Məhkəmə qərarları › İş №2-1(112)-6513/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6513/2023

30.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6513/2023 30.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sosial müavinətin bərpa edilməsi və ödənilmiş pulun geri qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, 31130 №-li Qərarının ləğv edilməsi və həmin qərar əsasında onun yəni, İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2177/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş X5 ərizəçi-xx.xx.1951-ci ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı Fərux oğluna övladlığa verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixindən övladlığa götürülən X7 görə sosial müavinat təyin edilmişdir. Xidməti yoxlama zamanı X6 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş kimi uşaq olmadığı səbəbindən təyin edilmiş sosial müvainətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 1366.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. X12 övladlığa götürüldükdən sonra valideynləri - atası İddiaçı Fərux oğlu, anası X2 olmuşdur. Uşağın bioloji valideynləri uşaqdan imtina etmiş və onun böyüdülməsində maddi və mənəvi cəhətdən iştirak etməmişlər. Ona görə də uşağa görə təyin edilmiş sosial müavinətin dayandırılması tam əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, İddiaçı cavabdehə müraciət edərək, sosial müavinətin bərpa edilməsi və tutulmuş məbləğin geri qaytarılmasını xahiş etmişdir. X1 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq olmadığı müəyyən edilmiş və bu səbəbdən təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. İddiaçıya xx.xx.2021-ci il tarixindən övladlığa götürülən uşağa görə sosial müavinət təyin edilmişdir (X8 övladlığa götürdüyü). “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideynə vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. X6 valideynləri X13 və X3 valideynlik hüququndan və ya X6 (X5) valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığına görə X12 valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilmir. Xidməti yoxlama zamanı X6 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq olmadığı müəyyən edilmiş və bu səbəbdən təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1366.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. İddiaçı iddia tələbinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın mübahisələndirilən 31130 №li, xx.xx.2022-ci il tarixli Qərarı iddiaçıya rəsmi qaydada 05 aprel 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında (İddiaçı müavinət ödənişinə dair sənədlərindən) təqdim olunmuşdur. İddiaçı ilkin iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, daha sonra iddanın dəyişdirilməsi barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə yəni, qanunla müəyyən edilmiş müddətdə müraciət etmişdir. İddia mümkündür.

İşin halları. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1951-ci il təvəllüdlü X10 ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2177/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı “uşağın övladlığa götürülməsi” tələbinə dair ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək və sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş X5 ona övladlığa verilməsi, X5 doğum akt qeydindən - uşağın adının “X12”; “atası” bəndində “İddiaçı”, “anası” bəndində - “X2” yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2177/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş X5 ərizəçi - xx.xx.1951-ci ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı övladlığa verilməsi, X5 xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmasına dair 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə aparılmış 6113 nömrəli doğum akt qeydində düzəliş edilərək, “vətəndaş” bəndində - “X14” əvəzinə - "X12”; "atası” bəndində -“X13” əvəzinə - “İddiaçı", milliyyəti “azərbaycanlı”; “anası” bəndində - “X11" əvəzinə - “X2”, milliyyəti “azərbaycanlı” yazılması, digər məlumatların dəyişdirilmədən saxlanılması, xx.xx.2018-ci ildə Bakı şəhərində doğulmuş X6 adına yeni doğum haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə ilə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçi (İddiaçı) xəstə uşağın tərbiyəsi ilə məşğul olmaq istəməyən doğma valideynlərinin razılığı ilə könüllü olaraq xəstə uşağın qayğısına qalmağı öz üzərinə götürmüş və bunu uşaq doğulduğu vaxtdan indiyə kimi könüllü və tamamilə şüurlu surətdə uşağın tərbiyəsi ilə bağlı vəzifələri öz üzərinə götürməklə həyata keçirir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialın 3-17-1/2- 54406/2023 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı müavinət ödənişinə dair sənədlərində olan: - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş “Sosial müavinətin təyinatı üzrə” 37954 №-li xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı övladlığa götürülən uşağa görə xx.xx.2021-ci il tarixdən xx.xx.2036-cı ilədək aylıq 160 manat məbləğində müavinət təyin edilmişdir. - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 31130 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı təyin olunmuş müavinət xx.xx.2022-ci il tarixdən müavinət almaq hüququ olmadığı üçün dayandırılmışdır. Qərarın “qeyd” hissəsində göstərilmişdir ki: xx.xx.2022-ci il tarixli **********3 saylı məktuba əsasən xx.xx.2021-xx.xx.2022-ci il dövr üzrə artıqvermə vətəndaşa rəsmi məlumat verildikdən sonra əmək pensiyasından (XŞTMF) tutulsun. - “Övladlığa götürülmüş uşağa görə sosial müavinət almaq hüququ olmayan şəxslər barədə” məlumatdan müəyyən olunur ki, mübahisələndirilən qərarın qəbul olunmasına əsas kimi övladlığa götürülmüş uşağın hər iki valideyninin olması və övladlığa götürülənə qədər onlarla birgə yaşaması, bununla da valideynlik hüququndan məhrum edilmiş uşaq olmaması göstərilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-115518/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasından xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1423,16 manat məbləğində tutulma həyata keçirilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının: - **********4 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən övladlığa götürülən uşağa görə müavinət - valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin edilir. Ona xx.xx.2021-ci il tarixindən övladlığa götürülən uşağa görə sosial müavinət təyin edilmişdir (X8 övladlığa götürdüyü üçün). Xidməti yoxlama zamanı X6 valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaq olmadığı müəyyən edilmiş və bu səbəbdən ona təyin edilmiş sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1366.45 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. X13 və X3 valideynlik hüququndan və ya X6 (X5) valideyn himayəsindən məhrum olması haqqında məhkəmənin qərarının surətini təqdim etdikdən sonra müraciətinə müvafiq qaydada yenidən baxılacaqdır. - **********8 saylı 05 sentyabr 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 24 avqust 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.10-4-cü maddəsinə əsasən valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsin 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) övladlığa götürülən uşağa görə müavinət almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış araşdırmaya əsasən X4 valideyn himayəsindən məhrum uşaq olmaması müəyyən edilib. Bununla əlaqədar Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona müvafiq müavinətin ödənişi 1 iyun 2022-ci il tarixindən dayandırılıb, həmçinin xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 1366,45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaitinin hər ay 134,45 (sonuncu ay 21,95) manat olmaqla xx.xx.2022xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından çıxılaraq büdcəyə bərpa edilməsi nəzərdə tutulmuşdur.

Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının “Sosial təminat hüququ” haqqında 38-ci maddəsindən görünür ki, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1.-ci maddəsinə əsasən, sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. - 3.1.-ci maddəsində əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. - 4.0.1.14-cü maddəsinə əsasən övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin edilir. - 7.0.10-4-cü maddəsinə əsasən, övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) nəzərdə tutulmuşdur. - 9.1.-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir. - 9.1.11.-ci madəsinə əsasən, övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət – 2021-ci il yanvarın 1-dən tez olmamaqla uşağın 18 yaşı tamam olan ayın sonunadək təyin edilir. - 10.2-1.-ci maddəsinə əsasən, bu qanunun 4.0.1.14-cü maddəsində (övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət) nəzərdə tutulan müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. - 10-1.5.-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikaslı Qanununun 1-ci maddəsində göstərilmişdir ki, hər iki valideyni valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edilən uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 4.1.-ci bəndinə görə övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ay ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə Qeydiyyat şöbəsi və konsulluq idarəsinə müraciət etməlidirlər. 4.6-1-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.20-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş uşağın övladlığa götürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən övladlığa götürmənin qeydiyyatı aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.19-cu maddəsinə əsasən övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını araşdıraraq və mövcud qanunvericiliyi təhlil edərək, həmçinin tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış və icra edilmiş qətnaməsi ilə müəyyən olunmuşdur ki, İddiaçı doğma valideynlərinin tərbiyəsi ilə məşğul olmaq istəmədikləri xx.xx.2018-ci il təvəllüdlü X9 (hazırda X12) övladlığa götürmüş və bunu uşaq doğulduğu vaxtdan övladlığa götürüldüyü vaxtadək könüllü və tamamilə şüurlu surətdə uşağın tərbiyəsi ilə bağlı vəzifələri öz üzərinə götürməklə həyata keçirmişdir. Bununla da iddiaçıya övladlığa götürülən uşağa görə “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müavinatın (1.0.1. sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir; 4.0.1.14 övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət təyin edilir; 7.0.10-4-cü maddəsinə əsasən, övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə) təyin olunması üçün “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikaslı Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş əsaslar (uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edilən uşaqlar valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab olunur) yaranmışdır. İş materiallarından da göründüyü ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müavinətin təyin olunması barədə müvafiq inzibati akt qəbul olunmuş, daha sonra müavinətin təyinatının xx.xx.2022-ci il tarixdən dayandırılması və ödənilmiş müavinatın tutulmasının iddiaçının pensiyasına yönəldilməsi qərara alınmışdır. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il qərarında qeyd olunmuşdur: “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri)”. Baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda müavinətin ödənilməsinin dayandırılması və ödənilmiş müavinətin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, 31130 №-li Qərarı ləğv edilməli və həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyi cavabdehə həvalə edilməlidir. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, 31130 №-li Qərarı ləğv edilsin və həmin qərar əsasında İddiaçı əmək pensiyasından tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar