Məhkəmə qərarları › İş №2-1(112)-6515/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6515/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6515/2024 15.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakların üzərinə qoyulmuş qadağanın icra edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 və 156 nömrəli torpaq sahələri və onun üzərindəki fərdi tikililərlə bağlı qoyulan qadağanın icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 və 156 nömrəli torpaq sahələrinin və onun üzərindəki fərdi tikililərlə əlaqədar hər hansı hərəkətin edilməsi qadağan olunmuşdur. Qərarın icrası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərasi İdarəsinə və Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. O, həmin işdə iddiaçıdır. Məhkəmənin həmin qərarı icra edilməsindən ötrü cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh tərəfindən həmin qərar xx.xx.2012-ci il tarixdə qismən icra olunaraq torpaq sahələrinin üzərinə qadağa qoyulsa da, lakin həmin torpaq sahələrinin üzərində olan tikililərinin üzərinə qadağa qoyulmamışdır. Bununla da, cavabdeh tərəfindən Ali məhkəmənin qərarındakı tələblər tam icra edilməmişdir. Bu barədə o, 2023-cü il oktyabr ayında xəbər tutaraq İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarının tam icra edilməsini xahiş etmişdir. Lakin oradan xx.xx.2024-cü il tarixli, 3-21-3/2-Y-01xx-xx/2023 saylı məktubla bildirilmişdir ki, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 nömrəli qərarı xx.xx.2012-ci il tarixdə icra olunaraq torpaq sahələrinin üzərinə qadağa qoyulsa da, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə daxil olmuş xx.xx.2014-cü il tarixli 10934/14 nömrəli məktubda X1 iddiaçı olduğu mülki işə Nərimanov Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq xx.xx.2012-ci il tarixdə 2(005)-1405/2012 nömrəli qətnamə qəbul edildiyindən və qətnamə Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icra olunduğundan həmin torpaq sahələrinin üzərinə qadağanın qoyulması zərurəti aradan qalxmışdır. Beləliklə də, cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin (yəni müvəqqəti təminat tədbirini tətbiq edən məhkəmənin) özü tərəfindən ləğv oluna bilər. Ali Məhkəmə tərəfindən cavabdehə həmin daşınmaz əmlakların üzərinə qoyulmuş qadağanın götürülməsi barədə heç bir sənəd göndərilməmişdir. Belə olan halda Nərimanov Rayon Məhkəməsinin hər hansı bir məhkəmə aktı ilə Ali Məhkəmənin qoyduğu qadağa götürülə bilməzdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)- 2277/2012 saylı qərarı əsasında müvafiq torpaq sahələrinin üzərinə ********** və ********** ərizə nömrələri ilə qadağalar qoyulmuşdur. Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)- 2277/2012 saylı qərarına əsasən iddiaçı X1 ərizəsinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələri və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilmənin qadağan edilməsi qərara alınmışdır. Daha sonra Ali Məhkəmənin Mülki Kollegiyasının 10934/14 saylı, xx.xx.2014cü il tarixli məktubu (daxilolma nömrəsi - **********) nəzərə alınmaqla torpaq sahələri üzərinə qoyulmuş qadağalar ********** və ********** ərizə nömrələri ilə götürülmüşdür. İdarəyə ********** qeydiyyat nömrəsi ilə Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli, 10934/14 saylı məktubu daxil olmuşdur. Müvafiq məktub İdarəyə ünvanlanmışdır. Məktubda qeyd edilmişdir ki, “Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarına əsasən iddiaçı X1 ərizəsinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələri və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilmənin qadağan edilməsi qərara alınmışdır. Göstərilən mülki iş Nərimanov Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq xx.xx.2012-ci il tarixdə 2(005)- 1405/2012 saylı qətnamə qəbul edilmiş və Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icra olunmuşdur. Odur ki, həmin əmlakların üzərinə qadağanın qoyulması zərurəti aradan qaldırılmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəfin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)- 2277/2012 saylı qərarının icrası ilə bağlı hazırkı iş üzrə cavabdehin hərəkətlərini mübahisələndirir və həmin qərarın icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 və 156 nömrəli torpaq sahələri və onun üzərindəki fərdi tikililərlə bağlı qoyulan qadağanın cavabdeh inzibati orqan tərəfindən icra edilməməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, məhkəmənin qərarının icrası ilə bağlı məsələlər yeni məhkəmə iddialarına və mübahisələrinə səbəb olmamalıdır. Çünki məhkəmənin qərarının icra edilib-edilməməsi inzibati orqanın hər hansı inzibati icraat, yaxud inzibati orqanın publik fəaliyyət sferasındakı hərəkətsizliyi olmamaqla, inzibati iddia ilə həll olunmalı məsələ deyil və bu, yeni məhkəmə mübahisələri ilə nəticələnməməlidir. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində də təsbit olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir; 3.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 29.1-ci maddəsinə əsasən, tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Qeyd edilmiş Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Aparılmış təhlilin nəticəsinə görə, inzibati orqanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı hərəkətləri, o cümlədən hərəkətsizlikləri inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmir. Belə ki, məhkəmə qanuni qüvvəyə minmiş qərarına münasibətdə inzibati orqan borclu qismində çıxış etməklə, hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirmir və hərəkətləri hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunmur. Qeyd edilənlərin məntiqi davamı olaraq, inzibati orqanın məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmədiyindən, eləcə də edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmədiyindən, məhkəmə qərarının icrasının təmin edilməsi haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin vurğulayır ki, hazırkı iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə mümkün sayılmadığından iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün əlavə araşdırılma aparılmasına zərurət görmür və özünün bu mövqeyini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, iddia mümkün sayılmadığından məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmasına zərurət qalmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakların üzərinə qoyulmuş qadağanın icra edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar