Məhkəmə qərarları › İş №2-1(112)-6530/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6530/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6530/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı ( ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində 30 kv.m ölçülü torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 846 saylı “torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına əsasən Sabunçu rayon İcra hakimiyyətinin xx.xx.1998-ci il tarixli B17 saylı məktubu nəzərə alınaraq, 2-ci Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 2 saylı evdə yaşayan, Qarabağ müharibəsi veteranı İddiaçı Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində dərzi sexinin tikintisi üçün 30 kv.m torpaq sahəsi ayrılmışdır. Sözü gedən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona çıxarışın verilməsi üçün AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 14 aprel 2021ci il tarixli imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış, həmçinin qeyd edilən torpaq sahəsinə dair ayrıc aktı təqdim edilməmiş və torpaq sahəsinin sərhədləri şərtidir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə etiraz daxil olmuşdur. Etirazda bildirilir ki, İddiaçı Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində 30 kv.m ölçülü torpaq sahəsi üzərində onun -İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbi ilə bağlı xx.xx.2021 -ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Həmçinin, qeyd edilən torpaq sahəsinə dair ayrıc aktı təqdim edilməyib və torpaq sahəsinin sərhədləri şərtidir. Odur ki, torpaq sahəsi dövlət əmlakı olduğundan müvafiq icra hakimiyyəti orqanı ilə icarə müqaviləsi bağlanılması məqsədəuyğundur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********83 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24-cü bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********83 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində yerləşən 30 kv.m ölçülü torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı ərizəsinə baxılmış, aparılmış araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə baxış keçirmək və texniki çölölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış, həmçinin, qeyd edilən torpaq sahəsinə dair ayrıc aktı təqdim edilməmiş və torpaq sahəsinin sərhədləri şərtidir. Odur ki, torpaq sahəsi dövlət əmlakı olduğundan müvafiq icra hakimiyyəti orqanı ilə icarə müqaviləsinin bağlanılması tövsiyə edilmiş, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməli olduğu bildirilərək ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı iddia tələbinin yeganə əsası olaraq , Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 846 saylı “torpaq sahəsinin ayrılması haqqında” Sərəncamına istinad etməklə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində yerləşən 30 kv.m ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dair dövlət reyesterində çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. İş materiallarına əlavə edilmiş “torpaq sahəsinin ayrılması haqqında” Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 846 saylı Sərəncamından görünür ki, Sabunçu rayon İcra hakimiyyətinin xx.xx.1998-ci il tarixli B17 saylı məktubu nəzərə alınaraq, 2-ci Zabrat qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 2 saylı evdə yaşayan, Qarabağ müharibəsi veteranı İddiaçı Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində dərzi sexinin tikintisi üçün 30 kv.m torpaq sahəsinin ayrılması qərara alınmış, sifarişçiyə aşağıdakılar: layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin tapşırığının yerinə yetirilməsi; sahənin yerində qəbul edilməsi, qorunması və onun sanitar vəziyyətinə nəzarət edilməsi; ərazinin və obyektin memarlıqplanlaşdırılmasının eskiz həllini layihələşdirmə ərəfəsində Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması; layihə təşkilatı layihə-axtarış işləri apararkən inşaat pasportunda göstərilməmiş mühəndis kommunikasiyaları aşkar edərsə baş plan işlənməzdən əvvəl həmin kommunikasiyaların köçürülməsini razılaşdırmaq üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinə məlumat verilməsi; torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalı, obyektin tikintisinə ayrılmış torpaq sahəsinin inşaat pasportu alındıqdan və layihə-smeta sənədləri Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırdıqdan sonra başlanılması və.s tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının İ müavini tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, iddiaçının məsələsilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2020 ci il tarixli V-8/2-149 saylı məktubla Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunmuşdur. Bununla bağlı Memarlıq və Şəhərsalma Bas İdarəsinin RİH-nə ünvanladığı xx.xx.2020-ci il tarixli 03/03-275 saylı cavat məktubunda bildirilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikint Məcəlləsinə uyğun olaraq sözügedən qeyri-yaşayış obyektinin yuxarıda qeyd olunan ərazidə yerləşdirilməsinin mümkünlüyünə dair işlənilmiş şəhərsalma əsaslandırılması və həmin məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulan sənədlər tam tərkibdə müvafiq qaydada təqdim edildikdən sonra qaldırılan məsələyə Bakı Şəhər Memarlııq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxılacaqdır. Məhkəmə araşdırması dövründə İddiaçı adına torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1998-ci il tarixli, 846 saylı sərəncamının, həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında Bakı şəhər İcra Hakimiyyətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti 11 iyun 2021-ci il tarixli, 7-1902/17 saylı məktubuna əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1998-ci il tarixli, 846 saylı sərəncamının təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmiş, sorğuya cavab məktubunda həmin sərəncama əsas olmuş heç bir sənədin əlavə edilmədiyi qeyd edilmişdir. Beləliklə işin hallarından görünür ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində yerləşən 30 kv.m ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair dair dövlət reyesterində çıxarışın verilməsini tələb etsə də, lakin həmin torpaq sahəsinə dair nə Ayrıc aktını, nə Dövlət aktını nə də hazırki qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı ilə arasında bağladığı icarə müqaviləsini inzibati orqana, o cümlədən məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı məhkəmə eyd edir ki, iddiaçıya torpaq ayrılan zaman qüvvədə olmuş 09 noyabr 1991-ci il tarixli qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 30-cu maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirildiyi, dövlət aktının formasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildiyi nəzərdə tutulmuşdur. O cümlədən Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 01 fevral tarixli 81 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi haqqında Əsasnaməsinin 8.7-ci maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnun və digər hüquqların dövlət qeydiyyatının, dövlət torpaq reyestrinin aparılması; 9.27-ci maddəsinə əsasən torpaq üzərində mülkiyyət hüququnu, digər hüquqları dövlət qeydiyyatına alıb rəsmiləşdirmək, torpaq mülkiyyətçilərinə və istifadəçilərinə bu hüquqları təsdiq edən müvafiq dövlət aktlarını vermək Dövləttorpaqkomun funksiyalarına aid edilmişdir. Göründüyü kimi münasibətlərin mövcud olduğu qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq torpaq üzərində mülkiyyət hüququ Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi tərəfindən verilən dövlət aktı əsasında rəsmiləşdirilirdi. Həmin sənəd dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində torpaq üzərində qeydə alınmış hüququ təsdiq edən hüquq müəyyənedici sənəd hesab olunurdu. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0, 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən «Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir», 5-ci bəndinə əsasən «Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir», 6-cı bəndinə əsasən «Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir», 8-ci bəndinə əsasən «Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir». Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək vurğulayır ki, iddiaçıya Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən müvafiq ərazidə 30 kv.m torpaq sahəsi ayrılarkən onun hüquqları keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi tərəfindən verilən müvafiq dövlət aktı ilə rəsmiləşdirilməli idi. Halbuki, məhkəmə araşdırması zamanı qeyd olunan sərəncam üzrə iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq rəsmiləşdirilməsi üçün müvafiq dövlət aktı ilə rəsmiləşdirilməsi müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında müvafiq torpaq sahəsinə mülkiyyət hüququ yaranmır və həmin sənədlər torpaq sahəsinə hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas ola bilməz. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının Bakı şəhər İcra Hakimiyyəti Başçısının 11 sentyabr 1998-ci il tarixli, 846 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Dəmir yolu vağzalının şimal-qərb hissəsində yerləşən 30 kv.m ölçülü torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdeh tərəfindən imtina olunması qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə, iddiaçının tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar