Məhkəmə qərarları › İş №2-1(112)-6511/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6511/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6511/2024 23.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat İdarəsinə qarşı “nikaha dair akt qeydinin və şəhadətnamənin ləğv edilməsi, prokurorluğa məlumat verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək nikaha dair akt qeydinin və şəhadətnamənin ləğv edilməsi Binəqədi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını, prokrorluğa məlumat verilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, mərhum X6 ilə İddiaçı arasında rəsmi nikah mövcud olmuşdur. Hal-hazırda həmin “nikahın etibarsız hesab edilməsi və miras əmlak üzərində mülkiyyət hüquqlarının müəyyən edilməsi” tələbinə dair İddiaçı mərhum həyat yoldaşı X6 ilə aralarında nikah rəsmiləşdirilmiş kimi göstərilmiş X4 ilə arasında mülki məhkəmə mübahisəsi mövcuddur və AR Ali Məhkəməsində icraatdadır. X6 ilə X4 arasında nikah Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixli, 92 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Daha sonra, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən X6 ilə X4 arasında bağlanmış nikah nikahın pozulması haqqında xx.xx.2019-cu il tarixli, 379 saylı akt qeydi ilə pozulmuşdur.Qeyd edilir ki, hal-hazırda Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, X6 ilə X4 arasındakı nikaha dair AZ-İ № 016317 saylı şəhadətnamə, Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, X6 ilə X4 arasında bağlanmış nikahın pozulması haqqında AZ-İ № 335442 saylı şəhadətnamə və onun əsasında Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, №05/Q-1242/16 saylı, xx.xx.2021-ci il tarixli arayış, qanuna zidd tərtib edilməsi səbəbilə məhkəmə işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsi baxımından maneə törədir və iddiaçının hüquqlarına toxunur. Qeyd etmək lazımdır ki, iddiaçının X6 ilə X4 arasında bağlanmış nikaha dair 92 nömrəli, xx.xx.1994-cü il tarixli akt qeydinin qanunsuz hesab edilərək ləğv edilməsi, həmin nikah əsasında verilmiş müvafiq şəhadətnamələrin ləğv edilməsi və həmin qeydlərin müvafiq “akt qeydləri kitabı"ndan silinməsinin təmin edilməsinə dair cavabdeh orqana ünvanlanmış ərizəsi yuxarı orqan olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4-15-7-01-6/24 nömrəli məktubu ilə imtinayla cavablandırılmışdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, 1994-cü ildə mərhum həyat yoldaşı X6 ilə X4 arasında hər hansı nikah rəsmiləşdirilməmiş, bu barədə akt qeydləri kitabında hər hansı qeyd aparılmamışdır. İddiaçı qeyd edir ki, buna baxmayaraq, qeydiyyat şöbəsi tərəfindən sadəcə X2 təqdim etdiyi sənəd sürəti (mötəbərliyi olmayan) əsasında ona AZ-İ № 016317 saylı nikah haqqında şəhadətnamə verilmişdir, həmin dövrdə elektron sistemi olmayan və qeydiyyatın yalnız müvafiq kitablarda aparılması mümkün olan qeydiyyat şöbəsi tərəfindən həmin qeydlərin mövcudluğu və Quliyeva Sürəyyanın təqdim etdiyi köhnə nikah haqqında şəhadətnamənin həqiqiliyi yoxlanılmadan yalnız həmin sənəd əsasında yeni nikah haqqında şəhadətnamə verilmiş və sənəd saxtalaşdırılmasına yol verilmişdir. 1994-cü il tarixdən etibarən həyata keçirilmiş bütün qanunamüvafıq hərəkətlər (alqı-satqı müqavilələrinin notariat qaydasında rəsmiləşdirilməsi və s.) zamanı X3 həyat yoldaşı kimi iddiaçı iştirak etmişdir. Bu da X4 ilə X6 arasında hər hansı nikah rəsmiləşdirilmədiyini sübut edən hallardan olduğu bildirilir. Ona görə də X6 ilə X4 arasında bağlanmış nikaha dair 92 nömrəli, xx.xx.1994-cü il tarixli akt qeydi əsasında verilmiş nikah haqqında şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi və həmin nikaha dair akt qeydlərinin ləğv edilməsi öhdəliyinin cavabdeh Binəqədi rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması mütləq və zəruridir.

3. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə qeyd olunur ki, Binəqədi rayon Qeydiyyat X1 ilə X4 arasındakı nikaha dair AZ-İ № 016317 saylı şəhadətnamə verilərkən həmin şəxslər arasında xx.xx.1994-cü il tarixdə nikahın bağlanmasına dair qeydiyyat kitabında 92 nömrə ilə qeyd edilmiş akt qeydinə əsaslanmışdır. Hal-hazırda iddiaçı tərəf olaraq müvafiq qeydiyyat kitabında həmin akt qeydinin mövcud olmasına dair əsaslı şübhələr mövcud olduğu bildirilir. Belə ki, həmin dövrdə elektron sistemi olmayan və qeydiyyatın yalnız müvafiq kitablarda aparılması mümkün olan qeydiyyat şöbəsi tərəfindən müvafiq qeydlərin mövcudluğu və Quliyeva Sürəyyanın təqdim etdiyi köhnə, 407735 nömrəli nikah haqqında şəhadətnamənin həqiqiliyi yoxlanılmadan yalnız həmin köhnə sənəd əsasında yeni nikah haqqında şəhadətnamə verilmişdir. Ona görə də, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılması və sübut edilməsi məqsədilə Binəqədi rayon Qeydiyyat Şöbəsindən müvafiq akt qeydləri kitabının əslinin, eyni zamanda, 407735 nömrəli, xx.xx.1994-cü il tarixli nikah haqqında şəhadətnamənin və onun əsasında verilmiş 016317 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin verilməsinə əsas olan bütün hüquqmüəyyənedici sənədlərin təsdiqlənmiş surətlərinin əldə edilərək tədqiq edilməsi mütləq və zəruridir. Odur ki, iddiaçı vəsatətini təmin edib, Binəqədi rayon Qeydiyyat Şöbəsinə məhkəmə sorğusu ünvanlayaraq X6 ilə X4 arasındakı nikahın bağlanmasına dair xx.xx.1994-cü il tarixdə 92 nömrə ilə qeyd edilmiş akt qeydinin aparıldığı müvafiq akt qeydləri kitabının əslinin, eyni zamanda, 407735 nömrəli, xx.xx.1994-cü il tarixli nikah haqqında şəhadətnamənin və onun əsasında verilmiş 016317 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin verilməsinə əsas olan bütün hüquqmüəyyənedici sənədlərin təsdiqlənmiş surətlərinin və 016317 nömrəli, xx.xx.2019-cu il tarixli nikah haqqında şəhadətnamənin akt qeydinin aparıldığı müvafiq akt qeydləri kitabının əslinin əldə edilməsini və məhkəmənin iş materialına təmin edib, tədqiq edərək, mübahisələnən sənədin qanuna müvafiq tərtib edilmə hallarının obyektiv araşdırılmasını təmin etməyi xahiş edir.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-514-15-Ə-01-6/24 nömrəli cavab məktubunda qeyd olunur ki, A.Musabəyovla S.Quliyevanın nikahının və nikahının pozulmasının qeydiyyat şöbəsi tərəfindən ləğv edilməsi və ya etibarsız hesab edilməsi mümkün deyildir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 2(005)-2744/2019 nöməli Qətnaməsi ilə X6 ilə Musabəyov (Quliyeva) Sürəyya Fərrux qızı arasında Bakı şəhəri Binəqədi rayonu “Leyla” nikah evində 05 fevral 1994-cü il tarixdə 92 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.

6. Bakı şəhəri İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6511/2024 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat İdarəsinə qarşı “nikaha dair akt qeydinin və şəhadətnamənin ləğv edilməsi, prokrorluğa məlumat verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir.

7. Bakı şəhəri İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6511/2024 nömrəli Qərardadı ilə İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat İdarəsinə qarşı “nikaha dair akt qeydinin və şəhadətnamənin ləğv edilməsi, prokrorluğa məlumat verilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı X4 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilsin.

8. Cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-165/8-13-464/24 nömrəli məktubunda qeyd olunur ki, iddiaçının ərizəsinə etiraz edilir və işin həlli məhkəmənin mülahizəsinə buraxılır.

9. Məhkəmənin mümkünlük üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri baxılmadan geri götürdüyünü bildirmiş və iddia ərizəsinin geri götürülmüş sayılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

10. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

11. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

12. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

13. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

14. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

15. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

16. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

17. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

18. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

19. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

20. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

21. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından (bax 4-cü bənd) prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar