Məhkəmə qərarları › İş №2-1(112)-6533/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6533/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6533/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 5.03.1959-cu il təvəllüdlüdür. İddiaçı xx.xx.1978-xx.xx.1982 və xx.xx.1984-xx.xx.1987-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunda təhsil almışdır (7 il 2 ay 20 gün). İddiaçı xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olmuşdur (2 il 1 ay 1 gün). ПT-İ № ******* №-li əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1987-xx.xx.1988, xx.xx.1989-xx.xx.1989, xx.xx.1989-xx.xx.1989, xx.xx.1989xx.xx.1990, xx.xx.1990-xx.xx.1992, xx.xx.1992-xx.xx.1992, xx.xx.1992-xx.xx.1997, xx.xx.1997-xx.xx.2005-сi illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur (17 il 4 ay). Həmçinin iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 11970,14 manat pensiya kapitalı vardır. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin 16 dekabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “...Təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1982-ci il tarixinədək əyani təhsil aldığınız illər, xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla cəmi sığorta stajınız 15 il 5 ay 8 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 11 il 6 ay 17 gün sığorta stajınıza uyğun olaraq 11635,53 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü ii tarixinədək 11970,14 manat olmaqla ümumilikdə 23605,67 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq əyani təhsil aldığınız illərlə (xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək) hərbi xidmətdə olduğunuz müddət (xx.xx.1982-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək) üst-üstə düşdüyü üçün ancaq hərbi xidmət dövrünüz sığorta stajınıza daxil edilmişdir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 01,01.2006-cı i! tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb Əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək “Abadlıq” Kooperativində, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək X8 Bazasında əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli aktına əsasən “Abadlıq” Kooperativi hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyətinizin araşdırılması və sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli müvafiq məktubuna və Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə X8 Bazasının sənədləri mühafizə olunması üçün Nazirliyin arxivinə və Dövlət arxivinə təhvil verilməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək olan dövrün (işdən azadolma qeydləri möhürlə təsdiqlənmədiyindən), xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün (işə daxilolma əmrinin tarixi bazar gününə təsadüf etdiyindən), xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün (həm işə daxilolma, həm də işdən azadolma qeydləri möhürlə təsdiqləndiyindən və təsdiqedici möhür işdən azadolma qeydindən əvvəl vurulduğundan) doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, “Bakı Şəhəri Üzrə Təhsil İdarəsi” ilə qüvvədə olan əmək müqaviləniz olduğundan sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliklə nəzərdə tutulmayıb”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququ yarandığı xx.xx.2024-cü il tarixdən 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 15 noyabr 2024-cü il tarixə 31 il 7 ay 14 gün iş stajı vardır. Pensiya kapitalı tələb olunan pensiya kapitalından azdır. O, pensiya kapitalının tələb olunandan az olması ilə razıdır. Əyani təhsil almağı ilə hərbi xidmət illəri üst-üstə düşdüyü üçün biri götürülür. O, əmək stajını hesablayarkən əyani təhsillə, hərbi xidmət illərini üst-üstə hesablamamışdır. Cavabdeh əmək stajını hesablayarkən diqqətli olmamışdır. Naziliyin elektron informasiya ehtiyyatındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bu halda o, təqsirkar deyil. İşçi olaraq üzərinə düşən vəzifəni həyata keçirmişdir. Bu halda təşkilatın rəhbəri məsuliyyət daşıyır. xx.xx.1992-xx.xx.1997-ci illər üzrə “Abadlıq” Kooperativində, xx.xx.1997- xx.xx.2005-ci illər üzrə X8 bazasında əmək kitabçasında qeyd olunan illər üzrə sənədlər Nazirliyə və Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin illər sığorta stajına daxil edilməsi mümkün deyildir. Sənədlərin Nazirlikdə və Dövlət arxivində saxlanılmaması onun təqsiri deyildir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək kitabçası pensiya təyin edilməsi üçün əsasdır. Həmin dövrün möhürlə təsdiqlənməməsi kadrlar şöbəsinin əməkdaşının birbaşa vəzifəsi olduğundan, mənə aid olmadığından və mənim təqsiri olmadığından bu hissədə də imtinanı əsassız hesab edir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1982- ci il tarixədək əyani təhsil aldığı illər, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla onun ümumilikdə sığorta stajı 15 il 5 ay 8 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 11 il 6 ay 17 gün sığorta stajına uyğun olaraq 11635,53 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 11970,14 manat olmaqla ümumilikdə 23605,67 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq əyani təhsil aldığı illərlə (xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək) hərbi xidmətdə olduğu müddət (xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək) üst-üstə düşdüyü üçün ancaq hərbi xidmət dövrü sığorta stajına daxil edilmişdir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Abadlıq” Kooperativində, xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “X8 BazasTda əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli aktına əsasən “Abadlıq" Kooperativi hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1992-ci il tarixdən xx.xx.1997ci il tarixədək olan əmək fəaliyyətinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2025-ci il tarixdə sorğu verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vegilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış, xx.xx.2025-ci il tarixli 3-21-2-18/2- 29010/2025 nömrəli cavab məktubu nəzərdən keçirilən zaman, iddiaçının işlədiyi “Abadlıq Koorperativi" adı altında fəaliyyət göstərən bir neçə müəssisənin olduğu və həmin müəssisələrin heç birində İddiaçı barədə məlumatın olmadığı qeyd edilmişdir. Məktubda qeyd olunan, həmin adla fəaliyyət göstərən müəssisələrinin heç birinin direktoru qismində adıçəkilən şəxslərin iddiaçı ilə əmək müqaviləsini rəsmiləşdirən şəxslərlə eyniyyət təşkil etməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli müvafiq məktubuna və Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr üzrə X8 Bazasının sənədləri mühafizə olunması üçün Nazirliyin arxivinə və Dövlət arxivinə təhvil verilməmişdir. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə xx.xx.2025-ci il tarixdə e-2-1(112)-6533/2025 nömrəli sorğu verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə ünvanladığı cavab məktubu nəzərdən keçirilən zaman “X8 Bazası" “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Programına" və Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydalarına" uyğun olaraq hərrac vasitəsilə xx.xx.2001-ci il tarixdə əmək kollektivi tərəfindən özəlləşdirildiyini, özəlləşdirmə planında əmək kollektivində güzəştli satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adının aşkar edilmədiyi bildirilmişdir. Verilmiş sorğuya cavabda qeyd olunan siyahıda iddiaçının adının qeyd olunmaması onun “X8 Bazasında xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işləmədiyi barədə əsaslı sübut olaraq nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarr’nın 3.4.cü bəndinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. İddiaçı məxsus əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək olan dövrün (işdən azadolma qeydləri möhürlə təsdiqlənmədiyindən), xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün (işə daxilolma əmrinin tarixi bazar gününə təsadüf etdiyindən), xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün (həm işə daxilolma, həm də işdən azadolma qeydləri möhürlə təsdiqləndiyindən və təsdiqedici möhür işdən azadolma qeydindən əvvəl vurulduğundan) doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmiş və aşağıda qeyd olunanları əsas gətirmişdir: Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli aktına əsasən “Abadlıq” Kooperativi hazırda fəaliyyət göstərmədiyindən və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyətinizin araşdırılması və sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2024-cü il tarixli müvafiq məktubuna və Abşeron rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə X8 Bazasının sənədləri mühafizə olunması üçün Nazirliyin arxivinə və Dövlət arxivinə təhvil verilməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək olan dövrün (işdən azadolma qeydləri möhürlə təsdiqlənmədiyindən), xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün (işə daxilolma əmrinin tarixi bazar gününə təsadüf etdiyindən), xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün (həm işə daxilolma, həm də işdən azadolma qeydləri möhürlə təsdiqləndiyindən və təsdiqedici möhür işdən azadolma qeydindən əvvəl vurulduğundan) doldurulma qaydası pozulduğu üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. Cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövr üzrə X8 Bazasında işlədiyi işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, müəssisəsinin sənədləri mühafizə olunması üçün Nazirliyin arxivinə və Dövlət arxivinə təhvil verilməmişdir Həmçinin xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək olan dövrün (işdən azadolma qeydləri möhürlə təsdiqlənmədiyindən), xx.xx.1992-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan dövrün (işə daxilolma əmrinin tarixi bazar gününə təsadüf etdiyindən), xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrün (həm işə daxilolma, həm də işdən azadolma qeydləri möhürlə təsdiqləndiyindən və təsdiqedici möhür işdən azadolma qeydindən əvvəl vurulduğundan) doldurulma qaydasının pozulduğunu bildirmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 246 yanvar 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X8 Bazası “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na və “Dövlət əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na uyğun olaraq hərrac vasitəsilə xx.xx.2001-ci il tarixdə əmək kollektivi tərəfindən özəlləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 4 mart 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda olan "Abadlıq" kooperativi xx.xx.1995-ci il tarixli 603 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı VÖEN ilə uçota alınmışdır. Dövlət reyestrində hüquqi şəxsin təsisçiləri X5, X6 və X1, rəhbəri X5, hüquqi ünvanı ünvan 2adlıq" kooperativinin (VÖEN: **********) əsas fəaliyyəti növü “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” kimi qeyd olunmuşdur. "Abadlıq" kooperativi (VÖEN: **********) tərəfindən xx.xx.2013-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2017-ci il arixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. 5 saylı Ərazi Vergilər İdarəsində qeydiyyatda Abadlıq kooperativi xx.xx.1994-cü il tarixli 350 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına, xx.xx.2005-ci il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Dövlət reyestrində sözügedən hüquqi şəxsin təsisçisi və rəhbəri X2, hüquqi ünvanı isə ünvan 3rına əsasən Abadlıq kooperativinin (VÖEN: **********) əsas fəaliyyəti növü “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” kimi qeyd olunmuşdur. Abadlıq kooperativi (VÖEN: **********) tərəfindən xx.xx.2013-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdə vergi orqanına təqdim edilmiş arayış əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdə vergi orqanına təqdim edilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2061-ci il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Vergi orqanının informasiya bazasında xx.xx.1992-ci il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövr üzrə əmək müqavilələri barədə məlumat olmadığı üçün İddiaçı qeyd olunmuş dövr ərzində “ABADLİQ" Kooperativi (VÖEN: **********) və ABADLİQ Kooperativi (VÖEN: **********) müəssisələrində işləməsini müəyyən etmək mümkün olmamışdır. Elektron uçot məlumat bazasına əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan "ABADLİQ" Kooperativi xx.xx.1990-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Kooperativin sədri və təsisçisi X3, hüquqi ünvanı isə AZ2514, Göygöl rayonu, Xasabağ Ştq olaraq qeyd edilmişdir. Kooperativin əsas fəaliyyət növü “Dəfn mərasimlərinin təşkili və bununla əlaqədar xidmətlərin göstərilməsi”dir. Kooperativ tərəfindən xx.xx.2012-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2012-ci il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2017-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2072ci il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. Elektron uçot məlumat bazasına əsasən 12 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan "ABADLİQ" Kooperativi xx.xx.1990-cı il tarixdə dövlət qeydiyyatına, xx.xx.2004-cü il tarixdə isə vergi orqanında ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə uçota alınmışdır. Sədri və təsisçisi X4, hüquqi ünvanı isə AZ2521, Göygöl rayonu, Yeni Əlibayramlı olaraq qeyd edilmişdir. Kooperativin əsas fəaliyyət növü “Bitkiçilik sahəsində xidmət göstərilməsi”dir. xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək, xx.xx.2010-cu il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015-ci il tarixdə təqdim edilmiş arayış əsasında xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək sahibkarlıq fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını dayandırmışdır. Hazırda fəaliyyəti aktivdir. Elektron uçot-baza məlumatlarına əsasən "ABADLİQ" Kooperativi (VÖEN: **********) və "ABADLİQ" Kooperativinin (VÖEN: **********) işçilərinin sayı, işçilərinin siyahısında iddiaçının (İddiaçı) adının qeyd edilib-edilməməsi, sonuncunun həmin müəssisədə əmək fəaliyyəti (işlədiyi vəzifə, işə qəbul və işdən çıxma tarixi və s.) və nə qədər iş stajı olması, əmək haqqı alıbalmaması barədə hər hansı məlumat aşkar edilməmişdir İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ş № 2-1(102)-2264/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-582/2023 nömrəli iş üzrə 2-1(102)-473/2023 nömrəli iş üzrə 2-1(102)-1728/2022 nömrəli iş üzrə 2-1(102)-1476/2022 nömrəli iş üzrə 2-1(102)-1180/2022 nömrəli iş üzrə 2- 1(102)-1431/2020 nömrəli iş üzrə qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Məhkəmə qeyd edir ki, əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxs iddiaçı deyil, işəgötürəndir. İddiaçının sözügedən müəssisələrə işə qəbul olması və işdən azad olması barədə əmrin nömrəsi və tarix (il, ay, gün) dəqiq göstərilmişdir. Əmək kitabçasında möhürün vurulması ilə bağlı pozuntuya yol verilməsi iddiaçının məsuliyyət dairəsinə aid edilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.11-ci maddəsinə əsasən əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir. Qüvvədə olan normativ hüquqi aktın tələblərini hazırki iddianın halları ilə müqayisəli şəkildə təhlil etdikdə məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, əmək kitabçasının doldurulmasında iddiaçının hər hansı məsuliyyəti olmamış, iddiaçının əmək kitabçasında işə qəbul edilməsi barədə əmrin nömrəsinin qeyd edilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasını əhatə etmir. Əmək kitabçasında olan bu növ qeyri-müəyyənlik və iddiaçının əmək kitabçasına müdaxiləsi nəticəsində də (tarixlərdə, vəzifədə və ya əmrdə dəyişiklik, düzəliş, qaralama və s.) baş verməmişdir. Belə olanda halda məhkəmə hesab edir ki, əmək kitabçasında əmrin işdə azadolmadan əvvəl vurulması iddiaçının məsuliyyət sferasına aid olmadığından, bu hal üzrə məsuliyyətli şəxs qismində məhz onun işlədiyi müəssisələrin məsul şəxsləri olduğundan, cavabdehin mübahisələndirdiyi dövrlər iddiaçının sığorta stajına daxil edilməlidir. İddiaçının xx.xx.1992-xx.xx.1997-ci illər üzrə “Abadlıq” Kooperativində, xx.xx.1997xx.xx.2005-ci illər üzrə X8 bazasında dövlərlə bğalı qeyd etmək lazımdır ki, həmin dövlər üzrə sənədlərin Kənd təsərrüfatı Nazirliyinə və Dövlət Arxivinə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid olan hal deyil və onun ziyanına təfsir edilə bilməz. Məhkəmə yuxarıda göstərilən hallara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi müddət və təhsil illəri qismən (hərbi xidmət dövrü ilə üst-üstə düşən hissə istisna olmaqla) nəzərə alınmaqla ümumi iş stajı 25 ildən çox olduğundan, bununla da onun yaşa görə əmək pensiyası almaq hüququ yarandığından, cavabdeh əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2024-cü il tarixdən 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar