Məhkəmə qərarları › İş №2-1(112)-6537/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6537/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6537/2022 13.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “usta məharət dərəcəsinə görə vəzifə maaşına 35% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı adının Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) haqqında” müvafiq əmri ilə təsdiq olunmuş hərbi qulluqçuların adlı siyahısında olmaması səbəbindən pul attestatında məharət dərəcəsinə görə vəzifə maaşına edilən 35% əlavənin nəzərə alınmamasının qanunsuz hesab olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərarının qanuni qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 025 saylı xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçıya verilmiş “Usta (Snayper) hərbi təyyarəçi məharət dərəcəsi”nin qüvvədə olmasının nəzərə alınması və iddiaçı ehtiyata buraxılarkən həmin məharət dərəcəsinin saxlanılması vəzifəsinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mayoru İddiaçı Cavabdeh N nömrəli hərbi hissəsində xidmət edir. İddiaçı Cavabdeh N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin bəndinə əsasən (öz arzusu ilə) Silahlı Qüvvələrdən ehtiyata buraxılmasını xahiş etmişdir. İddiaçının xahişinə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində cavab verilmədiyinə görə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “J“ bəndinə müvafiq olaraq öz arzusu ilə ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2319/2021 saylı iş üzrə 14 oktyabr 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin sözügedən 14 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı İnzibati Məhkəməsinin qərarı 04 dekabr 202 1-ci il tarixində qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandiri xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 05.01,2022-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) haqqında” müvafiq əmri ilə təsdiq olunmuş hərbi qulluqçuların adlı siyahısında mayor İddiaçı adı olmadığından pul attestatında məharət dərəcəsinə görə vəzifə maaşına edilən 35% əlavə nəzərə alınmamışdır. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 025 saylı 31.01,2019-cu il tarixli əmri ilə “Usta (Snayper) hərbi təyyarəçi məharət dərəcəsi” verilmişdir. Göründüyü kimi iddiaçı Bakı İnzibati Məhkəməsində əvvəllər iddia qaldırmış və qalib gəlmişdir. Həmin qərar xx.xx.2021-ci il tarixində qanuni qüvvəsini almışdır. Lakin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçının adının 05.01,2022-ci il tarixində təsdiq olunmuş siyahıda adının olmamasını əsas gətirərək iddiaçının usta məharət (ali ixtisas) dərəcəsinin olmasını inkar edir. Bu da onunla nəticələnəcək ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması zamanı onun vəzifə maaşına olunmalı olan 35% əlavə nəzərə alınmayacaq və onun gələcək pensiya təminatı həmin əlavə olmadan hesablanacaq. Halbuki, cavabdeh inzibati orqanın məhkəmə qərarını gec icra etməsi, qərar qanuni qüvvəyə mindikdən sonra iddiaçını yenidən məharət dərəcəsi imtahanlarına cəlb etmək cəhdləri qanuni və əsaslı hesab oluna bilməz. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli əmrindən çıxarışın məzmununda da qeyd olunur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə "Usta məharət dərəcəsi” verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı mayor İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 21 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmişdir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Ehtiyatda olan mayor İddiaçı 14 dekabr 2021 -ci il tarixdən 17 dekabr 2021-ci il tarixədək Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün təşkil olunmuş sınaq imtahanlarında iştirak etmədiyinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi)” haqqında 5 yanvar 2022-ci il tarixli müvafiq əmrində qeyd olunmamışdır. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 21 may 2016-cı il tarixli 02 nömrəli qərarın 16-cı maddəsinə əsasən hərbi qulluqçu məharət (ixtisas) dərəcəsini təsdiq etdirmək və ya artırmaq üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra hərbi hissə komandirinə (rəisə) raportla müraciət etməlidir. Sağlamlıq vəziyyətinə görə müvvəqəti olaraq fiziki hazırlıq və digər praktiki sınaqlarda iştirak edə bilməyən hərbi qulluqçuların məharət dərəcəsi növbəti sınaqlara qədər saxlanılır (iştirak etdiyi sınaqlarda malik olduğu məharət dərəcəsinin tələblərinə uyğun qiymət aldıqda). Sağlamlıq vəziyyətinə görə praktiki sınaqlarda edə bilməyən hərbi qulluqçular bu barədə komissiya (yardımçı komissiya) sədrinə mərkəzi tabelikdə olan hərbi tibb müəssisələrindən, tibb taborlarından və hərbi-həkim komissiyasından müvafiq arayışlar tədim edilməlidir. Qeyd olunanlara baxmayaraq mayor İddiaçı 14 dekabr 2021-ci il tarixdən 17 dekabr 2021-ci il tarixədək Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə təşkil olunmuş sınaq imtahanlarında malik olduğu məharət dərəcəsinin təsdiq edilməsinə görə iştirak etmək üçün raportla hərbi hissə komandirinə müraciət etməmişdir. Bununla da əlaqədar olaraq onun xidmət etdiyi hərbi hissə komandanlığı tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmamış və Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün tərtib edilmiş siyahılara salınmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təstiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 21 may 2016-cı il tarixli 02 nömrəli qərarın 3.1-ci bəndinə əsasən “Usta” məharət dərəcəsi Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən verilir. Odur ki, ehtiyatda olan mayor İddiaçı “Usta” məharət dərəcəsinin verilməsi və bununla əlaqədar olaraq ona hər, ay vəzifə maaşına edilən 35% əlavənin ödənilməsi qüvvədə olan rəhbər sənədlərin tələblərinə zidd olduğu üçün mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdiməsi barədə ərizə təqdim edəərk cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə xx.xx.2019-cu il tarixli 025 saylı əmrlə verilmiş “usta (snayper) hərbi təyyarəçi məharət dərəcəsi”nə görə vəzifə maaşına 35% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq DSMF-na göndərilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə infomasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı oğu ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 19 nömrəli əmrdən çıxarışda qeyd olunmuşdur ki, Mayor İddiaçı, 3-cü aviasiya eskadrilyası (Mİ-17-1V) komandirinin müavini-şturman, Azərbaycan Respublikası Müdafiə Nazirinin 11 yanvar 2022-ci il tarixli 031 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 2022-ci ilin növbəti məzuniyyəti 90 (doxsan) təqvim günü verilməklə, 25 aprel 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə göndərilsin. Mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə 2022-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi” verilmişdir. Mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilsin. 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilməyib. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1891/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzusu ilə ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsi tərəfindən iddiaçıya ünvanlanmış 2-1(112)-6537/2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarı, ondan qanunla müəyyən edilmiş müddət ərzində kassasiya şikayəti verilmədiyindən, 4 dekabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı İnzibati Məhkəməsinin 5 yanvar 2022-ci il tarixli məktubu ilə həmin məhkəmə qərarı icra olunması üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 058615 nömrəli pul attestatında göstərilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixinə kimi aşağıda göstərilən pul təminatları ilə təmin olunub: hərbi rütbə maaşı ilə 150,00 manat, vəzifə maaşı ilə 1520,00 manat, xidməti illərinə görə faiz əlavəsi ilə 50 faiz həcmində, xidməti illəri xx.xx.2022-ci il tarixinə 35 il 5 ay 16 gün təşkil edir, 2022-ci ilin hesabından maddi yardım və məzuniyyət təmin olunub, 30 faiz XXŞ görə faiz əlavəsi ilə təmin olunub, məharət dərəcəsi yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 545 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2022-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) haqqında" müvafiq əmri ilə təsdiq olunmuş hərbi qulluqçuların adlı siyahısında mayor İddiaçı adı olmadığından pul attestatında məharət dərəcəsinə görə vəzifə maaşına edilən 35% əlavə nəzərə alınmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia mahiyyəti üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, İddiaçı mayor rüütbəsində, 3-cü aviasiya eskadrilyası (Mİ-17-1V) komandirinin müavini-şturman, Azərbaycan Respublikası Müdafiə Nazirinin 11 yanvar 2022-ci il tarixli 031 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya xidmət dövründə sonuncu dəfə Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi” verilmişdir. İddiaçıya hərbi xidmətdən ehtiyata buxarılarkən hərbi hissənin tərtib etdiyi pul attestatında usta məharət dərəcəsinə görə vəzifə maaşına 35 % əlavə hesablanmamışdır. İddiaçının mövqeyinə görə onun xx.xx.2019-cu il tarixdə verilmiş usta məharət dərəcəsi olmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissə komandirinin xx.xx.2022-ci il tarixli əmrindən çıxarışın məzmununda da ona Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə "Usta məharət dərəcəsi” verildiyi qeyd edilmişdir. Odur ki, ehtiyata buraxıldıqdan sonra pensiya təminatı üçün vəzifə maaşına 35% əlavə qeyd edilməklə məlumat vərəqi tərtib edilərək pensiya təyin edən orqana göndərilməlidir. Cavabdehin mövqeyinə görə iddiaçının təminat xərcliyində vəzifə maaşına 35% əlavənin qeyd edilməməsinə səbəb iddiaçının məharət dərəcəsinin təsdiq etdirilməsi üçün növbəti sınaqlarda iştirak etməməsi və nəticədə onun adının Azərbaycan Respublikası Müdafiə nazirinin “Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi)” haqqında 5 yanvar 2022-ci il tarixli müvafiq əmrində qeyd olunmaması olmuşdur. Məhkəmə aşağıdakılara əsasən cavabdehin mövqeyi ilə razılaşmır. “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçuların sıravi, komanda və rəis heyətlərinin məharət (tibb hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına aşağıdakı məbləğlərdə əlavələr müəyyən edilsin: 2-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 15 faiz miqdarında; 1-ci məharət (ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 25 faiz miqdarında; usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə – 35 faiz; -2-ci bəndinə əsasən Azərbaycan Respublikası Müdafiə, Ədliyyə, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularının sıravi, komanda və rəis heyətinin məharət dərəcələrinin təyin edilməsi qaydası haqqında əsasnamə təsdiq etsinlər. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2016-cı il tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə”nin: -1-ci bəndinə görə bu Əsasnamə hərbi qulluqçulara məharət (tibbi hərbi uçot ixtisaslı hərbi qulluqçulara-ixtisas) dərəcəsinin verilməsi (təsdiq edilməsi) və onların məharət (ixtisas) dərəcəsinin endirilməsi, məharət dərəcəsindən məhrum edilməsi qaydalarını müəyyən edir. -2-ci bəndinə görə Şəxsi heyətin yüksək təlim və tərbiyəsi, silah, hərbi texnika və digər texniki vasitələrin saz və işlək vəziyyətdə saxlanmasını təmin və onların istismarında bilavasitə iştirak edən, öz ixtisası üzrə yüksək peşəkarlığa yiyələnmiş və bunu mövqelərdə (atəş və start) idarəetmə məntəqələrində və döyüş növbətçiliyi zamanı praktiki həyata keçirən, yaxud şəxsi heyəti öyrədən zabit, gizir (miçman) heyətinə, müddətdən artıq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına aşağıdakı məharət dərəcələri verilir: -3-cü məharət dərəcəsi -2-ci məharət dərəcəsi -1-ci məharət dərəcəsi -usta məharət dərəcəsi (hərbi təyyarəçilərə, hərbi şturmanlara, hərbi təyyarəçitəlimatçılara və hərbi şturman-təlimatçılara “snayper” dərəcəsi) -3-cü bəndinə əsasən məharət dərəcəsini vermə hüququna aşağıdakı şəxslər malikdirlər: -3.1. usta məharət dərəcəsi-Azərbaycan Respublikasının Müdafiə naziri. -4.5-ci bəndinə görə müvafiq ştat kateqoriyasına uyğun vəzifələrdə xidmət müddətindən asılı olmayaraq bu Əsasnamə qüvvəyə mindiyi anda hərbi qulluqçuların malik olduqları məharət dərəcəsi qüvvədə saxlanılır və onlar malik olduqları məharət dərəcəsini təsdiq etdirmək və ya artırmaq üçün Əsasnamənin 4-cü, 14-cü və 15-ci bəndlərinə uyğun olaraq sınaqlara cəlb olunurlar. -7-ci bəndinə görə məharət dərəcəsinin verilməsinə (təsdiq edilməsinə) təqdim edilən hərbi qulluqçuların peşəkarlıq səviyyəsini müəyyənləşdirmək üçün bu Əsasnamənin 3-cü bəndinə uyğun olaraq müvafiq məharət dərəcəsini vermək hüququ olan vəzifəli şəxslərin əmri ilə hər tədris ilində komissiyalar yaradılır. Komissiya sədrləri tərəfindən sınaqların proqramı tərtib olunur. -13-cü bəndinə görə komissiyaların tərkibi, iş müddəti və qaydası bu komissiyaları təyin edən müvafiq vəzifəli şəxsin əmri ilə sınaqların başlanmasına bir aydan gec olmayaraq təyin edilir. Komissiyanın fəaliyyəti onun sədri tərəfindən bazasında sınaqlar keçirilən hərbi hissə komandiri ilə razılaşdırılmaqla müəyyənləşdirilir. -14-cü bəndinə görə hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət qulluqçuları istisna olmaqla) məharət dərəcəsi aşağıda qeyd olunan müddətə verilir və hər hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə sınaqlara cəlb olunmalıdır: -3-cü məharət dərəcəsi -1 il -2-ci məharət dərəcəsi-1 il -1-ci məharət dərəcəsi-2 il -usta məharət dərəcəsi-3 il -15.1-ci bəndinə əsasən komandirlər (rəislər) tabelikdə olan hərbi qulluqçuların məharət dərəcələrinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqlara təqdim olunmalarını təmin etməlidirlər. -15.3-cü bəndinə görə hərbi qulluqçu malik olduğu məharət dərəcəsinin artırılması üzrə sınaqlara məharət dərəcəsini (3-cü dərəcə istisna olmaqla) ən azı bir dəfə təsdiq etdirdiyi təqdirdə 14-cü bənddə qeyd olunan müddət bitdikdən sonra baxılır. -16-cı bəndinə əsasən hərbi qulluqçu, o cümlədən 15-ci bənddə qeyd olunan və sərəncamda olan hərbi qullquçular məharət dərəcəsini təsdiq etdirmək (artırmaq) üçün bu barədə müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə (rəisə) raportla müraciət etməlidir. Məharət dərəcəsinin artırılması üçün müraciət etmiş hərbi qulluqçuların namizədliyi hərbi hissənin attestasiya komissiyası tərəfindən araşdırılaraq layiqlilləri müəyyənləşdirilir. Məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üzrə sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissədə (müəssisədə və təşkilatda) ixtisaslar və məharət dərəcələri üzrə müvafiq siyahılar aviasiyanın uçuş heyəti üçün isə əlavə olaraq məharət dərəcəsinin verilməsi (təsdiq edilməsi) üçün təqdimat tərtib edilərək (zabit və gizirlər üçün kadr orqanları tərəfindən, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün təşkilati-səfərbərlik orqanları tərəfindən) müvafiq komissiyalar təqdim olunur. -23.2-ci bəndinə görə hərbi qulluqçuya məharət dərəcəsinin verilmə (təsdiq edilmə) tarixi məharət dərəcəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesab olunur. Göründüyü kimi hərbi qullquçuların yüksək təlim, peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə onlara müvafiq məharət dərəcələri verilir. Hərbi qulluqçunun peşəkarlıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi qulluqçular məharət dərəcəsinin təsdiq edilməsi və ya verilməsi üçün müvafiq sınaqlara cəlb olunur və bu məqsədlə müvafiq vəzifəli şəxslərin əmri ilə komissiyalar yaradılır. Hərbi qulluqçular məharət dərəcəsinin verilməsi (təsdiq edilmə) üçün müvafiq vəzifəli şəxsin əmri elan olunduqdan sonra komandirə raportla müraciət edir və sınaqların başlanmasına iki həftədən gec olmayaraq hərbi hissə komandiri hərbi qulluqçuların siyahısını müvafiq komissiyalara təqdim edir. Usta məharət dərəcəsi Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən 3 il müddətinə verilir, məharət dərəcəsinin verilmə (təsdiq edilmə) tarixi məharət dərəcəsinin verilməsi haqqında əmrin imzalandığı gün hesab olunur və hərbi qulluqçu bu müddətin sonunda məharət dərəcəsinin təsdiq edilməsi üzrə növbəti sınaqlara cəlb olunur. Usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinə aylıq vəzifə maaşına 35 faiz məbləğində əlavə verilir. İşin hallarından görünür ki, iddiaçıya xidmət dövründə sonuncu dəfə Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi” verilmişdir. Qeyd edilən məharət dərəcəsi Əsasnamənin tələbinə uyğun olaraq 3 il müddətinə verilmiş, deməli məharət dərəcəsi ən azından xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur. Qeyd edilən 3 il müddətində iddiaçıya verilmiş məharət dərəcəsi ləğv edilməmiş və ya aşağı salınmamışdır. Eyni zamanda, usta məharət dərəcəsinin həmin vaxtadək qüvvədə olmasının sübutudur ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 19 nömrəli əmrdən çıxarışında iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi” verildiyi bilavasitə qeyd edilmişdir. Başqa sözlə, iddiaçının xx.xx.2019-cu il tarixdə verilmiş “Usta məharət dərəcəsi” xx.xx.2022-ci il tarixədək qüvvədə olduğundan, iddiaçının isə ən geci hərbi hissənin şəxsi heyətindən çıxarılma barədə əmri xx.xx.2022-ci il tarixli olduğundan deməli, xx.xx.2022-ci il tarixdə qüvvəsini itirməmiş məharət dərəcəsinə görə iddiaçının ehtiyata buraxılarkən təminat xərcliyində müvafiq əlavənin nəzərə alınmasını tələb etmək hüququ da mövcud olmuşdur. İkincisi, qeyd edilən Əsasnamənin tələblərini hazırkı işin hallarına tətbiq etdikdə məhkəmə bu qənaətə gəlir ki, iddiaçı məharət dərəcəsinin təsdiq edilməsi üçün növbəti sınaq imtahanlarında iştirak etməli hərbi qulluqçu da hesab oluna bilməzdi. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh MN-nin N nömrəli hərbi hissənin komandirinə raportla müraciət edərək onu öz arzusu ilə ehtiyata buraxılmasını xahiş etmiş, cavabdeh inzibati orqan onun raportuna cavab verməmiş, bundan sonra iddiaçı Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci ildə məhkəməyə müraciət edərək öz arzusu ilə ehtiyata buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Bakı İnziabti Məhkəməsinin 2-1(112)-1891/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin “j” bəndinə müvafiq olaraq öz arzusu ilə ehtiyata buraxılması öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2319/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apelyaisya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1891/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almış və xx.xx.2022-ci il tarixdə icra olunması üçün cavabdeh Müdafiə Nazirliyinə göndərilmişdir. AR Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 031 nömrıli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j" bəndinə (öz arzusu ilə) ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 19 nömrəli əmri ilə iddiaçının 25 aprel 2022-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması qərara alınmışdır. Göründüyü kimi iddiaçı hələ 2020-ci ildə raportla cavabdehə ehtiyata buraxılma üçün müraciət etmiş, həmin vaxtdan cavabdehin onu öz arzusu ilə ehtiyata buraxacağı barədə qanuni gözləntisi yaranmış, lakin müraciəti təmin edilmədiyindən müvafiq olaraq ehtiyata buraxılma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və yekunda məhkəmə qərarı icraya yönəldikdən sonra yalnız xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılmışdır. Başqa sözlə, iddiaçı ehtiyata buraxılmaq hüququnun yarandığı və bu hüquqdan istifadə edərək cavabdehə müraciət etdiyi vaxtdan başlayaraq ehtiyata buraxılmağa hazırlaşan hərbi qulluqçu olduğundan onun hərbi xidmətini davam etdirən hərbi qulluqçudan fərqli olaraq hərbi xidmətində üstünlük verəcək hər hansı imtiyazı əldə etməyə təşəbbüs göstərməyə, o cümlədən növbəti sınaqlarda iştirak etməklə hələ müddəti bitməmiş məharət dərəcəsinin təsdiq etdirməsinə də zərurəti yaranmamışdır. Nəzərə alınsa ki, iddiaçının vaxtında ehtiyata buraxılmaması iddiaçının deyil, məhz cavabdeh tərəfin təşəbbüsünün nəticəsi olmuşdur belə olan halda cavabdehin ehtiyata buraxılma barədə əmr verildiyi vaxta yaxın iddiaçının məharət dərəcəsinin təsdiqi üçün növbəti sınaq imtahanlarına cəlb olunmaqla bağlı müraciət etməməsinə istinad edərək onu məharət dərəcəsinə görə əlavədən məhrum etməsi əsassız olmuşdur. Nəhayət, onu da qeyd etmək lazımdır ki, iddiaçının ehtiyata buraxıldığı əmrdə də onun xx.xx.2019-cu il tarixli usta məharət dərəcəsinə malik olduğu barədə qeydlər edilmiş, belə olan halda iddiaçının ən azından usta məharət dərəcəsinin olduğuna dair qeyd edilən sonuncu xx.xx.2022-ci il tarixli hərbi hissənin əmrinə qanunla gözlənilən etimad hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Cavabdehndə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların: -2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. -5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. -6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. -7-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə verilmiş Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi”nə görə vəzifə maaşına 35% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 yanvar 2019-cu il tarixli 025 nömrəli əmri ilə verilmiş Aviasiya ixtisası üzrə “Usta məharət dərəcəsi”nə görə vəzifə maaşına 35% əlavə nəzərə alınmaqla yeni məlumat vərəqinin tərtib olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar