Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6526/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X6, X30, X31, X26, X16, X32, X4, X20 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı X6, X30, X31, X26, X16, X32, X4, X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evindən X6, X30, X31, X26, X16, X32, X4 və X10 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin (Nizami RPİ) üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evi ona məxsusdur. Həmin evi özü 1967-ci ildə tikmişdir. Həmin həyət evinə dair Bakı Şəhəri Nizami Rayon Keşlə Bələdiyyəsi tərəfindən verilən sənədi var. Lakin bu evə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd-çıxarış yoxdur. Belə ki, X6, X30, X31, X26, X16, X32, X4 və X20 iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsində yerləşən 4/7 D nömrəli həyət evində qeydiyyatdadırlar. Lakin onların heç biri onun evində yaşamırlar və onların həmin evdən istifadə hüququ mövcud deyil. İddiaçı onların mənzilinə necə qeydiyyata düşdüyünü də bilmir. Məhkəməyə müraciət etməkdə məqsədi adları çəkilən üçüncü şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılması ilə bağlıdır. Çünki iddiaçı həmin mənzilə dair hər hansı bir notarial qaydada hərəkət etmək istədikdə həmin şəxslərin notarial razılığını almalı olacaqdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6, X30, X31, X26, X16, X32, X4, X20 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin eyni tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Nizami RPİ-nin və üçüncü şəxslərin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7508/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-3274/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7508/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mümkünsüz sayılmasını onunla əsaslandırmışdır ki, iddiaçı hazırda üçüncü şəxslərin “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakdan qeydiyyatdan çıxarılmasını xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atasına texniki pasport əsasında verilmiş mənzil iddiaçı və qardaşları arasında bölünmüş, Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsi tərəfindən verilmiş hesabat pasportuna əsasən iddiaçıya məxsus pay “ünvan 2 ünvanı ilə qeyd olunmuşdur. Lakin İddiaçı məxsus hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil və “ünvan 2 kimi iddia olunan daşınmaz əmlakın etibarlı ünvanı müəyyən edilmir. İş materiallarına əlavə olunmuş texniki pasport iddiaçının mərhum atasına məxsus olmaqla ünvan 4 ünvanına münasibətdə verilmişdir, iddiaçının atası vəfat etdikdən sonra həmin daşınmaz əmlak (ünvan 4) iddiaçı və qardaşları arasında yalnız şərti olaraq bölünmüş, hazırda iddia olunan ünvan isə səlahiyyətli olmayan orqan (Bakı şəhər Nizami rayon Keşlə Bələdiyyəsi) tərəfindən hesabat pasportunda “ünvan 2 kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi izahında qeyd edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq “mübahisələndirilən mənzilə (həyət evi) dair mərhum atası X5 adına məxsusluq barədə arayışın verilməsi” tələbi ilə müvafiq orqana (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə) müraciət etməli, məxsusluğa dair arayış alındıqdan sonra daşınmaz əmlak paylı mülkiyyətçilər (və ya vərəsələri) arasında razılaşdırılmaqla naturada bölünməklə iddiaçı daşınmaz əmlaka dair etibarlı ünvanla çıxarış əldə edərək hazırki mübahisənin həllinə nail ola bilər. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini mümkün saymamaqla düzgün olmayan nəticyə gəlmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2- (007)2285/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsində “ərizəçilər İddiaçı, X28, X11, X13 və X17 Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X7rşı vəzifəli şəxsin qanunsuz hərəkətlərinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər və Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2-(007)2285/2008 saylı xx.xx.2008-ci il tarixli qətnaməsi ilə ərizəçilərin ərizəsi təmin olunmuş və Bakı şəhəri Nizami RPİ-nin Qeydiyyat və X12 hərəkəti qanunsuz hesab edilmişdir. İddiaçı, X28, X11, X13 və X17 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs, N.Abdullayev küçəsi, 4/7d saylı evə paport qeydiyyatına alınmaları qət edilmişdir. Həmin qətnamə ilə iddia təmin olunarkən məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəs, N.Abdullayev küçəsi, 4/7d saylı evə ayrıca şəxsi hesab açıldığı və iddiaçının istifadə etdikləri yaşayış sahəsinin bütün kommunal xidmət xərclərini ödədikləri müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2-(007)2285/2008 saylı xx.xx.2008ci il tarixli qətnaməsində göstrərilən halları, iddiaçının adına hansı tarixdə şəxi hesab açıldığı və 3-cü şəxslərin həmin şəxsi hesab açıldığı ünvana, yoxsa fərqli ünvana, həmçinin iddiaçıya ünvanla şəxi hesab açıldığı vaxtan öncə və yaxud sonra qeydiyyata alındıqları barədə iş üçün mühüm halları araşdırmamışdır. İPM-nin 87.9-cu maddəsinə əasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli bildirişi ilə iş üzrə inzibati məhkəmə icraatı xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçı, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən aprel 1972-ci il tarixdə ünvan 7 ünvanına dair X5 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixdə “Asan 2” tərəfindən İddiaçı verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, X6 (xx.xx.1995-ci il təvəllüdlü), X30 (xx.xx.2010-cu il təvəllüdlü), X31 (xx.xx.2013-cü il təvəllüdlü), X26 (xx.xx.1964-cü il təvəllüdlü), X16 (xx.xx.1992-ci il təvəllüdlü), X32 (xx.xx.1996-cı il təvəllüdlü), X4 (xx.xx.1965-ci il təvəllüdlü), X20 (xx.xx.1991-ci il təvəllüdlü) Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/7 D ünvanında qeydiyyatdadırlar. İddiaçı, X18, X3, X5 və X8 cavabdeh Nizami RPİ-nin Qeydiyyat və X7rşı “vəzifəli şəxsin qanunsuz hərəkətlərinə” dair ərizəsi üzrə işə baxmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2285/2008 №li iş üzrə çıxartdığı xx.xx.2008-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin olunaraq, Bakı şəhəri, Nizami RPİ-nin Qeydiyyat və X12 hərəkəti qanunsuz hesab edilərək, İddiaçı, X18, X3, X5 və X8 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi, 4/7 D saylı evə pasport qeydiyyatına alınmaları qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyini nəzərə almaqla göndərilmiş məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş: Nizami RPİ-nin 3-13-52/2-5418/25 №li xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, X6 xx.xx.2015-ci il tarixdən, X26 xx.xx.2005-ci ildən, X16 xx.xx.2010-cu il tarixdən, X32 xx.xx.2018-ci il tarixdən, X4 xx.xx.2005-ci ildən və X20 xx.xx.2005-ci ildən ünvan 8 ünvanda qeydiyyatdadırlar. Həmçinin bildirirlər ki, göstərilən şəxslərin sözügedən ünvana qeydiyata alınmasına əsas olmuş sənədlərin arxivdə saxlanılma müddəti başa çatdığından müvafiq qanunvericiliyə uyğun olaraq tərəflərindən yandırılaraq məhv edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil –Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsində yerləşən, 4/7 D nömrəli ev inzibati ərazi bölgüsünə əsasən Birliyin balansında deyildir. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-4528 №li məktubunda göstərilmişdir ki, X6 xx.xx.2015-ci il tarixdən, X31 xx.xx.2015-ci il tarixdən, X26 xx.xx.2005-ci ildən, X16 xx.xx.2010-cu il tarixdən, X32 xx.xx.2018-ci il tarixdən, X4 xx.xx.2005-ci ildən, X20 xx.xx.2008-ci il tarixdən ünvan 9 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyata alınmalarına əsas olmuş sənədlərin saxlanılma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 06 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Nizami RPİ-nin 3-13-52/2-M-5899/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Yaşayış veri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə aşağıdakı hallarda qeydiyyatdan çıxarılır: yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarınn məlumatına əsasən; azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Qeyd olunanları nəzərə alaraq X1, X21, X22, X14, X9, X23, X2 və X10 ünvan 10 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmənin mövqeyi. İşin faktiki hallarından görünür ki, mübahisəli mənzil iddiaçıya məxsusdur və ona məxsus mənzildə qeydiyyatda olan və faktiki yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadığı və istifadə hüquqları olmadığı ünvan üzrə qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, üçüncü şəxslər mübahisəli ünvanda qeydiyyatda olsa da onlar faktiki olaraq həmin ünvanda yaşamırlar və iddiaçı onların əvəzinə əlavə kommunal xərcləri ödəyir. Üçüncü şəxslərin göstərilən ünvanda qeydiyyatda olmaları iddiaçının öz əmlakından istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus evə dair əmlak hüquqları olmayan şəxs olduğundan evin hazırkı sahibi onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, mübahisəli yaşayış sahəsinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1972-ci ildə iddiaçının atasının adına Texniki pasport tərtib olunmuş. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 2001-ci il 1 yanvarınadək tərtib olunmuş texniki pasportlar daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər qismində təsbit edildiyindən, qeyd olunan hal iddiaçının gözlənilən mülkiyyət hüququnun tanınmasını təsdiq edir. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, üçüncü şəxslərdən X6 xx.xx.2015-ci il tarixdən, X31 xx.xx.2015-ci il tarixdən, X16 xx.xx.2010-cu il tarixdən, yəni iddiaçının mübahisəli yaşayış sahəsinə hüquqlarının tanınması haqqında xx.xx.2008-ci il tarixli məhkəmə qətnaməsinin çıxarılmasından sonra qeydiyyata alınmışlar ki, bu hal da iddiaçının hüquqlarının pozulduğunu bir daha təsdiq edir. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və qeydiyyata alına bilərlər. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə NƏTİCƏVİ HİSSƏ İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X6, X30, X31, X26, X16, X32, X4, X10 Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi, ev 4/7 D ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6526/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6526/2025
18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver