Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6524/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 127 saylı qərarına əsasən 190 manat birdəfəlik müavinət ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, işsiz kimi 20 dekabr 2019-cu ildə ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” sistemində işsiz kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 saylı qərarı ilə təsdiq olunmuş “Koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən birdəfəlik 190 manat aylıq müavinətin alınması üçün SMS-lə vaxtında müraciət etmişdir. Müraciətinə əsasən ona, SMS-lə bildirilmişdir ki, ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən alınmış məlumata əsasən ərinin pensiya aldığı müəyyən edildiyindən ona birdəfəlik ödənişin verilməsindən imtina edilmişdir.” Onun cavabdehə etdiyi müraciət məktubuna cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli məktubda yuxarıda qeyd edilən əsaslar təkrar göstərilmişdir. O, cavabdehin imtinası ilə razılaşmır. Belə ki, mərhum əri X4 ilə 2012-ci ildə nikaha girmişdir. Mərhum M.H.Məmmədov 24 dekabr 2016-cı ildə “ürək zədələnməsi ilə gedən hipertenziya” xəstəliyindən vəfat etmişdir. Bunu Sumqayıt “Asan Xidmət” Mərkəzi təərfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli, AZ-İİ № 093636 saylı “Ölüm haqqında şəhadətnamə” təsdiq edir. O, ölüm haqqında şəhadətnaməni cavabdehə göndərmişdir. Lakin cavabdeh əsassız bəhanələr gətirərək müavinəti ödəməkdən imtina etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində inteqrasiya edilmiş məlumatlar əsasında sistem tərəfindən aparılmış araşdırma nəticəsində iddiaçının ərinin pensiya aldığı müəyyən edilmiş, bu səbəbdən iddiaçıya həmin Qaydanın 2.3.10-cu yarımbəndinə uyğun olaraq MAS tərəfindən birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-3168/2021 nömrəli qərarı ilə, iddia tələbi qismən təmin edilərək, Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış birdəfəlik ödəmənin xx.xx.2020-ci il tarixədək iddiaçıya ödənilməmiş aylar üzrə ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-302/2021 nömrəli qərardadı ilə, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3168/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş materialları məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuş, iş natamam araşdırılmış, əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmamış, iddianın təmin edilməyən hissəsi bəlli deyil, iddia tələbini dəqiqləşdirməkdə iddiaçıya yardım olunmamışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İddia ərizəsinə yenidən baxılarkən İPM-in 13 və 48-ci maddələrinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2020-ci ilin aprel-may, iyun, avqust ayları üzrə 190 manat məbləğdə birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iddia tələbi “mənə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 2020-ci ilin aprel-may, iyun, avqust ayları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabehə həvalə edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçının birdəfəlik ödəmənin verilməsi ilə bağlı müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən verilmiş cavab məktublarından görünür ki, iddiaçıya bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli, 127 nömrəli Qərarı ilə təsdiq olunmuş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq MEİS-in “Pensiya altsistemindən alınmış məlumatlar əsasında həyat yoldaşının pensiya aldığı müəyyən olunduğu üçün ona birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur. Bununla yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 işsiz kimi qeydiyyatda olduğunu nəzərə alaraq, “Məşğulluq haqqında” Qanuna uyğun olaraq tədbirlər, o cümlədən hal-hazırda Dost Mərkəzində vakant olan haqqı ödənilən ictimai işlər ona təklif olunmuşdur; Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli arayışdan görünür ki, X4 ilə İddiaçı nikah haqqında 07 fevral 2012-ci il tarixdə, 145 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Sumqayıt şəhər Qeydiyyat şöbəsi olmuşdur. X2 ölümü xx.xx.2017-ci il, 80 saylı akt qeydinə əsasən Sumqayıt “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsində qeydə alınmışdır; Sumqayıt “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2016-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 80 nömrə ilə qeyd edilmişdir; X5 Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə işsizlik statusu verilmiş, xx.xx.2020-ci il tarixdə onun işsizlik statusu müvəqqəti dayandırılmış, müvəqqəti dayandırılmanın səbəbi kimi, Fərdi məşğulluq proqramının tərtib olunmasından və (və ya) icrasından imtina etdikdə və yaxud fərdi məşğulluq proqramının icrasına dair hesabatı “İşsizlikdən sığorta haqqında” müəyyən edilmiş müddətdə təqdim etmədikdə göstərilmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının müraciətindən “həyat yoldaşının (ərinin) pensiya alması” əsası ilə imtina etsə də, iş materiallarında bu halı təkzib edən iddiaçının mərhum ərinə məxsus “ölüm haqqında” şəhadətnamə mövcuddur və həmin şəhadətnamədən müəyyən edilir ki, iddiaçının ərinin ölümü, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə, 80 nömrəsi altında qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı məşğulluq alt sistemində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək qeydiyyatda olmuş, o, birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət edərkən, birdəfəlik ödəmə almaq hüquna malik şəxs olmuşdur. Lakin cavabdeh tərəfindən əsassız olaraq onun müraciətindən imtina edilmişdir. Azərbaycan Respublikası “Məşğulluq haqqında” Qanununun 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 07 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. Həmin qaydalara əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə və pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənilir (1.2, 1.3, 1.4, 2.1 və 2.2-ci bəndləri). Həmin qərarın 2.3-cü bəndinə əsasən Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə (2.3.1); əmək pensiyaçılarına (2.3.2); aylıq müavinət alanlara (2.3.3.); aylıq təqaüd alanlara (2.3.4); özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə (2.3.5); işsizlikdən sığorta ödənişi alanlara (2.3.6); peşə hazırlığına görə təqaüd alanlara (2.3.7); 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə(2.3.8); əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara(2.3.9); əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə (2.3.10). “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 149 saylı 25 aprel 2020-ci il tarixli Qərarın 2.3-cü bəndinə 2.3.11- 2.3.15-ci yarımbəndlər əlavə edilmişdir: mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara (2.3.11); mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara (2.3.12); birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara (2.3.13); yaşı 18-dən aşağı olanlara(2.3.14); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydaların 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Həmçinin 2.3.10-cu bəndində, bu Qaydanın 2.3.1-2.3.8, 2.3.11, 2.3.12 və 2.3.15-ci yarımbəndlərində göstərilən şəxslərin əri və ya arvadı kimi qeyd olunması qərara alınmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Yevlax şəhərləri və Abşeron, Cəlilabad, Masallı, Goranboy, Göygöl, Bərdə, Samux, Siyəzən, Xaçmaz rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında” 23 iyun 2020-ci il tarixli, 216 nömrəli və 7 avqust 2020-ci il tarixli 283 nömrəli Qərarları ilə Nazirlər Kabinetinin 2020ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və Qaydası”nə əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsinin birdəfəlik şəkildə həyata keçirilməsi qərara alınmışdır. İşin yuxarıda qeyd olunan faktiki hallarından isə göründüyü kimi, iddiaçı həmin Qaydanın 2.3-cü maddəsində sadalanan ödəmələri almamış və işaxtaran kimi Dövlət Məşğulluq idarəsində qeydiyyata alındığı halda ona Nazirlər Kabinetinin qeyd olunan qərarlarına müvafiq olaraq 2020-ci ilin aprel-may, iyun, avqust ayları üzrə 190 manat məbləğində birdəfəlik ödəmə verilməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya birdəfəlik ödəmənin verilməsi barədə müraciətinin təmin olunmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2020-ci ilin aprel-may, iyun, avqust ayları üzrə “COVİD-19” pandemiyası ilə əlaqədar vətəndaşlara ayrılmış 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6524/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6524/2022
30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver