Məhkəmə qərarları › İş №2-1(112)-6536/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6536/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6536/2020 06.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X3 3-cü şəxs Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, X5 və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, hərəkətlərin qanunsuz hesab edilməsi, dəymiş maddı zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, X5 və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia qaldıraraq, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məhsuldarlığın olmamasının səbəblərini araşdırmaqdan, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsindən və bu barədə rəy verilməsindən imtinasının qanunsuz və əssassız hesab edilməsi, Hacıqabul rayonunun Navahi kəndində iddiaçının mülkiyyətində olan 17,54 ha torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iştirakını təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il tarixdə Hacıqabul rayonunun Navahi kəndində ********** saylı çıxarışa əsasən mülkiyyətində olan 17,54 ha torpaq sahəsində arpa əkmişdir. Lakin, əkin sahəsinin suvarılması mümkün olmamışdır. Suvarma suyu ilə təmin edilmə barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə dəfələrlə yazılı müraciətlər etsə də, heç bir müsbət nəticə olmamışdır. Yaranmış çətinliklərlə bağlı olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə də, bir neçə dəfə yazılı müraciət etmişdir. Həmin müraciətlər aidiyyəti üzrə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə göndərilsə də, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq həmin ərizələrə cavab verilməsini hazırki vaxtadək təmin etməmişdir. Suvarma suyu ilə təmin edilmə barədə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısına ünvanladığı xx xxxx 2020-ci il tarixli ərizə yerli icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinə göndərilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsinin xx xxxxx 2020-ci il tarixli 49 saylı cavab məktubunda Pisaat su anbarına aprel ayının əvvəlində suyun daxil olması anından əkinlərə su verildiyi və İddiaçı məxsus 17,54 ha əkinin 9 hektarının suvarılması bildirilib. 2020-ci ilin aprel ayında əkin sahəsinin cəmi 5 ha hissəsi suvarıla bilib. Lakin suvarma toxum səpilməsindən (xx xxxxxx 2019-cu il) 5 ay sonra həyata keçirildiyindən sahədə məhsul əmələ gəlməmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə“Məhsuldarlığın olmamasının səbəbləri və dəymiş maddi zərərin miqdarının müəyyən edilməsinə dair rəy verilməsi barədə” xx xxx 2020-ci il tarixli ərizə ilə müraciət edərək Hacıqabul rayonunun Navahi kəndində iddiaçının mülkiyyətində olan 17,54 ha torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iddiaçının iştirakını təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsinə göstəriş verməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx xxxx 2020-ci il tarixli 02/10-xx-xx-1718 saylı cavab məktubunda mülki mübahisəyə məhkəmə icraatı qaydasında baxılarkən iş üzrə zəruri hesab edilən hallarla bağlı müvafiq rəy verilməsi üçün məhkəmənin qərardadı əsasında Nazirliyin nümayəndəsinin iştirakının təmin edilə bilər. Aşağıda göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin məhsuldarlığın olmamasının səbəblərini araşdırmaqdan, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsindən və bu barədə rəy verilməsindən imtinası qanunsuz və əssassız hesab edilməsi, Hacıqabul rayonunun Navahi kəndində iddiaçının mülkiyyətində olan 17,54 ha torpaq sahəsində məhsuldarlığın olmamasının səbəblərinin iddiaçının iştirakını təmin edilməklə araşdırılması, dəymiş maddi zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və 3-cü şəxslərə təqdim edilərək, cavabdehdən və 3-cü şəxslərdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2020-ci il tarixə təxirə salınmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, cavabdehin nümayəndəsi X6 və 3-cü şəxsin nümayəndəsi X4 məhkəmə iclasına gəlmiş, iddiaçı və digər üçüncü şəxslər məhkəmə iclasına gəlmədiklərindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi məhkəməyə yazılı etiraz təqdim etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, iddiaçının Hacıqabul rayonunun Navahi kəndində yerləşən 17,54 ha torpaq sahəsində təsərrüfatına (arpa əkin sahəsinə) dəymiş ziyanla bağlı araşdırmanın aparılmasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müvafiq əməkdaşının iştirakının təmin edilməsinə köməklik göstərilməsi barədə Nazirliyə daxil olmuş xx xxx 2020-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 2-ci hissəsinə müvafiq olaraq Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini işləyib hazırlayan və onu gerçəkləşdirən, normativ hüquqi və iqtisadi tənzimlənməni həyata keçirən, fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanıdır. Bu səbəbdən də, məsələnin həlli ilə bağlı İddiaçı köməklik göstərilməsi Nazirliyin səlahiyyətləri xaricindədir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 60-cı maddəsinə görə Qanunla nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsi qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Belə ki, mülki mübahisəyə məhkəmə icraatı qaydasında baxılarkən iş üzrə zəruri hesab edilən hallarla bağlı müvafiq rəy verilməsi üçün məhkəmənin qərardadı əsasında Nazirliyin nümayəndəsinin iştirakı təmin edilə bilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, cavabdehin və 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”nin 10-cu bəndinə əsasən Nazirliyin əsas vəzifələri aşağıdakılardan ibarətdir: 10.1. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlətin siyasətini işləyib hazırlamaq və həyata keçirmək; 10.2. aqrar bölmədə islahatların aparılmasını təmin etmək, özəl bölmənin inkişafını sürətləndirmək üçün tədbirlər görmək; 10.3. aqrar bölməyə daxil olan sahələrin inkişafının əsas istiqamətlərini müəyyənləşdirmək və onların həyata keçirilməsi üçün tədbirlər görmək; 10.4. Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə normativ hüquqi tənzimləməni, o cümlədən iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirmək; 10.4-1. fitosanitar və baytarlıq sahələrində xidmətlər göstərmək; 10.5. aqrar bölmənin inkişafına yönəldilmiş proqramlar hazırlamaq və onların həyata keçirilməsini təmin etmək, aqrar bölmənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlamaq; 10.6. aqrar bölmədə dövlət əmlakının səmərəli istifadə edilməsinə nəzarət etmək və bu sahədə dövlət maraqlarının qorunmasını təmin etmək; 10.7. aqrar bölmədə beynəlxalq əməkdaşlığı həyata keçirmək; 10.8. aqrar bölməyə sərmayələrin cəlb edilməsini təmin edən tədbirlər görmək, o cümlədən aidiyyəti dövlət orqanları ilə birlikdə investisiya layihələrinin həyata keçirilməsi üçün tədbirlər görmək; 10.9. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi üçün aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək; 10.10. Dövlət aqrar inkişaf mərkəzləri vasitəsilə yerlərdə kənd təsərrüfatı istehsalçılarının dəstəklənməsi üçün tədbirlər görmək, onlara müxtəlif xidmətlər göstərilməsini təşkil etmək, Nazirliyin yerli qurumlarının fəaliyyətini əlaqələndirmək; 10.11. kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən səmərəli istifadə edilməsinə və onların keyfiyyətinin yaxşılaşdırılmasına nəzarət etmək; 10.12. kənd yerlərində infrastrukturun inkişafı və sosial problemlərlə bağlı məsələlərin həllində, o cümlədən müvafiq dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək; 10.13. Nazirliyin sisteminə daxil olan qurumların işini əlaqələndirmək; 10.13-

1. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək; 10.14. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər Vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin hazırki iddiaya cavab verməli inzibati orqan olmadığını nəzərə alaraq, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC, X5 və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X2 İdarəsi 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, hərəkətlərin qanunsuz hesab edilməsi, dəymiş maddı zərərin miqdarının müəyyən edilməsi və bu barədə rəy verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar