeydiyyatdadır. - İİ ЖГ № 498178 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 1995-ci il tarixdə xroniki ürək damar çatışmamazlığı ilə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1995-ci ilin 04 ayının 18 günündə 467 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə ünvanlanan xx xxxxxx 2013-cü il tarixli, 545 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il tarixdə vəfat etmiş X3 miras əmlaka dair qalmış vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 19 saylı notariat kontoruna müraciət daxil olmuşdur. X5 vəfat etməsilə əlaqədar vərəsənin ərizəsi əsasında xx.xx.2012 tarixdə notariat kontoru vərəsəlik işi açılmış və vərəsələrinin dairəsi müəyyən olunmuşdur. Qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə aparılması üçün Bakı şəhəri BTİ tərəfindən mərhuma verilmiş texniki pasporta əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış oğlu- İddiaçı verilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********25 saylı məktubundan görünür ki, İddiaçı müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin sahəsinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Bundan əlavə texniki pasportda mərhumun adı “Hüseyn”, lakin digər sənədlərdə “Ağahüseyn” kimi qeyd olunmuşdur və vərəsəlik dairəsinin müəyyən edilməsi barədə notariat kontorunun arayışı təqdim olunmayıb. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. - Azərbaycan SSSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair 39/76 saylı texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri, 11-ci Xrebtovı küçəsi ev 166 №-li yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin sahibi qismində X10 qeyd edilmişdir. İddiaçı hazırki iddia ilə həmin fərdi yaşayış evinə və torpaq sahəsinə dair mərhum atasının adına mülkiyyət hüquqlarının qeydiyyatının aparılmaqla, həmin torpaq sahəsi və fərdi yaşayış evinin atasına məxsus olmasına dair çıxarış(arayış) verilməsini xahiş edir. Cavabdeh inzibati orqan imtina əsasında texniki pasportda qeyd edilən adla, iddiaçının atasının adinın fərqli olduğu, həmçinin, notariat kontorunun müvafiq arayışının olmadığını qeyd edir. Məhkəmə aşağıdakı qanunvericilik normalarını nəzərdən keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Beləliklə, iş materiallarından görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin X1 və istifadəsində olmasına dair texniki pasport mövcuddur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 319 nömrəli Qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndində qeyd olunmuşdur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs DƏDRX-in ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış veririr. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən sözügedən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə DƏDRX-in ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir. Beləliklə, işin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, iddiaçı halhazırda yaşadığı fərdi yaşayış evi və torpaq sahəsi üzərində mərhum atasının mülkiyyət hüquqlarının qeydə alınmasına dair çıxarış (arayış) verilməsini xahiş edir. Bu zaman atasının adına verilmiş texniki pasportu təqdim edir. Cavabdeh orqanın imtinasının əsası həmin texniki pasportdə iddiaçının atasının “Hüseyn”, digər sənədlərdə “Ağahüseyn” kimi qeyd edilməsidir. Bu imtina əsasını araşdıran zamanı Məhkəmə tərəfindən göndərilmiş sorğu əsasında iddiaçının atasından miras qaldığını iddia etdiyi və hazırda qeydiyyatda olaraq yaşadığı faktiki ünvana-fərdi yaşayış evinə və torpaq sahəsinə cavabdehin mütəxəssisləri tərəfindən baxış keçirilməsi təşkil edilmiş, tədqiqat obyektinə baxış zamanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyəti İdarənin arxivində mövcud olan X10 adına tərtib edilmiş 1970-ci il tarixli texniki pasportdakı məlumatlarına uyğun olması qeyd edilmişdir. Beləliklə, Məhkəmə tərəfindən işin araşdırmış hallarından aydın görünür ki, iddiaçının atasının adına 1970-ci ildə tərtib edilmiş texniki pasportda texniki yalnışlıq olmuşdur. Bu hal iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Bu halın aradan qaldırılması üçün isə əlavə olaraq faktın təsdiqinə lüzum yoxdur. İşin araşdırılmış hallarından aydındır ki, iddiaçı arxivdə aşkar edilən texniki pasportda qeyd edilmiş ünvanda qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır, fərdi təsərrüfat aparır. Cavabdeh inzibati orqanın imtinasının digər əsası vərəsəlik dairəsinin müəyyən edilməsi barədə notariat kontorunun arayışının təqdim edilməməsi ilə bağlıdır. Məhkəmə bu əsasa cavab olaraq qeyd edir ki, iş materiallarından aydın olur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 19 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2013-cü il tarixli, 545 nömrəli məktubla X2 vəfat etməsilə əlaqədar xx.xx.2012 tarixdə notariat kontorunda vərəsəlik işi açılmış və vərəsələrinin dairəsi müəyyən olunmuş, qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq sənədləşmə aparılması üçün Bakı şəhəri BTİ tərəfindən mərhuma verilmiş texniki pasporta əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarış oğlu-İddiaçı verilməsi xahiş olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtina əsasları əsassızdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum atası X7 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair İddiaçı mərhum atası X11 oğlunun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar