Məhkəmə qərarları › İş №2-1(112)-6522/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6522/2021

28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6522/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı1, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 3-cü şəxs X6 nümayəndəsi və vəkili Vəkil2 oglunun iştirakları ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0,112 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli ilkin qeydiyyatın ləğv edilməsi və bu barədə verilmiş Seriya RX, ******* nömrəli, 02.06.2017-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, habelə cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində X6 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi və bu barədə verilmiş Seriya RX, ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (X5, X11, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Bələdiyyəsi 3-cü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı sərəncamı ilə alqı-satqı qaydasında verilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi, İddiaçı1 Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1330 saylı sərəncamı ilə alqı-satqı qaydasında verilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi, İddiaçı2 Ağabəy qızına və İddiaçı1 qanuni əsaslarla satılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən bitişik torpaq sahələri üzərində X3 vahid mülkiyyət hüququna dair cavabdeh tərəfindən verilmiş seriya RX1070601 №li, 02.06.2017-ci il tarixli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr (0.12 ha) torpaq sahəsinin 600 kv.metr hissəsi Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı Sərəncamına əsasən birgə iddiaçılardan İddiaçı2, digər 600 kv.metr hissəsi isə həmin bələdiyyənin 30 dekabr 2004-cü il tarixli 1330 saylı Sərəncamına əsasən İddiaçı1 satılmışdır. Sonradan məlum olmuşdur ki, bitişik olan həmin torpaq sahəsi (yəni ümumilikdə 0.112 ha) tanımadıqları X3 mülkiyyətinə verilmişdir ki, bu barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı Ərazi İdarəsi təfəfindən verilmiş Seriya RX, ******* №-li, 02.06.2017-ci il tarixli çıxarış mövcuddur. Məsələ ilə bağlı mübahisə açılmış və xeyli müddət ərzində müxtəlif instansiyalara edilən müraciətlər nəticəsində əldə edilmiş sənədlərdən X3 adına çıxarışın verilməsi üçün hüquqverici sənəd qismində Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli sərəncamının olduğu, lakin həmin sərəncamda X3 adına verilməsi nəzərdə tutulan torpaq sahəsinin tamamilə başqa bir ərazidə, yəni Səlyan şossesi “Bibiheybət” qəsəbəsində yerləşən “Köhnə bağ” sahəsində olduğu, sərəncamda torpaq sahəsinin ölçüsünün göstərilmədiyi, habelə torpağın ayrıc sənədi və eskiz layihəsinin (planının) olmadığı, nəhayətdə isə həmin torpaq sahəsinin mübahisə dövründə X5 tərəfindən mübahisədən yayınmaq məqsədi ilə AN seriyalı ******* nömrəli 26.07.2018-ci il tarixli alqı-satqı müqaviləsi (natamam müqavilə) əsasında X1 və sonuncuya Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin 1 saylı Bakı Ərazi İdarəsi təfəfındən RX seriyalı, ******* №-li cıxarış verildiyi müəyyən edilmişdir. İddiaçılar X4 və X8 qarşı "Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın və torpaq sahəsinə dair plan və ölçülərin ləğv edilməsi, torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, orada aparılmış tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair” Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmış, lakin həmin məhkəmənin 06 noyabr 2019-cu il tarixli, 2(009)-330/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 05.03.2020-ci il tarixli, 2(103)- 1421/2020 saylı qərardadı ilə qismən təmin edilərək “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-330/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsinin “X3 adına Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən torpq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi və həmin hissədə mülki iş üzrə icraata xitam verilməsi” qərara alınmış və həmin qərardadla iddiaçılara hazırki tələblə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Eləcə də göstərilən iş üzrə digər bir qərardadla apellyasiya şikayətinin qismən təmin edilməsi, “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-330/2019 saylı, 06 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən “X5 ilə X11 arasında bağlanmış 26.07.2018-ci il tarixli həmin torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair” tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılması” qərara alınmışdır (hər iki qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir). Qeyd edirlər ki, İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda 600 kv.metr torpaq sahəsinin satılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı Sərəncamı, habelə İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, şossesi 32 ünvanda 600 kv.metr torpaq sahəsinin satılmasına dair Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1330 saylı Sərəncamı bu günədək qüvvədədir. Aparılan araşdırmalar zamanı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli sərəncamında X4 ayrılması nəzərdə tutulan torpaq sahəsinin ölçüsünün göstərilmədiyi, habelə torpağın ayrıc sənədinin (planının) olmadığı (habelə sərəncama əlavə edilmədiyi) müəyyən edilmişdir ki, belə olan halda göstərilən şəxsə nəinki iddiaçılara məxsus, hətta hər hansı bir digər torpaq sahəsinin verildiyi sübuta yetmiş hesab edilə bilməz. Ona görə ki, qanunvericiliyə əsasən torpağın istifadəyə, icarəyə verilməsi və ya satılması zamanı ayrıc aktının (planın) olması ən mühüm şərtdir və həmin sənəd olmadığı halda torpaq sahəsi ayrılmış (verilmiş) hesab edilə bilməz. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 1200 kv.metr, torpaq sahəsinin 600 kv.m., hissəsinin Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı sərəncamına əsasən İddiaçı2, digər 600 kv.m., hissəsinin isə həmin bələdiyyənin 30 dekabr 2004-cü il tarixli 1330 saylı Sərəncamına əsasən İddiaçı1 satılması ilə bağlı toplanmış materiallardan görünür ki, həmin torpaq sahələri iddiaçıların adına qanun normalarına müvaflq surətdə sənədləşdirilmiş, eləcə də həmin torpaq sahələrinin təsdiq edilmiş planı mövcuddur. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokuroru K.Mansurovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyul 2017-ci il tarixli qərarında da X12 Rayon İcra Hakimiyyəti Başçısının 11 aprel 1997-ci il tarixli 506 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsinin tamamilə başqa ünvana aid olması öz əksini tapmışdır ki, bu hal həmin iş üzrə aparılan araşdırma zamanı müəyyən edilmişdir. Bir sözlə, iddia üzrə üçüncü şəxslərdən olan X4 münasibətdə qanuni əsasın, yəni torpaq sahəsinin planının mövcud olması faktı bu günədək müəyyən edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 11 aprel 1997-ci il tarixli 506 nömrəli sərəncamı üzrə X4 torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsinə dair heç bir sənəd - sübut olmadığı halda iddiaçılara aid olan torpaq sahəsi cavabdeh tərəfindən tam qanunsuz surətdə göstərilən şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilənlər baxımından cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə 01.03.2021-ci il tarixdə ərizə göndərərək Bakı şəhəri Səbail Bələdiyyəsinin 06 oktyabr 2004-cü il tarixli 208 saylı sərəncamı ilə İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində və Bakı şəhəri Səbail Bələdiyyəsinin 30 dekabr 2004-cü il tarixli 1330 saylı sərəncamı ilə İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda verilmiş 600 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını və iddiaçılara müvafiq çıxarışların verilməsini xahiş etmişlər, müraciət əsasında aparılan “yerində yoxlama işləri” zamanı cavabdehin nümayəndəsi (əraziyə baxış keçirmiş mühəndis), iddiaçılara ayrılaraq satılmış Bakı şəhəri, Salyan şossesi 32 ünvana gələrək torpaq sahəsinə baxış keçirdikdən sonra mübahisəli ərazinin iddiaçılara verilmiş torpaq sahələri olduğunu bildirmişdir. Cavabdeh bu günədək yuxarıda göstərilən 01.03.2021-ci il tarixli müraciətə cavab verməmiş və hüquqlarının qeydə alınması üçün heç bir tədbir görməmişdir. Məhkəmənin 2-1(112)-6522/2021 saylı 17 iyun 2021-ci il tarixli qərardadı ilə X5, X11, Səbail rayon İcra Hakimiyyəti və Səbail rayon Bələdiyyəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmənin 2-1(112)-6522/2021 saylı 30 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi əsasında iddia tələbi “Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0,112 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli ilkin qeydiyyatın ləğv edilməsi və bu barədə verilmiş Seriya RX, ******* nömrəli, 02.06.2017-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, habelə cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində X6 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi və bu barədə verilmiş Seriya RX, ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edəsiniz.” məzmunda icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair 16.06.2021-ci il tarixli etirazında bildirilmişdir ki, İddiaçı1 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə çıxarışın verilməsi barədə 12.05.2017-cı il tarixli ərizə ilə idarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, poçt vasitəsi ilə İdarəyə daxil olmuş ərizəyə əlavə edilmiş sənədlər surətdir. Torpaq sahəsinə dair ləğv edilmiş X10 Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı və əraziyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi ərizəyə əlavə edilməmişdir. Təqdim olunmuş sənədlərdə ərizəçinin soyadında uyğunsuzluq var. Belə ki, sərəncamda soyadı “Fətullayev” şəxsiyyət vəsiqəsində “Fətəliyev” kimi qeyd olunub. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X11) mülkiyyətindədir. Müəyyən edilmiş koordinatlara əsasən ayrılmış torpaq sahəsi Bələdiyyə ərazisinə aid deyil və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi olan X7 **********73 saylı, 03.06.2017-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçı2 Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinə çıxarışın verilməsi barədə 12.05.2017-cı il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, poçt vasitəsi ilə İdarəyə daxil olmuş ərizəyə əlavə edilmiş sənədlər surətdir. Torpaq sahəsinə dair ləğv edilmiş X10 Komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktı və əraziyə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi ərizəyə əlavə edilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi digər fiziki şəxsin (X11) mülkiyyətindədir. Müəyyən edilmiş koordinatlara əsasən ayrılmış torpaq sahəsi bələdiyyə ərazisinə aid deyil və torpaq sahəsinin coğrafi mövqeyini göstərən yerləşmə cizgisi ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi olan X7 **********74 saylı, 03.06.2017-ci il tarixli məktub ünvanlanmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 seriya RX, ******* №-li, 02.06.2017-ci il tarixli çıxarışın ləğv edilməsi ilə bağlı müraciətləri İdarəyə daxil olmamışdır. Məlumat üçün bildiririk ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 0.112 ha torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 11,04.1997-ci il tarixli 506 saylı sərəncamı və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış situasiya planı əsasında X3 adına ********** qeydiyyat nömrəsi ilə, 02.06.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra torpaq sahəsi AN-İ№ ******* nömrəli, 26.07.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2, X6 adına ********** qeydiyyat nömrəsi ilə, 27.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, hazırda sonuncunun mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Həmin Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti. Sonda iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçıların cavabdeh inzibati orqanın qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə cavabdehin hərəkətlərini mübahisələndirməməsinə, eləcə də iddiaçılara müddətin üzürlü səbəbdən buraxıldığını təsdiq edən hər-hansı sənədin təqdim edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə baxmayaraq, iddiaçılar tərəfindən təsdiqedici sənədlərin təqdim edilməməsinə, məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyünə əsaslanaraq iddianın mümkün sayılmaması məsələsinə baxmışdır. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında ərizəyə əlavə olaraq bildirmişdir ki, ölkədə 2019-cu ilin mart ayından “COVİD19” pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edildiyi üçün iddia müddəti ötürülmüş, ötürülmüş müddətin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1, iddiaçıların nümayəndəsi iddianı müdafiə edərək ötürülmüş müddətin bərpa olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etiraz edərək buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddiaçı tərəfindən verilmiş iddia isə mümkün sayılmamalıdır. Hazırki işdən müəyyən olunur ki, iddiaçıların cavabdehə qarşı tələbi “Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 0,112 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli ilkin qeydiyyatın ləğv edilməsi və bu barədə verilmiş Seriya RX, ******* nömrəli, 02.06.2017-ci il tarixli Çıxarışın etibarsız hesab edilməsi, habelə cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində X6 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi və bu barədə verilmiş Seriya RX, ******* nömrəli Çıxarışın etibarsız hesab edilməsi” barədədir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). İddiaçılar cavabdehin torpaq sahəsi üzərində üçüncü şəxsin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və bu barədə verilmiş çıxarışın etibarsız hesab edilməsini tələb edirlər. Mübahisələndirilən qeydiyyat Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamı əsasən aparıldıgı halda iddiaçılar əvvəllcə həmin mübahisələndirilən qeydiyyatın aparılmasının əsasını təşkil edən sənəd kimi sərəncamı mübahisələndirməmişlər. İddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Bu mənada, hazırki iş üzrə mübahisələndirilən qeydiyyatın aparılmasının əsasını təşkil etmiş Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.04.1997-ci il tarixli 506 saylı sərəncamı mübahisələndirilmədən birbaşa qeydiyyatın ləğvinə dair qaldırılmış iddiaya iddiaçıların hüquqi marağı mövcud deyildir. Çünki həmin hüquq müəyyənedici sənəd qüvvədə olduğu halda aktın ləğvini tələb etmək əhəmiyyətsiz olmaqla yanaşı, buna dair ayrıca məhkəmə prosesin aparılmasını da lüzumsuz edir. Məhkəmə həmçinin qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddiaçı inzibati orqanın bundan təxminən 4 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Qeyd olunmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, ölkədə 2019-cu ilin mart ayından “COVİD19” pandemiya ilə əlaqədar karantin rejimi tətbiq edildiyi üçün iddia müddəti ötürülmüş, lakin izahatlarından və işdə olan sənədlərdən görünür ki, iddiaçılar X4 və X8 qarşı “Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın və torpaq sahəsinə dair plan və ölçülərin ləğv edilməsi, torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, orada aparılmış tikililərin cavabdehin hesabına sökülməsi, ərazinin təmizlənməsi və torpaq sahəsinin iddiaçılara təhvil verilməsi tələbinə dair” Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin 06 noyabr 2019-cu il tarixli, 2(009)-330/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Beləliklə də iddiaçıların torpaga dair üçüncü şəxslərin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir, pandemiya dövründə isə elektron qaydada iddia ərizələrinin qəbulu davam etmiş, iddiaçıların inzibati orqanın hərəkətinin mübahasələndirməsinə heç bir əngəl olmamışdır. Mübahisəli məsələyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinin tətbiq edilməsi zəruridir. İstinad edilən qərarda göstərilmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20- 21). “Deryan Türkiyəyə qarşı” iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Lakin iş materiallarından məlum olur ki, iddiaçı mübahisələndirdiyi inzibati orqanın hərəkətindən 4 il müddət keçəndən sonra məhkəməyə müraciət etmiş, müddətin üzrlü səbəblərdən buraxılmasına səbəb olmuş hallar məhkəmə araşdırması zamanı sübuta yetməmişdir. İddiaçının ərizəsində göstərilən hallar isə buraxılmış müddətin bərpa edilməsi üçün əsas ola bilməz. Məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətin iddiaçının təqsiri olmadan buraxılması halları, həmçinin müddətə əməl olunmasına mane olan hallar mövcud olmadığından prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və mübahisələndirilən qərardan şikayət vermə müddəti ötürüldüyündən iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. HAKİM MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar