Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-652/2024 06.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi iddiаçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 06 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1933 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 83 nömrəli evin yanındakı sahədə yerləşən 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh məktubunda elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində (perimetrik ölçüləri yoxdur, konfiqurasiyası ilə sxem fərqlidir) istinadlar olmadığından sənəd üzrə olan sahəni təyin etməyin mümkün olmadığını və torpaq sahəsinin 240.0 kv.m hissəsinin JN-5519 saylı şəhadətnamə ilə üst-üstə düşdüyünü və əlavə 132 kv.m torpaq sahəsinin istifadə edildiyini əsas gətirərək, müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1993 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 83 nömrəli evin yanındakı sahədə yerləşən 600 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə “iddia ərizəsinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998ci il tarixli, 1933 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 83 nömrəli evin yanındakı sahədə ayrılmış 600 kv.m. torpaq sahəsinin X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli icasında protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 1998-ci il tarixli. 1993 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə faktiki istifadə etdiyi 600 kvadrat metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün onun istifadəsinə ayrılmışdır. Həmin torpaq sahəsi yerində naturada ölçülüb ayrılaraq 20 dekabr 1998-ci il tarixli təhkim aktı əsasında ona təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsi tərəfindən dörd tərəfdən hasara alınmış, üzərində fərdi yaşayış evi inşa edilmiş, bütün kommunal xətlər çəkilmişdir. Ancaq həmin torpaq sahəsinin mülkiyyət sənədini obyektiv səbəblərdən bugünədək ala bilməmişdir. Halbuki, “Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən sözügedən torpaq sahəsi üzərində 1998-ci ildən etibarən onun əvəzsiz mülkiyyət hüququ yaranmış, sadəcə olaraq o, bu hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. O, bir müddət əvvəl sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi üçün aidiyyəti üzrə cavabdehə müraciət etsə də, sonuncu 13 may 2022-ci il tarixli, **********01 saylı cavab məktubu ilə onun qeyd olunan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatının aparılmasından imtina etınişdir. Bunu cavabdeh onunla əsaslandırmağa çalışmışdır ki, ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində guya istinadlar yoxdur, torpağın 240 kvadrat metr hissəsi başqa şəxsin adına verilmiş şəhadətnamə ilə üst-üstə düşür, həmçinin istifadəsində əlavə 132 kvadrat metr torpaq sahəsi mövcuddur. Hesab edir ki, cavabdeh sözügedən əsaslarla onun istifadəsində olan torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatım aparmaqdan imtina etməklə aşkar qanun pozuntusunu yol vermişdir. Belə ki, ölkədə həyata keçirilmiş torpaq islahatı nəticəsində sözügedən torpaq sahəsi onun əvəzsiz mülkiyyətinə verilmişdir. Məlum olduğu kimi,“Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağlarının, döviət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli,534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan) torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Göründüyü kimi istinad etdiyi normativ xarakterli qanunvericilik aktlarına əsasən sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatı həyata keçirilməli idi. Ona ayrılmış torpaq sahəsi hər tərəfdən hasara alınmış və bugünədək həmin torpaq sahəsinə dair hər hansı şəxs tərəfindən iddia da edilməmişdir. Bu hal torpağın başqa şəxsin torpağı ilə üst-üstə düşməsi barədə cavabdehin bildirdiklərini təkzib edir. Əgər texniki sənədlərdə belə bir hal mövcuddursa, bu cavabdehin sənədləşmə zamanı yol verdiyi səhvlərdən qaynaqlana bilər ki, bu da onun faktiki istifadə etdiyi torpaq üzərində hüququnun qeydiyyatını əngəlləyə bilməz. Eyni sözləri cavabdehin ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisində guya istinadların olmaması dəlilinə dair şamil etmək olar. Çünki ona ayrılmış torpaq sahəsi ilkin vəziyyətdə bugünədək onun istifadəsindədir və həmin torpağın konfiqurasiyası sonradan hər hansı dəyişikliyə uğramamışdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində (perimetrik ölçüləri yoxdur, konfiqurasiyası ilə sxem fərqlidir) istinadlar olmadığından sənəd üzrə olan sahəni təyin etmək mümkün deyildir və torpaq sahəsinin 240.0 kv.m hissəsi JN-5519 saylı şəhadətnamə ilə üst-üstə düşür. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzlərində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 2080 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti, miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər arasında xx.xx.2022-ci ildə ölmüş atası X2 adına vərəsəlik işi açılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə otofoto təqdim edilmişdir ki, burada iddiaçının istifadəsində olan sahənin 732 kv.m olduğu qeyd edilmişdir. Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1933 nömrəli sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Sərəncama əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə faktiki istifadə etdiyi 600 kvadrat metr torpaq sahəsi fərdi yaşayış evinin tikilisi üçün X2 istifadəsinə ayrılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/944 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Faktiki sahəsi 732.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində (perimetrik ölçüləri yoxdur konfiqurasiyası ilə sxem fərqlədir) istinadlar olmadığından sənəd üzrə olan sahəsi təyin etmək mümkün deyildir və torpaq sahəsinin 240.0 kv.m hissəsi JN-5519 saylı şəhadətnamə ilə üst-üstə düşür. Həmçinin əlavə 132 kv.m torpaq sahəsi istifadədir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimat: 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs, istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçı Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1933 nömrəli sərəncamına istinad edərək, həmin sərəncamla atasına ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə faktiki istifadə etdiyi 600 kvadrat metr torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsi tələbini irəli sürmüşdür. Cavabdehin etirazında (imtinasında) qeyd etdiyi vahid elektron kadastr baza məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində (perimetrik ölçüləri yoxdur konfiqurasiyası ilə sxem fərqlədir) istinadlar olmadığından sənəd üzrə olan sahənin təyin etməyin mümkün olmaması, torpaq sahəsinin 240.0 kv.m hissəsinin JN-5519 saylı şəhadətnamə ilə üst-üstə düşməsi və həmçinin əlavə 132 kv.m torpaq sahəsinin istifadə olması dəlillərinə münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin cizgisisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisində koordinat və perimetrik ölçülərin olmaması iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Məhkəmə cavabdehin digər dəlilinə-240.0 kv.m hissəsinin JN-5519 saylı şəhadətnamə ilə üst-üstə düşməsi və həmçinin əlavə 132 kv.m torpaq sahəsinin istifadə olmasına münasibətdə qeyd edir ki, nə cavabdeh tərəfindən, nə də ekspert tərəfindən sərəncamla nəzərdə tutulan 600 kv.m torpaq sahəsinin harada yerləşməsi müəyyən edilmədiyindən əlavə istifadədə qeyd edilən 132 kv metr sahənin digər şəhadətnamə ilə üst-üstə düşən 240 kv.m sahəyə aid olması istisna edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının faktiki istifadə etdiyi 732 kv.m sahədən digər şəxsin sərəncamında olan 240 kv.m çıxılmaqla cavabdeh tərəfindən iddiaçının hüquqları təmin edilə bilərdi. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası 492 (732-240) kv.m hissədə qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1933 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 83 nömrəli evin yanındakı sahədə ayrılmış 492 kv.m. (732 kv.m. sahədən 240 kv.m. üst-üstə düşən hissə çıxılmaqla) torpaq sahəsinı mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 1933 nömrəli sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi 83 nömrəli evin yanındakı sahədə ayrılmış 492 kv.m. (732 kv.m. sahədən 240 kv.m. üst-üstə düşən hissə çıxılmaqla) torpaq sahəsinı mülkiyyət hüququnun X3 məxsus olması barədə arayışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-652/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-652/2024
06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver