Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6531/2025 17.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 2001-ci ilin yanvar ayının 1-dən 2007-ci ilin sentyabr ayının 18-dək ödənilməmiş əmək pensiyasının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, polis polkovnik-leytenantı İddiaçı, sonuncu xidmət yeri keçmiş Əzizbəyov, hazırkı Xəzər RPİ-nin təşkilati inspektor qrupunun baş inspektoru vəzifəsi olmaqla, DİN-nin xx.xx.2000-ci il tarixli 1259 ş/h saylı əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə təqaüdə çıxmışdır. Dörd ay təqaüd aldıqdan sonra, həmin il 28 dekabr 2000-ci il tarixdən DİN-nin 2044 ş/h saylı əmri ilə DİNnin Polis Akademiyasına müəllim vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin yanvar ayının 1dən 2007-ci ilin sentyabr ayının 18-də DİN-nin 1799 ş/h saylı əmri ilə təkrar təqaüdə buraxıldığı günə kimi olan 6 il 8 ayın təqaüdü bugünədək ona ödənilməyib. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası DİN-nə müraciət etmişdir. Müraciətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsindən xx.xx.2024-cü il tarixli 3-13- 27/2-B-52622/2-1 2024 saylı məktub ilə cavab verilərək bildirilmişdir ki, (məktuba istinad) “DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv-Uçot şöbəsində saxlanılan pensiya işinizdə, ödənilmiş pensiya məbləği barədə heç bir məlumat aşkar edilməmişdir”. İddiaçı xx.xx.2000-ci il tarixdə təqaüdə buraxıldığı dövrdə təqaüd hesablamalarının BŞBPİ-nin maliyyə-plan idarəsi tərəfindən aparılmasını nəzərə alaraq, qeyd olunan xx.xx.2000-ci il tarixdə təqaüdə buraxılanadək son əmək haqqı və həmin dövrdə (xx.xx.2000-ci il tarixli 1259 ş/h saylı əmrə əsasən) ona təyin edilmiş pensiyanın məbləği barədə əsaslandırılmış arayış verilməsi üçün DİN-nin BŞBPİ-nə müraciət etmişdir. Həmin müraciətinə DİN-nin BŞBPİ-nin xx.xx.2024-cü il tarixli 3-13-44/2-13- 15642/33/24 saylı məktubu ilə cavab verilərək bildirilmişdir ki, “Daxili işlər orqanlarının əməkdaşlarının son yaş həddinə görə xidmətdən xaric olarkən təqaüdün hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialında aparıldığından, həmin filiala müraciət olunması tövsiyyə olunur”. Bundan sonra iddiaçı qeyd olunan məsələ ilə bağlı, yəni 2000-ci ilin yanvar ayının 1-dən 2007-ci ilin sentyabr ayının 18-dək olan 6 il 8 ayın təqaüdünün ona ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin filialın 18 dekabr 2024-cü il tarixli 3-17-1/2-B-311924/2024 saylı imtina məktubu ilə müraciətinə aidiyyəti olmayan cavab verilərək bildirilmişdir ki, “Sizə əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində fərdi hesabınızın sığorta hissəsində hər hansı məbləğdə pensiya sığorta kapitalı qeydə alınmadığına görə, əmək pensiyanızın pensiya kapitalına uyğun yenidən hesablanması mümkün deyil”. İddiaçı hesab edir ki, cavabdeh təşkilatın bu imtinası tamamilə əsassızdır. Onun müraciəti 22 sentyabr 2007-ci il tarixdən sonrakı dövr üçün əmək pensiyamın yenidən hesablanması ilə bağlı deyil, 2000-ci ilin yanvar ayının 1-dən 2007-ci ilin sentyabr ayının 18-dək olan 6 il 8 aylıq müddət üçün ödənilməli olan, lakin ödənilməyən pensiya məbləğinin ödənilməsi ilə bağlı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək 01.01,2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial imtina məktubunda bildirmişdir ki, İddiaçı əmək pensiyası təyin edildikdən sonrakı dövr ərzində fərdi hesabının sığorta hissəsində hər hansı məbləğdə pensiya sığorta kapitalı qeydə alınmadığından onun əmək pensiyasının pensiya kapitalına əsasən yenidən hesablanması mümkün olmamışdır. Bundan narazı qalan iddiaçı Ə.Babahyev iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: Bildirilir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 22 sentyabr 2007-ci il tarixdən 48 il 4 ay 18 gün xidmət müddəti üçün təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir (həmin tarixədək əmək fəaliyyəti və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı nəzərə alınmaqla). Sonrakı artımlar nəzərə alınmaqla onun əmək pensiyası 01 yanvar 2024-cü il tarixdən 1958,25 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərinin pensiya təminatı ilə bağlı funksiyaları Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir. Bununla əlaqədar, həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlər Dövlət Sosial Müdafiə Fonduna təhvil verilmişdir. İddiaçının təqdim təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-27/2-B-52622/2-1 2024 nömrəli məktubuna əsasən DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv-Uçot şöbəsində saxlanılan iddiaçının pensiya işində ona ödənilmiş pensiya məbləği barədə heç bir məlumat aşkar edilməmişdir. Bildirilir ki, iddiaçıya ilk dəfə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 22 sentyabr 2007- ci il tarixdən pensiya təyin edildiyindən və əvvəlki dövrlər üzrə DİN tərəfindən ödənilmiş pensiya barədə hər hansı sənəd təqdim edilmədiyindən 2000-2007ci illər üzrə pensiyanın Mərkəzi Filial tərəfindən ödənilməsi mümkün deyil. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünülüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin (nümayəndələrinin) fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini olduğu kimi müdafiə edərək mümkün sayılmasını və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qeyri-mümkün hesab edilməlidir. Belə ki, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında qeyd olunur ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır” (1.1-2.2-ci bəndlər). Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər Ali Məhkəmənin qeyd olunan Plenum Qərarında həmçinin vurğulanır ki, “iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (5.1, 5.2, 6.1 və 6.2-ci bəndlər). İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2000-ci il tarixli əmri ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xx.xx.2000-ci il tarixdən Bakı şəhəri Əzizbəyov Rayon Polis İdarəsinin Təşkilatiinspektor qrupunun baş inspektoru vəzifəsindən azad edilmişdir. İşin araşdırılan halları və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatından müəyyən edilmişdir ki, hazırkı tələb üzrə iddiaçının hüquqi marağı və məqsədi xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə DİN tərəfindən ona ödənilməmiş, lakin ödənilməli olan pensiya məbləğinin hesablanaraq ödənilməsindən ibarətdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli, 499 №-li Fərmanından: “4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinə tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilməsi ilə əlaqədar, həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlərin Dövlət Sosial Müdafiə Fonduna təhvil verilməsini bir ay müddətində təmin etsinlər. 5. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın ki, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə sığorta olunanların fərdi uçotu, əmək pensiyalarının təyini, hesablanması və yenidən hesablanması qaydalarını müvafiq qaydada təsdiq etsin.” Göründüyü kimi müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaları Dövlət Sosial Müdafiə Fondu həyata keçirir, bununla bağlı həmin şəxslərin pensiya təminatına dair müvafiq sənədlər DSMF-yə təhvil verilmişdir. İddiaçı tərəfindən cavabdeh inzibati orqana və məhkəməyə təqdim edilmiş Daxili İşlər Nazirliyinin Maliyyə- Plan İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Arxiv-Uçot şöbəsində saxlanılan iddiaçının pensiya işində ona ödənilmiş pensiya məbləği barədə heç bir məlumat aşkar edilmədiyi bildirilmiş, iddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Həmçinin məhkəmənin müvafiq sorğusu əsasında cavabdeh tərəfindən təqdim edilmiş, İddiaçı pensiya işinə dair sənədlərdən ona yaşa görə əmək pensiyasının ilkin təyinat tarixinin xx.xx.2007-ci il olduğu görünür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ilk dəfə DSMF tərəfindən xx.xx.2007-ci il tarixdən pensiya təyin edildiyindən və əvvəlki dövrlər üzrə DİN tərəfindən ödənilmiş pensiya barədə hər hansı sənəd təqdim edilmədiyindən, bununla da hazırkı cavabdeh tərəfindən sözügedən illər üzrə pensiya məbləğinin ödənilməsi mümkün olmadığından iddiaçının konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur və o, arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir. Belə ki, iddiaçının ehtimal etdiyi hüquqlarının pozulması ilə əlaqədar kompensasiya tələbi ilə aidiyyəti şəxslərə qarşı müvafiq məhkəmədə iddia qaldırmaq hüququ vardır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, aparılmış araşdırma ilə iddiaçı hüquqi marağına uyğun olmayan əlverişsiz iddia növündən istifadə etdiyindən və iş üzrə cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından hazırkı iddianın mümkünlük şərtləri təmin olunmur. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6531/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6531/2025
17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver