Məhkəmə qərarları › İş №2-1(112)-6519/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6519/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6519/2023 17.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “oğlunun doğum haqqında qeydində soyadına düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının oğlu, X1 doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Malikli” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının birgə nikahından oğlu, X6 anadan olmuşdur. Vətəndaşlıq vəziyyəti aktlarına müvafiq dəyişiklik edilərək oğlunun soyadının onun babasının adına uyğun olaraq “Malikli” müəyyən edilməsini arzulayırdılar. Belə ki, oğlu babası və iddiaçının atası Malik Yolçiyev ölkə səviyyəsində tanınmış insan olmaqla ailədə, həmçinin də bütün nəsildə böyük avtoritetə malikdir, nəsili onun adı ilə tanınır. Bundan əlavə hesab edirlər ki, “Malikli” soyadı oğlunun adı ilə birlikdə daha yaxşı səslənir, müasirdir. “Yolçiyev” soyadının sonluğu rus əsillidir və bu baxımdan onun əvəzinə oğluna türk şəkilçisi olan “li” sonluğu olan “Malikli” soyadının verilməsi vətənpərvərlik, milli köklərə yaxınlaşmaq məqsədi daşıyır. Oğlunun soyadının onun babasının adına uyğun olaraq “Malikli” müəyyən edilməsi üçün iddiaçı Bakı şəhəri Cavabdehnə müraciət etdi. Lakin həmin müraciətinin müsbət həllindən imtina olunmuşdur. İmtina məktubu ona xx.xx.2022ci il tarixdə verilmişdir. İmtinanı qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunsa da, cavabdehin etirazı məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uygun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZ-İ seriyalı, 723947 nömrəli, 14 dekabr 2011-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı ilə X2 nikahları 14 dekabr 2011-ci il tarixdə bağlanmışdır. - X3 aid AZ-İV seriyalı, 766633 nömrəli, 04 oktyabr 2022-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2022-ci il tarxdə Bakı şəhərində anadan olmuşdur. Atası – İddiaçı, anası isə X4r. - Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 4022-05/15 saylı, xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, “Sizin xx.xx.2022-ci il tarixli “X1 doğum haqqında akt qeydində uşağın soyadının Yolçiyev-dən Malikli-yə dəyişiklik edilməsi” haqqında müraciətinizə baxılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54-cü maddəsinə əsasən icra hakimiyyəti orqanın qəyyumluq və himayə orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. X5 182 saylı, xx.xx.2022-ci il tarixli doğum haqqında akt qeydində soyadının “Yolçiyev”-dən “Malikli”-yə dəyişdirilməsi barədə ərizənizin şöbə tərəfindən təmin edilməsi mümkün deyil. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəməyə müraciət etməyiniz xahiş olunur”. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı övladının soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmidir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə, inzibati orqanın dəlillərini əsaslı hesab etmir ona görə ki, işdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının X7 ilə birgə nikahından oğlu X6 anadan olmuşdur. İddiaçı vətəndaşlıq vəziyyəti aktlarına müvafiq dəyişiklik edilərək oğlunun soyadının onun babasının adına uyğun olaraq “Malikli” müəyyən edilməsini arzulayır. Belə ki, oğlunun babası və iddiaçının atası Malik Yolçiyev ölkə səviyyəsində tanınmış insan olmaqla ailədə, həmçinin də bütün nəsildə böyük nüfuza malikdir, nəsilləri onun adı ilə tanınır. Bundan əlavə hesab iddiaçı edir ki, “Malikli” soyadı oğlunun adı ilə birlikdə daha yaxşı səslənir, müasirdir. “Yolçiyev” soyadının sonluğu rus əsillidir və bu baxımdan onun əvəzinə oğluna türk şəkilçisi olan “li” sonluğu olan “Malikli” soyadının verilməsi vətənpərvərlik, milli köklərə yaxınlaşmaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 və 26.4-cü maddəsinə görə, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1.-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.3.-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.11-ci bəndinə əsasən valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir. Uşağa valideynlərinin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll edilir. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə, bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan Məhkəmə, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olmasından əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, Məhkəmə dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə Razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, Məhkəmə şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Avropa Məhkəməsi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq Məhkəmənin presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləlikə, məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan övladının adının dəyişdirilməsi iddiaçının hüququ olmaqla, həmçinin də valideynlar arasında bu barədə mübahisə olmadıgından iddia tələbi təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı oğlu X1 doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Malikli” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı oğlu X1 doğum haqqında akt qeydində düzəliş edilərək soyadının “Malikli” kimi yazılması və bu barədə yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar