Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-651/2025 06.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "qaraja mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi" tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qaraja dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 26 Bakı Komisarları adına Bakı şəhər Sovetinin İcraiyyə Komitəsi Mətbuat prospekti 2-də yaşayan vətəndaşlar Rəhimov R.R., İddiaçı, Həsənov F.A., Qədirov R.A., İsayev E.A-ya Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış sxemə uyğun olaraq, Mətbuat prospektində beş kollektiv standart qarajın quraşdırılmasına icazə verilməsi haqqında 09 fevral 1990-cı il tarixli, 3/311 saylı qərar qəbul etmişdir. 30 ildən artıq müddətdir ki, həmin qaraj iddiaçının istifadəsindədir. İddiaçı X1 Bakı şəhəri, Mətbuat prospekti 2 ünvanında yerləşən ona məxsus olan qarajı özəlləşdirməyi və bununla bağlı digər sənədləşmə işlərini aparması üçün 50 il müddətinə etibarnamə vermişdir. Həşimov Feyruz həmin etibarnamə əsasında bu işlə əlaqədar olaraq ona hüquqi yardım xidməti göstərilməsi ilə bağlı müraciət etmiş və iddiaçının ona verdiyi etibarnamənin şərtlərinə uyğun olaraq həmin işlərin görülməsini Vəkil etibar etmiş və bu barədə aralarında müqavilə bağlanmışdır. Bu səbəblə də, lazımi bütün sənədləri toplayaraq, cavabdehə müraciət edərək Bakı şəhəri, Mətbuat Prospekti 2 ünvanında yerləşən qaraja dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reysterindən çıxarışın verilməsi üçün müraciət etmiş, lakin ona imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz etdi və təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/311 nömrəli qərarının arxiv nüsxəsi məhkəməyə göndərilmişdir. Həmin qərardan görünür ki, Mətbuat prospekti 2 ünvanda yaşayan vətəndaşlar Rəhimov R., İddiaçı, Həsənov F.Ə., Qədirov R.Ə., İsayev E.Ə-yə Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış sxemə uyğun olaraq, Mətbuat prospektində beş kollektiv standart qarajın quraşdırılmasına icazə verilmişdir. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, qeyd olunan qaraja dair İdarənin arxivində hər hansı məlumat (sənəd) aşkar edilməmişdir. İş materiallarına Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/311 nömrəli qərarı ilə ayrılmış qərarların “Bakıtuneltikinti” 7 saylı TD-nin rəisi tərəfindən təsdiq edilmiş smeta sənədləri əlavə edilmişdir. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, təqdim edilmiş sxemdə qarajın dəqiq istinadları qeyd olunmadığından sözügedən qarajın sənədlə dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində qaraja dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.5. ). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərindəhüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.5. ). İşdən görünür ki, Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/311 nömrəli qərarı ilə Mətbuat prospekti 2 ünvanda yaşayan vətəndaşlara Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış sxemə uyğun olaraq, Mətbuat prospektində beş kollektiv standart qarajın quraşdırılmasına icazə verilmişdir. İcazə verilmiş şəxslərdən biri də iddiaçıdır. İddiaçı həmin qaraj üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh tələbin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası ondan ibarət olmuşdur ki, təqdim edilmiş sxemdə qarajın dəqiq istinadları qeyd olunmadığından sözügedən qarajın sənədlə dəqiq yerləşməsini təyin etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən məsələlər iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas deyildir. Belə ki, iddiaçıya məxsus qarajın dəqiq istinadlarının sxemdə qeyd edilməməsi iddiaçın təqsiri deyildir və bununla bağlı məsuliyyət iddiaçının üzərinə qoyula bilməz. Belə ki, inzibati orqanların texniki səhvləri vətəndaşların hüquqlarının pozulması üçün əsas hesab edilə bilməz. Göründüyü kimi iddiaçı ona ayrılmış qarajdan faktiki istifadə edir. Qaraj ona qanuni əsaslarla ayrılmışdır və həmin qarajla bağ digər şəxsin iddiası mövcud deyil. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddiaçının tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən qaraja dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-651/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-651/2025
06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver