Məhkəmə qərarları › İş №2-1(112)-6523/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6523/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6523/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdeh 1 saylı Cavabdeheydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər X10 və X3) «iddiaçının ata adının dəyişdirilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 1 saylı Cavabdeheydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər X10 və X3) «iddiaçının ata adının dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1 saylı Bakı Cavabdeheydiyyat şöbəsinə müraciət etmiş və müraciətində onun ata adının dəyişdirərək “İsmayıl oğlu" yerinə “Arzu oğlu" qeyd edilməsini xahiş etmişdir. Şöbənin ərizəçinin müraciətinə 4 may 2021 -ci il tarixli 05/Q-582/15 saylı cavab məktubunda qeyd olunur ki, AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adın və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir, X7 ərizəçini tərbiyələndirilməyi müəyyən edilmədiyindən, ata adının dəyişdirilməsi mümkün deyil. Doğum haqqında şəhadətnamədə qeyd olunan iddiaçının atası X5 30 noyabr 2007-ci il tarixdə “kəskin ürək çatmamazlığı” nəticəsində vəfat etmişdir. Həmin hadisə baş verəndə ərizəçinin 9 yaşı var idi. İki il sonra iddiaçının anası X1 Arzu Afət oğlu ilə tanış olur və rəsmi olaraq nikaha girmədən, lakin bir ailə olaraq, 2009-cu ildən ünvan 1 ünvanında yaşayırlar. Həmin tarixdən ərizəçinin bütün gündəlik xərclərini və təlabatlarını X10 həyata keçirmişdir. X2 Pərvanə İsmayıl qızı ilə nikaha girmədən ailə həyatı yaşamışdır. Övladı İddiaçı bütün xərclərinin (o cümlədən təhsil xərclərini) və tərbiyə edilməsini X10 öz üzərinə götürmüşdür. Bununla bağlı ərizəçi qeydiyyat şöbəsinə müraciət edərək, ata əvəzi olan şəxsin, onu tərbiyyə edən şəxsin adını öz ata adı qrafasında qeyd olunmasını istəmişdir. Şöbə ərizəçinin X10 tərəfindən tərbiyələndirilməsini müəyyən edə bilməmişdir. Lakin belə bir sənəd ümumiyyətlə yoxdur, bir şəxsi digər şəxsi tərbiyələndirilməsini göstərən sənəd ümumiyyətlə mövcud deyil. Cavabdeh imtina məktubunda AR Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adın və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.4-cü bəndinə istinad olunur. Qaydaların həmin bəndində qeyd edilir ki, ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Beləliklə, qanunda yalnız həmin şəxsin razılığ faktı olmasını qeyd edilmişdir, qanunda tərbiyə edən şəxslə bağlı hər hansı bir sənədin tələb edilməsi əks olunmamışdır. Lakin qeydiyyat şöbəsi ata adın verən şəxsin heç razılıq ərizəsini tələb etmədən, iddiaçıya imtina məktubu təqdim etmişdir. Bundan əlavə, həmin Qaydaların 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Göstərilənlərə və AR Mülki Prosessual Məcəlləsinin 8, 9, 14-cü maddələrinə, İPM-in 12-ci maddəsinə, «Dövlət rüsumu haqqında» AR Qanununun 9-cu maddəsinə əsaslanaraq, iddiaçının ata adının “İsmayıl”dan “Arzu”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh və üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə gprə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016-İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 294 nömrəli 14 iyul 2010cu il tarixli tarixli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalarını müəyyən edilməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılmışdır. AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 7.1-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi bu Qaydaya və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 7.2-ci bəndinə görə ad, ata adı və soyad dəyişdirildikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bu barədə akt qeydi tərtib edilməklə qeydiyyat aparılır. AR Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 1.5-ci bəndinə görə adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydaların 3.1-ci bəndinə görə uşağa ata adı atasının adına, valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Qaydaların 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Qaydaların 6.4-cü bəndinə görə ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları şəxsin öz adı və soyadı, habelə atasının adının dəyişdirilməsini onun 18 yaşı tamam olduqdan sonra mümkün sayır və bundan başqa ata adının dəyişdirilməsini “onu tərbiyə etmiş şəxsin razılığı ilə” şərtləndirir. Məhkəmə vuröulayır ki, hazırkı işin hallarına görə İddiaçı onun ata adının “Arzu” göstərilməsini tələb etsə də, X7 onu tərbiyə etməsi nə iddiaçının müraciəti üzrə inzibati icraatda, nə də hazırkı inzibati məhkəmə icraatında müəyyən edilmir. Yetərli sübut olmaması ilə yanaşı, X7 iddiaçının anası X3 ilə nikahda olmaması (iddia ərizəsinə əsasən) və eləcə də başqa şəxslə nikahda olmasının böyük ehtimallılığı (bu halı məhkəmə araşdırmamışdır) məhkəmədə adıçəkilən şəxsin onu tərbiyə etmiş şəxs kimi formal təqdim olunması qənaəti yaradır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüququnun pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 1 saylı Cavabdeheydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər X10 və X3) «iddiaçının ata adının dəyişdirilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 1 saylı Cavabdeheydiyyat şöbəsinə qarşı (üçüncü şəxslər X10 və X3) «iddiaçının ata adının dəyişdirilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar