Məhkəmə qərarları › İş №2-1(112)-6535/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6535/2022

26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6535/2022 26.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “akt qeydində düzəlişin edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon VVAQ şöbəsi tərəfindən qeydə alınan doğum haqqında akt qeydində qeyd olunan uyğunsuzluğa müvafiq düzəlişin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən, Beyləqan rayon VVAQ Şöbəsi tərəfindən qeydə alınan doğum haqqında akt qeydində soyadın “Əlizadə” olaraq qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı, İddiaçı xx xxxxxx 1999-cu ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş və ona xx.xx.1999-cu ildə Beyləqan rayon VVAQ şöbəsi tərəfindən İ-AZ № 002123 nömrəsi ilə qeydə alınmış doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı “Əlizadə” kimi qeyd edilmişdir. Lakin onun doğum haqqında akt qeydində soyadı “Əlizadə” kimi yox, səhvən “Quliyev” olaraq göstərilmişdir. xx.xx.2015-ci ildə 2 saylı Bakı Asan Xidmət Mərkəzi tərəfindən AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsində və xx.xx.2017-ci ildə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş C 01338038 nömrəli xarici pasportda adı, ata adı və soyadı “İddiaçı” kimi qeyd olunmuşdur. Eyni zamanda, xx.xx.2016-ci il tarixində verilmiş Tam Orta Təhsil haqqında A №507951 nömrəli attestatda, xx.xx.2020-ci il tarixində verilmiş Ali Təhsil haqqında C № 062644 nömrəli Bakalavr diplomunda, xx.xx.2021-ci il tarixində BA 021546 nömrəli sürücülük vəsiqəsində də soyadı “Əlizadə” olaraq düzgün yazılış aparılmışdır. Lakin, Beyləqan rayon VVAQ şöbəsi tərəfindən tərtib olunmuş sənədlərdə, yəni doğum haqqında şəhadətnamə və doğum haqqında akt qeydinin hər ikisi ona aid olduğu halda, doğum haqqında akt qeydində soyad olaraq hazırda müvafiq təsdiqedici sənədlər əsasında daşıdığı “Əlizadə” olaraq deyil, “Quliyev” kimi yanlış qeydin aparılması aşkar edilmişdir. Bu cür halla o ASAN xidmət şöbələrində Xaricdə təhsillə bağlı sənədlərin yığılması zamanı bir neçə dəfə problemlə üzləşmişdir. Belə ki, o yalnız həmin vaxt ilkin qeydiyyat sənədlərində soyadının “Quliyev” kimi qeyd olunmasına dair məlumat almışdır. Bu uyğunsuzluğun gələcəkdə şəxsiyyətilə bağlı problemlərə səbəb olmaması üçün müvafiq düzgün düzəlişin aparılmasını zəruri hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən İddiaçı dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilmədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cavabdeh tərəfindən iddiaçıya verilmiş 30 noyabr 2021-ci il tarixli, 3890-05/15 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”-a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İddiaçının doğum haqqında akt qeydində soyadının “Quliyev”dən “Əlizadə”yə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmadığından, ərizənizin icrası cavabdeh tərəfindən mümkün olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. -Beyləqan rayonu VVAQ Şöbəsi tərəfindən 22 mart 1999-cu il tarixdə verilmiş İ- AZ№002123 saylı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxxx 1999cu il tarixdə Beyləqan rayonunun Dünyamallat kəndində anadan olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında 21 mart 1999-cu il tarixdə 33 nömrə ilə qeyd edilmişdir. Atası qrafasında X3, anası qrafasında X1 yazılmışdır. -AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsindən görünür ki, xx xxxxxx 1999-cu il tarixdə Beyləqan rayonun Dünyamallar kəndndə doğulmuş İddiaçı soyadı “Əlizadə” olaraq qeyd olunmuşdur. - C01338038 nömrəli xx.xx.2017-ci il tarixli ümumvətəndaş pasportunun surətindən görünür ki, İddiaçı soyadı “Əlizadə”kimi qeyd edilmişdir. -Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 085 qeyddiyyat nömrəli, xx.xx.2020-ci il tarixli bakalavr diplomunun surətindən görünür ki, iddaçının soyadı “Əlizadə” olaraq qeyd olunmuşdur. -İddiaçı hərbi xidmətə yararlı olması barədə ilkin hərbi qeyfiyyata alınma haqqında 03 fevral 2015-ci il tarixli, 23 saylı Vəsiqədən görünür ki, vəsiqədə iddaçının soyadı “Əlizadə” olaraq qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə təqdim edilən iddiaçıya məxsus doğum akt qeydinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd olunan akt qeydindən çıxarışdan da müəyyən edilir ki, iddiaçınınsoyadı qrafasında “Quliyev” qeydi aparılmışdır. Məhkəmə araşdırması zamanı iddiaçıya ünvanlanmış sorğu məktubunda xx.xx.2021ci il tarixli 3890-05/15 saylı imtina məktubunda kifayət qədər əsasın olmaması səbəbindən onun doğum haqqında akt qeydinə düzəliş edilməsi barəsində ərizəsinin Şöbə tərəfindən icra edilməsinin mümkün olmaması bildirildiyi qeyd olunmuş və konkret hansı əsasların kifayət etməsi barədə məlumatınverilməsi cavabdehdən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanan məktubda bildirilmişdir ki, Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 23 saylı, xx.xx.1999-cu il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında “X2” qeyd olunduğu halda l-AZ № 002123 saylı şəhadətnamədə “İddiaçı” yazılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. 161 -ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, kifayət qədər əsaslar olmaması səbəbindən İddiaçı doğum haqqında akt qeydində dəyişiklik edilməsindən imtina edilmişdir. Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəməyə təqdim edilən iddiaçıya məxsus doğum akt qeydinin təsdiq edilmiş surəti təqdim edilmişdir. Qeyd olunan akt qeydindən çıxarışdan da müəyyən edilir ki, iddiaçınınsoyadı qrafasında “Quliyev” qeydi aparılmışdır Beləliklə işin hallarından görünür ki, xx xxxxxx 1999-cu il təvəllüdlü İddiaçı ona məxsus bütün sənədlərdə soyadının “Əlizadə” olaraq qeyd olunduğuna istinad edərək, həmin səbəbdən doğum akt qeydində soyadının “Quliyev”dən “Əlizadə” soyadına dəyişdirilməsi barədə Cavabdehnə müraciət etsə də, cavabdeh tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas olaraq doğum akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsasın olmadığına istinad olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Mülki Məcəllənin 26.1 və 26.4-cü maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən isə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə: 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.18. Adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. Məhkəmə ilk növbədə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla belə, AİHM-in dəfələrlə ifadə etdiyi kimi, 8-ci maddənin əsl məqsədi qoruma altına alınan hüququn istifadə olunmasında dövlət orqanlarının istədiyi kimi müdaxilə etməsinə qarşı şəxsi qorumaqdır. Bu zaman dövlətlər əlavə olaraq həm də şəxsi həyatın qorunmasına “hörmət” göstərilməsini təmin edəcək pozitiv öhdəliklər də daşıyırlar. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləliklə məhkəmə, hazırki halda doğum haqqında akt qeydində soyadın dəyişdirilməsi üçün qanunvericiliklə qadağa olmadığını, o cümlədən Beyləqan rayonu VVAQ Şöbəsi tərəfindən verilən 22 mart 1999-cu il tarixli, İ-AZ№002123 saylı doğum haqqında şəhadətnamədə, AZE seriyalı, 0******* №li şəxsiyyət vəsiqəsində, C01338038 nömrəli xx.xx.2017-ci il tarixli ümumvətəndaş pasportunda, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 085 qeyddiyyat nömrəli, xx.xx.2020-ci il tarixli bakalavr diplomunda, ilkin hərbi qeyfiyyata alınma haqqında 03 fevral 2015-ci il tarixli, 23 saylı Vəsiqədə iddiaçının soyadının “Əlizadə” qeyd olunduğunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, doğum haqqında akt qeydində İddiaçı soyadının “Quliyev”dən “Əlizadə”yə düzəliş edilməsi Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Beyləqan rayon VVAQ Şöbəsi tərəfindən qeydə alınan doğum haqqında akt qeydində İddiaçı soyadının “Əlizadə” olaraq qeyd edilməsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar