Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6520/2025 30.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati mübahisələrə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X11u, 20 saylı evin 368 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, **********36 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, mərhumun vərəsələrindən birinin qeyd olunan mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri ilə (vərəsəlik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu və arxiv arayışı əlavə olunmaqla) “ASAN xidmət” mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X11un, 20 saylı evin 368 saylı mənzili üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal massivi, X11u, ev 20, mənzil 368 ünvanda yaşayır. Mənzilin sahibi anası X3r. Mənzilin sənədi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş order 027222 nömrəli sənədidir. Mənzili aldıqları 2008-ci ildən eyni ünvanda hər ikisi pasport qeydiyyatına düşmüşlər. İddiaçının anası 13 dekabr 2013-cü ildə rəhmətə getmişdir. O, 1988-ci ilin 20 dekabrında Azadlıq prospekti 146/148, mənzil 60 ünvandakı evini X1 saxta nikah yolu ilə satın almışdır. Nikahlarının bağlandığı tarixdən dərhal sonra X5 Azərbaycanı tərk etmişdir. Azərbaycan SSR-nin dövründəki ev alqı-satqı sənədləşdirilməsindən doğan çətinliklərə görə anası saxta nikah yoluna baş vurmuşdur. 3 saylı MTK-ya məxsus yaşayış binasının əksəriyyəti azərbaycanlı qonşuları öz mənzillərini bu yolla ermənilərdən alqısatqı etmişlər. Anası bu evi 2003-cü ildə sataraq başqa mənzil almışdır. Ən son aldığı mənzil isə hər ikisi pasport qeydiyyatında olduğu 20,2 kvadrat metr sahəli bir otaqlı mənzildir. Asan Xidmət-Notariusa vərəsəlik açdırmaq üçün müraciət etsə də, anasının sənəd üzərindəki evliliyinə görə tək varis sayılmır. Cavabdehin “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə təqdim etdiyi etirazında bildirmişdir ki, hüquq sahibi ilə iddiaçı arasında əlaqəli sənəd (vərəsəlik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu) əlavə olunmaqla “ASAN xidmət” mərkəzlərinə müraciət ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin sənəd üzrə sahəsinin 20.2 kv.m qeyd edilsə də, faktiki yaşayış sahəsinin 22.8 kv, ümumi sahəsinin isə 44.1 kv.m təşkil etdiyi məlum olmuşdur. Qeyd olunanlarla yanaşı orderin arxiv arayışı sənədlər toplusuna əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2008-ci il tarixli 5b nömrəli protokolu ilə "xxxx" MTK üzvü X4 order verilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 243 saylı sərəncamından çıxarışdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının xx.xx.2008-ci il tarixli 5b nömrəli protokolu təsdiq edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının 027222 nömrəli, xx.xx.2008-ci il tarixli orderindən görünür ki, Bakı şəhəri, Yeni Yasamal massivi, X11u, ev 20 ünvanında giriş 4, mərtəbə 15-də yerləşən 20.2 kv.m sahəsi olan 1 otaqlı 368 saylı mənzil yaşamq üçün X4 verilmişdir. AZ-İ 661848 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2013-cü ildə ölmüşdür. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 72 nömrəli arayışından görünür ki, X6 həqiqətən xx.xx.2013-cü il tarixinədək övladı İddiaçı ilə Bakı şəhəri, Yasamal rayonu, X11 küçəsi bina 20, blok 4, 15-ci mərtəbə ünvanda yerləşən 368 saylı mənzildə yaşamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-12684 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X11u, ev 20, mənzil 368 ünvanında xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, 01,03.2016-cı il təvəllüdlü X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 14 may 2025-ci il tarixli sorğuya cavab məktubdan görünür ki, İdarənin mütəxəssisi tərəfindən sözügedən ünvana yerli baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən mənzil 18 mərtəbəli binanın 15-ci mərtəbəsində yerləşir (giriş -4 (14); qapı 5). Mənzilin faktiki ümumi sahəsi 44.1 kv.m, yaşayış sahəsi 22.8 kv.m olmaqla 1 (bir) otaqdan ibarətdir. İddiaçı hazırda yuxarıda qeyd edilən sənədlərə istinad edərək, 368 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, xx.xx.2009-cü il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 115-ci maddəsinə görə mənzil-tikinti kooperativi üzvlüyünə qəbul edilmiş şəxsə kooperativ üzvlərinin ümumi yığıncağının rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq olunan qərarı əsasında ailə üzvlərinin sayına, onun verdiyi pay haqqının məbləğinə və mənzil-tikinti kooperativinin Nümunəvi nizamnaməsində nəzərdə tutulmuş ən yüksək mənzil sahəsi həddinə uyğun olaraq bir və ya bir neçə otaqdan ibarət ayrıca mənzil verilir. Mənzil-tikinti kooperativi evində mənzillərə köçmək üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Sovetinin icraiyyə komitəsi order verir. Order verməkdən imtina edildikdə məhkəməyə şikayət edilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-cü maddəsinə əsasən mənzil (mənzil-tikinti) kooperativinin mənzilinin kooperativ üzvünün mülkiyyətinə keçməsi üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışı əsasında texniki inventarlaşdırma orqanı bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş qaydada müvafiq sənəd verir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İstinad olunan normalardan görünür ki, xx.xx.2009-cu il tarixədək Mənzil-tikinti kooperativi fondundan mənzil əldə etmiş şəxs həmin mənzili özəlləşdirmək üçün pay hüququnun tam ödənilməsi barədə həmin mənzil kooperativinin idarə heyətinin arayışını təqdim etməlidir. Əgər şəxs daşınmaz əmalak mülkiyyət hüququ qeydə alınmadan vəfat edərsə, qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir. İşdən görünür ki, iddiaçı hazırda anasına verilmiş 368 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, mərhum R.Həsənovanın qanun və ya vəsiyyət üzrə vərəsəsi olması barədə sənədi, həmçinin R.Həsənova tərəfindən pay hüququnun tam ödənilməsi barədə mənzil kooperativinin idarə heyətinin arayışını nə cavabdehə, nə də məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə tələb olunan sənədləri cavabdehə təqdim etmədiyindən cavabdehin imtinası qanuni olmuş, bu imtina onun hüquqlarının pozulmasına səbəb olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə Qanunun bu normasının imperativ tələb olduğunu, şəxsin hüququnun qeydə alınması üçün həmin normada nəzərdə bütün sənədlərin eyni anda təqdim edilməsinin mütləq şərt olduğunu, işin hazırkı halında təqdim edilməsi zəruri olan bütün sənədlərin təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası iddiaçının hüquqlarının pozulması kimi qiymətlənirilə, iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən yeni sübutlara (vərəsə olmasına dair sənədə və sair) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-6520/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6520/2025
30.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver