Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6530/2025 17.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı İsgəndər qızının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı İsgəndər qızı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv.m torpaq sahəsinə və üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qəraradı ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi üçüncü şəxs qismində (zəruri cəlbetmə) iş üzrə cəlb edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfindəki 1350 kv metr topraq sahəsi Zabrat Bələdiyyəsi tərəfindən mərhum yoldaşı X2 icarəyə verilmiş, yoldaşı Zahir Heydərov qeyd edilən torpaq sahəsində 555 kv metr dəmir məmulatları istehsal edən qeyri-yaşayış obyekti tikdirmiş və dövlət vergi orqanlarında qeydiyyatda dayanmaqla sahibkarlıq fəaliyyəti göstərmişdir. Yoldaşı xx.xx.2015-ci ildə vəfat etmiş və o, vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 39 saylı Notariat Kontoruna müraciət etmiş və vərəsəlik işi açılmışdır. Vərəsəlik işi ilə bağlı olaraq Notarius tərəfindən cavabdehə sorğu verilsə də cavabdeh qurum cavab verməkdən imtina etmişdir. Cavabdeh quruma hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2019-cu il tarixində digər vərəsə X3 tərəfindən müraciət ünvanlanmışdır. Cavabdeh qurum xx.xx.2019-cu il tarixində icrası mümkün olmayan ərizə ilə imtina məktubu tərtib etmişdir. Bundan başqa cavabdehə torpaq sahəsi və qeyri-yaşayış obyektini sənədləşdirilməsi barədə ərizəyə xx.xx.2024-ci il tarixli imtina məktubunda səhvən digər inzibati mübahisə olan məhkəmə işinin mövcud olmasını bildirmişdir. Halhazırda cavabdehin Dövlət reyestrindən çıxarışın verməməsi nəticəsində sözügedən qeyri-yaşayış obyektinə dair vərəsəlik hüququnu rəsmiləşdirə bilmir. Hər bir vətəndaş qanun və məhkəmə qarşısında bərabərdir. Eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlar nəzərə alınmaqla təmin edilir. Belə ki, işin nəticəsində maraqlı olan vətəndaşların qanuni tələbləri bərabər ödənilir, bütün vətəndaşlara öz maraqlarını məhkəmədə təmsil etmək üçün bərabər imkanlar yaradılır. Prosessual hüquqların bərabərliyinə uyğun olaraq, tərəflər öz hüquq və mənafelərini qorumaq üçün prosessual vasitələrdən istifadə etmək imkanına malikdirlər. Məhkəmə belə imkanlar yaradır. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli imtinasını onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamış və torpaq sahəsinin icarə müqaviləsinin müddəti bitmişdir. Bundan əlavə, torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir. Əlavə olaraq, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv.m torpaq sahəsi ilə bağlı Bakı İnzibati Məhkəməsində 2(112)-14004/2024 saylı məhkəmə mübahisəsi mövcuddur.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar və yerləşmə cizgisi təqdim edilməmiş, həmçinin icarə müqaviləsinin müddəti bitmişdir. Eyni zamanda elektron kadastr baza məlumatına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə ümumi əraziyə Əmlak Məsələləri Dövlət Xidmətinin müraciəti daxil olmuşdur. Qeyd olunanlarla yanaşı qeyri-yaşayış binası ilə bağlı hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bələdiyyə torpaqlarının (yaşayış və qeyriyaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2007-ci il tarixli 399 nömrəli icarə müqavilədə qeyd edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsi ilə X4 arasında İİ Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, 4A-nın yanında yerləşən 1.350 kv metr topraq sahəsinin icarəyə verilməsində dair müqavilə bağlanılmışdır.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Ədliyyə Nazirliyi ünvan 1 ünvanladığı xx.xx.2024-cü il tarixli 145 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1956-cı ildə anadan olmuş X1 xx.xx.2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar onun ölümündən sonra irs qalmış mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 39 saylı notariat ofisinə müraciət daxil olmuş və vərəsələrin ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən xx.xx.1956-cı ildə anadan olmuş İddiaçı miras qoyanın vərəsəsi olması barədə sizə məlumat verilir. Vərəsəlik işinin icrası ilə əlaqədar ünvan 2 ünvanında yerləşən 1350 kv/m torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi xahiş edilmişdir.
8. Cavabdehin təqdim etdiyi daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki sahəsi 560 kv.m təşkil edir. 3 tərəf mişar daşı, 1 tərəf metal tor., həyətdə tikili mövcuddur.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər iştirak etməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
10. İddia tələbi Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv.m torpaq sahəsinə və üzərində inşa edilmiş qeyri-yaşayış obyektinə dövlət reyestrindən çıxarış verilməsidir.
11. Məhkəmə iddia tələbinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi, Məmmədyarov küçəsi, 4A saylı evin yan tərəfində yerləşən 1350 kv.m torpaq sahəsinin və üzərində inşa edilmiş qeyri-yaşayış obyektinin mərhum X2 məxsus olması barədə arayışın verilməsi kimi baxır.
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
17. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəfindən müəyyən edildi ki, Zabrat Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 399 saylı icarə müqaviləsi ilə X2 müvəqqəti istifadə üçün 1350 kv.metr torpaq sahəsi ayrılmışdır. X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 39 saylı Notariat Ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.
19. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
22. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəd (yerləşmə cizgisi) təqdim edilməmişdir.
26. Məhkəmə iş materiallarının nəzərdən keçirərkən xx.xx.2007-ci il tarixli 399 nömrəli icarə müqaviləsində qeyd edilmiş torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən hər hansı bir mötəbər sənədin (yerləşmə cizgisinin) işə əlavə edilmədiyini müəyyən etmişdir ki, torpaq sahəsinə hüquqların qeydiyyata alınması üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi torpaq sahəsinin cizgisinin ərizəyə əlavə edilməsini birbaşa nəzərdə tutur.
27. Cavabdeh imtinasında daha sonra dəlil olaraq qeyd etmişdir ki, torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamış və torpaq sahəsinin icarə müqaviləsinin müddəti bitmişdir.
28. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2007-ci il tarixli 399 nömrəli icarə müqavilənin 6.1-cı bəndində qeyd edilmişdir ki, icarə müqaviləsi xx.xx.2007-ci il tarixdən – xx.xx.2017-ci il tarixə qədər bağlanılır. Göründüyü kimi, iddiaçı icarə müqaviləsinin müddəti bitdikdən sonra, yəni xx.xx.2024-cü il tarixdə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət etmişdir.
29. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, torpaq sahəsinə hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən torpaq sahəsinə və üzərində yerləşən qeyriyaşayış obyektinə dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün çıxarışın verilməsi tələbi təmin edilməməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva