Məhkəmə qərarları › İş №2-1(112)-6528/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6528/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6528/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində göstərilməklə kredit müqaviləsinin restrukturizasiya olunması tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh AS-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Azərbaycan Respublikası Mərkəzi Bankı üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə arasında 28 yanvar 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsinin və 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsinin restrukturizasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə onun arasında 28 yanvar 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərti ilə 2200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan “Mercedes Benz C-220” markalı, ** TU *** dövlət qeydiyyat nişanlı avtomobili ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 28 yanvar 2015-ci il tarixli, 078 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa Cavabdeh ASC-nin “Uğur” filialı ilə onun arasında 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik faiz dərəcəsi 22 faiz ödənilmək şərtilə 4200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqavilələri 28 yanvar 2015-ci il tarixdə bağlanıldıqdan bir ay sonra yəni, 21 fevral 2015-ci il tarixdə birinci dəfə, 21 dekabr 2015-ci il tarixdə isə ikinci dəfə Azərbaycan manatı ABŞ dolları qarşısında ucuzlaşaraq dəyər itirmişdir. Lakin buna baxmayaraq hər ay mütamadi olaraq ödənişlər etmişdir. Bank ləğv prosesinə getdikdən sonra həm də bir müddət sağlamlığımda yaranmış problemlərlə bağlı işsiz olduğuna görə ödəniş edə bilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı qəbul edilərkən, Fərmanın onun kredit müqavilələrinə şamil olunması barədə sistemdən çıxarış əldə etmişdir. Bundan sonra Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət edib ödənilməyən kredit məbləğinin restrukturizasiya olunmasını və yeni kredit müqaviləsinin bağlanmasını xahiş etmişdir. Cavabdeh hər dəfə müraciətinin araşdırılıb ödənilməmiş kredit məbləğinin restrukturizasiya edəcəklərini və yeni kredit müqavilələrinin bağlanılacağını bildirsə də, hər hansısa bir nəticəsi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankına və Əmanətlərin Sığortalanması Fonduna etdiyi sonuncu müraciətindən sonra cavabdeh tərəfindən göndərilmiş 28 sentyabr 2020-ci il tarixli, **********526 saylı məktubunda qeyd edilmişdir ki, “sözügedən kredit müqaviləsi üzrə bank qarşısında öhdəliyinizi vaxtında yerinə yetirmədiyiniz üçün borcun məhkəmə qaydasında tutulması məqsədi ilə bank tərəfindən məhkəmədə iddia qaldırılmışdır”. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verib iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı hazırkı iddia tələbi ilə, yəni Cavabdeh ASC ilə arasında 28 yanvar 2015-ci il tarixli, 078 saylı kredit müqaviləsinin və 28 yanvar 2015-ci il tarixli, 079 saylı kredit müqaviləsinin restrukturizasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə eyni cavabdehə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmış, Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)-2685/2021 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçı məhkəmənin 09.03.2021-ci il tarixli, 2-1(112)-2685/2021 nömrəli qərardadında qeyd olunmuş mövqeyi nəzərə almadan təkrar eyni cavabdehə qarşı, eyni predmet və eyni əsasla hazırkı iddianı qaldırmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 45.5.1-ci maddəsinə əsasən iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. - 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç birinin eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməsini, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı həmin prosesin tərəfləri üçün məcburi hüquqi qüvvəyə malik olmaqla eyni tərəflər arasında eyni predmet, eyni əsaslarla yenidən məhkəmə qaydasında mübahisələndirilməsini istisna edir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(112)- 2685/2021 nömrəli qərardadı qanuni qüvvəyə mindiyindən İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən iddiaçı eyni predmet, eyni əsaslarla məhkəməyə müraciət edə bilməz. Ona görə də İddiaçı hazırkı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar