Məhkəmə qərarları › İş №2-1(112)-6521/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6521/2025

06.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6521/2025 06.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (3-cü şəxs: Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “əlilliyin təyin olunması ilə əlaqədar göndərişin tərtib edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi”tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-ya qarşı “forma 88 alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Cavabdeh və Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh əsl cavabdeh 12 №-li şəhər poliklinikası ilə əvəz edilmiş, iddia tələbi “əlilliyin təyin olunması ilə əlaqədar göndərişin tərtib edilərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsini cavabdehə həvalə edilməsi” formada icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilk dəfə 1991-ci ildə mədənin 3/2 hissəsi ilə əməliyyat olmuş, sonra bu diaqnozla Sabunçu xəstəxanasında müalicə olmuşdur. 2017-ci ilin aprel ayına kimi əlil statusuna malik olmuşdur. 2022-ci ildə bir neçə obyektiv səbəbdən vaxtında tibbi komissiyadan keçə bilməmişdir. Bir neçə ildən sonra iddiaçı yenidən 088 arayışı almaq üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təminindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etirazda qeyd edilir ki, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək İİ dərəcə əlillik almışdır. Diaqnoz: “Onikibarmaq bağırsağının xorası. Mədənin Bilrot İİ usulu ilə 2/3 hissəsinin rezeksiyasından sonrakı vəziyyət. Reflüks ezofagit, səthi qastrit digər oynaqların postravmatik artrozu, sol dirsək oynağının postravmatik deformasiya edici osteoarterozu Qastrit və doudenit Dispepsiya. xx.xx.2022-ci il tarixində xəstəyə forma 88 yazılaraq TSEK-ə göndərilib, lakin xx.xx.2022-ci il tarixində imtina edilib. xx.xx.2024-cü il tarixində vətəndaş poliklinikanın HMK iclasında iştirak etmişdir. Həkim-cərrah tərəfindən müayinə edilmiş, xəstənin bədən kütlə indeksi meyarlarına uyğun olmamışdır. Son 5 il ərzində statisonar müalicə almadığı üçün xəstəyə stasionar müalicə alınması tövsiyə olundu, lakin xəstə müalicə almaqdan imtina etmişdir. xx.xx.2025-ci il tarixində vətəndaş ilə əlaqə saxlanıldı, lakin 6 ay öncə müayinədə olduğunu bildirdi və təkrar müayinədən imtina etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əlillik məlumatlarından görünür ki, iddiaçıya xx.xx.2017-ci il tarixindən 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin olunmuşdur. Diaqnoz: “Onikibarmaq bağırsağının xorası. Mədənin Bilrot İİ usulu ilə 2/3 hissəsinin rezeksiyasından sonrakı vəziyyət. Reflüks ezofagit, səthi qastrit digər oynaqların postravmatik artrozu, sol dirsək oynağının postravmatik deformasiya edici osteoarterozu Qastrit və doudenit Dispepsiya” “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxs tərəfindən verilmiş ekspert rəyindən görünür ki, iddiaçı ezodaqoqastroduodenoskopiya müayinəsindən keçirilərkən ona “Mədənin 2/3 hissəsinin Bilrot 2 üsulu ilə rezeksiyasından sonrakı vəziyyət, anastomozit, kataral ezofagit, DYBD yırtığı əlamətləri” endo diaqnozu müəyyən edilmişdir. Onun məhkəmə-tibbi müayinəsi zamanı boyu 170 sm, çəkisi 93 kq (paltarlı), 2 kq paltara çıxıldıqdan sonra çəkisi 91 kq, BÇK 31. Cavabdeh tərəfindən tərtib olunmuş 88 göndərişi TSEK-ə göndərilərkən “Əsas xəstəlik: K26.0-12 barmaq bağırsağın xorası, mədənin Bilrot üsulu ilə 2/3 hissəsinin rezeksiyasından sonrakı vəziyyət. Yanaşı xəstəliklər: M24.5oynaqların kontrakturası, sol yuxarı ətrafın hərəkət məhdudluğu, R45.0-əsəbilik, astenonevrotik sindromu” diaqnozunun qeyd edilməsi göstərilmişdir. Diaqnoz hazırda əlillik təyinatına əsas vermir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı əlilliyin müəyyən olunması məqsədilə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və nəticə etibarilə müvafiq göndərişin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh həmin müraciətin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya 088 nömrəli forma üzrə göndərişin verilməsi üçün stasionar müalicə alması tövsiyə olunmuş, lakin iddiaçı stasionar müalicə almaqdan imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, tibbi-sosial ekspertiza müayinəsinə göndərişin hansı hallarda tərtib olunmalı olması ilə bağlı meyarlar “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” ilə tənzimlənir. Həmin meyarlardan birinə əsasən, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan artıq ambulator və ya stasionar müalicə almasına baxmayaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və bu səbəbdən şəxsin cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının mövcudluğu tələb olunur. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən məhz stasionar müalicə alma zəruriliyini əsas gətirmişdir. İş materiallarından isə müəyyən olunur ki, iddiaçı son illər ərzində stasionar müalicə almamışdır. İddiaçı mütəmadi olaraq həkim müayinəsindən keçdiyini bildirsə də, həmin hal özlüyündə onun müvafiq tibbi müalicə alması faktını təsdiq etmir və müalicə prosesinin aparılması kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün yalnız əlilliyə səbəb ola bilən diaqnozların mövcudluğu deyil, eyni zamanda “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.5-ci bəndində nəzərdə tutulmuş şərtlərin də mövcudluğu zəruridir. Hazırkı iş üzrə həmin şərtlərin mövcudluğu müəyyən olunmadığından, cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Bununla yanaşı, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq, iddiaçıda mövcud olan xəstəliklərin ona əlilliyin təyin edilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (Forma 088) verilməsinə əsas yaradıb-yaratmadığını müəyyən etmək üçün məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmə üçün mötəbərliyi şübhə doğurmayan ekspert rəyindən müəyyən olunur ki, iddiaçıda mövcud olan xəstəliklər əlilliyin təyin edilməsi üçün əsas təşkil etmir. Belə ki, ekspert rəyində iddiaçının boy və çəki göstəriciləri nəzərə alınmaqla bədən kütlə indeksi (BKİ) göstəricisinin 31 olduğu müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən isə bu göstərici əlilliyin təyin edilməsi üçün əsas hesab edilmir. Həmin Meyarların 3.2.5-ci bəndinə görə yalnız aşağıdakı ağırlaşmaların mövcudluğu hallarında əlilliyin müəyyən olunması məsələsinə baxıla bilər: - mədənin hissəvi rezeksiyası və ya total qastroektomiya əməliyyatından sonra həzm funksiyasının mülayim pozulması, orta dərəcəli əməliyyat olunmuş mədə sindromu ilə müşayiət olunan qastroenteroanastomoz (dempinq sindromu və ya gətirici bağırsaq ilgəyi sindromu), nazik bağırsağın residivləşən xoraları, İİ dərəcəli zülal-enerji çatışmazlığı (BKİ 16,0–17,5) və anemiya ilə müşahidə olunan hallar; - mədənin total qastroektomiya əməliyyatından sonra həzm funksiyasının ifadə olunmuş (ağır) dərəcədə pozulması, ağır dərəcəli əməliyyat olunmuş mədə sindromu ilə müşayiət olunan qastroenteroanastomoz (dempinq sindromu və ya gətirici bağırsaq ilgəyi sindromu), nazik bağırsağın residivləşən xoraları, İİİ dərəcəli zülal-enerji çatışmazlığı (BKİ 16,0-dan aşağı) və anemiya ilə müşahidə olunan hallar. Hazırkı iş üzrə isə iddiaçıda göstərilən ağırlaşmaların mövcudluğu müşahidə olunmur. Bu səbəbdən də cavabdeh inzibati orqanın göndərişin tərtib edilməsindən imtina etməsi əsaslıdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-730/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası şikayətin həmin dəlilləri ilə bağlı qeyd edir ki, əvvəla, iddiaçının hətta mütəmadi olaraq həkim müayinəsindən keçməsi özü-özlüyündə onun müalicə olunması anlamına gəlmir. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün məhz əlilliyə səbəb ola bilən diaqnozların, həmçinin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5-ci bəndində nəzərdə tutulmuş şərtlərin mövcudluğu tələb olunur. Hazırkı işdə həmin şərtlərin mövcudluğu müəyyən edilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.” Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar