Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-654/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs: X9, X4, X13) “ayrıca çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (halhazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi ev 56-ya dair daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, qeydiyyat vəsiqəsinə 56 saylı fərdi yaşayış sahəsi 1/3 payda iddiaçının, 3/12 payda X5 1/12 payda X2 və 1/3 payda X6 adlarına dövlət qeydiyyatından keçirilmişdir. İddiaçı qeyd edir ki, yaşayış sahəsinin bir hissəsi onun xüsusi mülkiyyətindədir. Hər bir evin ayrıca həyəti, girişi-çıxışı və mövcuddur. Yaşayış sahəsinin texniki pasportunda da ona düşən pay ayrıca göstərilmiş və ayrıca texniki pasport verilmişdir. Lakin buna baxmayaraq ayrıca çıxarış mövcud deyil. Bununla əlaqədar cavabdeh ona görə çıxarış vermir ki, fərdi yaşayış evinin B tikilisi sökülmüş, texniki pasportda digər payçılar göstərilməmiş, bölgü sxem təqdim edilməmişdir. İddiaçı qeyd edir ki, bölgü sxemlə bağlı müraciət etdikdə isə “B” tikilisinin sökülməsi ilə əlaqədar bölgü sxemin tərtib edilməsindən imtina edilmişdir. İddiaçı qeyd edir ki, “B” tikilisi ona məxsus həyətdə “A” tikilisindən kənarda yerləşir. Həmin tikilinin “A” tikiliisinə heç bir aidiyyəti yoxdur. Həmin tikili köhnə olduğuna görə onun dam örtüyü və ön divarı dağılmışdır. Bu barədə 46 saylı MKİS əməkdaşları tərəfindən akt da tərtib edilmişdir. Texniki pasportda digər payçıların göstərilməməsi ilə bağlı isə iddiaçı hesab edir ki, bu texniki pasportu tərtib edən şəxslərin səlahiyyətlərindən istifadə ilə bağlı məsələdir. Əmlakın ayrıca həyəti, giriş-çıxışı və s mövcuddur ki, texniki pasport da ayrıcadigər payçıların əmlakı göstərilmədən tərtib edilmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əli Nəzmi küçəsində yerləşən 56 saylı fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı Məmmədağa qızının, 3/12 hissəsi X5, 1/12 hissəsi X2, 1/3 hissəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportda “A” və “B” fərdi yaşayış evləri göstərilmişdir. İdarənin mütəxəssisləri tərəfindən fərdi yaşayış evinə baxış keçirilən zaman məlum olmuşdur ki, texniki pasportda olan “B” tikilisi sökülmüş və “A” tikilisinə bitişik əlavə sahələr inşa edilmişdir. Payçılar arasında notarial qaydada təsdiq edilmiş bölgü sxemi və əlavə sahələrə dair qanunvericiliyin tələblərinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən idiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin faktiki hallarından da göründüyü kimi 56 saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsində payçılar kimi qeyd edilmiş X7, X10 X4 və X8 adları mövcuddur. Cavabdehin də imtinasının mahiyyəti onunla bağlıdır ki, payçılar arasında bölgü sxem və razılıq müəyyən edilmir, iddiaçıya məxsus hissə paylı mülkiyyətdə olan “A” saylı fərdi yaşayış evinin bir hissəsində olmasına baxmayaraq texniki pasportda tam hissə kimi göstərilmiş, bundan əlavə “B” tikilisi sökülmüş və “A” tikilisinə bitişik əlavə sahələr inşa edilmişdir. Payçılar arasında bölgü sxemin olmaması və texniki pasportda sahənin tam sahə kimi imtina dəlilinə münasibətdə məhkəmə həmin dəlilləri əsassız hesab edərək qeyd edir ki, payçılar arasında bölgü sxemin tərtib edilməsinə məhz texniki pasportda yaşayış sahəsinin tam hissə kimi göstərilməsi səbəbindən zərurət mövcud deyil. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ümumi mülkiyyətçilər və ya əmlakın əvvəlki və köhnə mülkiyyətçisi mülki mübahisələrin yaranmasının azaldılmasına xidmət edir. Misal olaraq 10 ha torpaq sahəsi olan A adlı şəxs B adlı şəxsə həmin torpaq sahəsindən 3 ha torpaq sahəsini satarkən və ya digər üsulla özgəninkiləşdirərkən 3 ha torpaq sahəsinin mülkiyyətçisinin B adlı şəxs olması barədə müqavilə 3 ha torpaq sahəsinə mülkiyyət hüququnun mövcudluğu üçün əsas qismində çıxış edir. Lakin həmin 3 ha torpaq sahəsinin harada yerləşməsi, hansı koordinatlarının olması, 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması həmin müqavilədə əksini tapmır. Qeyd olunan halların aydınlaşdırılması, yəni Anın B-yə 3 ha torpaq sahəsini özünün mülkiyyətində olmuş 10 ha torpaq sahəsinin hansı hissəsindən ayrılması sxematik bölgünün aparılması, başqa sözlə bölgü sxemin tərtib edilməsi ilə həyata keçirilir. Həmin sənəd əsasında həm A özündə qalan 7 ha torpaq sahəsinin hansı sahə olması barədə koordinatlar göstərilən plan və ölçü sənədi ala bilir, həmçinin B-də 3 ha torpaq sahəsinə real koordinatlarını müəyyən edən plan və ölçü sənədi almaq imkanına malik olur. Nəticədə də həmin torpaq sahələrinin hansının harada yerləşməsi ilə bağlı tərəflər arasında torpağın hansı hissəsinin kimə məxsus olması haqqında mübahisə yaranmır, o cümlədən daşınmaz əmlaka mülkiyyət hüququnu qeydə alan orqan texniki sənədlərin hazırlanması imkanına malik olur. Analoji hal, o cümlədən ümumi mülkiyyətçilər barəsində də keçərlidir. Belə ki, 2 ha torpaq sahəsinə bərabər hissədə paya malik olan A və B adlı şəxslər arasında bölgü sxemin tərtibi zamanı kimin payına naturada hansı torpaq sahəsi düşür müəyyən edilə bilər. Əks halda isə torpaq sahəsinin yalnız paylarının hissəsi müəyyən edilə bilir, faktiki istifadə olunan torpaq sahəsinin hansı hissələrinin tərəflərə düşməsi barədə isə hər hansı hüquqi- texniki sənəd tərtib edilə bilmir. Bu zaman tərəflər arasında payların yerləşdiyi naturada yer barədə qeyd olunan sənədlərin tərtib edilməsi razılıq əsasında mümkün olmadıqda isə hər iki tərəfin iştirakı ilə işə baxan məhkəmə həmin torpaq sahəsinin naturada ayrılması ilə bağlı qərar qəbul edir və həmin qərar A və B arasında torpaq sahəsinin faktiki hər şəxsə düşən sahəsinin məhz hansı koordinatlarda olmasını müəyyən edir. Torpaq sahəsi ilə bağlı sxematik bölgüsünün aparılması zərurəti eyni zamanda tikililərə münasibətdə də zəruriliyini qoruyur. Bu səbəbdən də əsassız mülki və ya inzibati mübahisələrin yaranmaması üçün bölgü sxemin tərtib edilməsinin tələb edilməsi zəruridir. Lakin hazırkı işin faktiki hallarına münasibətdə həmin bölgünün tələb edilməsi qanunsuz olmuşdur. Belə ki, digər payçıların da ərizə və məhkəmədə verdiyi izahatlarından göründüyü kimi qeydiyyat vəsiqəsində paylar 56 nömrəli yaşayış sahəsinə olsa da, reallıqda fərdi yaşayış evləri ayrı nömrələrdə ayrı həyətə, ayrı giriş-çıxışa malik olmaqla payçı kimi adlandırılan şəxslərin ayrıca mülkiyyətindədir. 56 saylı evə dair Mixayil Vasileviçin adına olmuş, iddiaçının məhkəməyə təqdim etdiyi texniki pasportdan isə görünür ki, ayrıca çıxarışın xahiş edildiyi fərdi yaşayış sahəsi iddiaçının istifadəsindədir. Belə ki, həmin əmlak Mixayil Vasileviçə məxsus olmuş, daha sonra həmin əmlakın özgəninkiləşdirilməsinə əsas olmuş sənədlərlə sonda İddiaçı adına verilmişdir. Göründüyü kimi iddiaçının ayrıca çıxarış istədiyi əmlaka dair bölgü sxemin tərtib edilməsinə zərurət mövcud deyil. Məhkəmənin sorğusuna əsasən təqdim edilmiş mütəxəssis rəyindən də görünür ki, paylı mülkiyyətçilərə ayrılmış yaşayış sahələri iddiaçının iddia ərizəsində də qeyd ediliyi kimi paylara bölünmüş, hər biri ayrıca ev olmaqla, hər birinə dair texniki pasportlar mövcuddur ki, iddiaçının faktiki istifadəsində ev 56 sənəd üzrə torpaq sahəsi 193,2 kv.m, ümumi sahə 40.25 kv.m təşkil edir. Mütəxəssis rəyində, bundan əlavə qeyd edilmişdir ki, fərdi yaşayış evləri, o cümlədən ev 56 texniki pasportlarına uyğundur. Mütəxəssis rəyində 6-cı suala verilən cavabı da məhkəmə tətqiq edərək belə nəticəyə gəlir ki, hər nə qədər məhkəmənin ünvanladığı sual iddiaçıya ayrılmış faktiki ölçülərin Mixayil Vasileviçin adına verilmiş texniki pasportda nəzərdə tutulan ölçülərlə eynilik təşkil edib-etməməsini soruşsa da, mütəxəssis həmin rəyə verdi cavabda fərdi yaşayış evlərinin texniki pasportlarının eynilik təşkil etmədiyini bildirmişdir ki, həmin cavab hazırkı iş üzrə vəziyyəti iddiaçının ziyanına dəyişməyən hal kimi qiymətləndirilməli həmin sualın düzgün olaraq cavablandırılmaması, fərqli suala cavab qismində göstərilməsi iddiaçının ziyanına şərh edilməməlidir. Belə ki, mütəxəssis digər suallarına cavablarından da iddiaçının faktiki istifadəsində olan 56 nömrəli yaşayış sahəsinin texniki pasporta uyğun olması aydın görünür. Göründüyü kimi texniki pasportların mövcud olması bölgü sxemin və ya natura bölünmə barədə məhkəmə qərarının və ya razılığın mövcudluğu zərurətini aradan qaldırır. Bu səbəbdən də cavabdehin “B” tikilisinin sökülməsi səbəbi ilə bölgü sxemin tərtib edilməsindən imtinası, ümumiyyətlə həmin bölgü sxemin istənilməsi mövqeyi əsassızdır. Eyni zamanda, cavabdehin imtina əsaslarından biri kimi qeyd oluann texniki pasportda digər payçıların adlarının olmamasına dair də imtina dəlili əsassızdır. Belə ki, cavabdehin mütəxəssis rəyindən də görünür ki, hər evə dair texniki pasport mövcuddur ki, məntiqlidir ki, həmin texniki pasportda digər evə dair hissənin mövcud olması istisna olunur. Məhkəmə hesab edir ki, cavabdehin digər imtina əsası da iddiaçıya çıxarışın verilməsindən imtina əsası qismində çıxış edə bilməz. Belə ki, cavabdeh bildiririk ki, texniki pasportda olan “B” tikilisi sökülmüş və “A” tikilisinə bitişik əlavə sahələr inşa edilmişdir. Qeyd olunmalıdır ki, imtina əsasında göstərilən hal “B” tikilisinin sökülməsi və “A” tikilisinə bitişik əlavə sahələrin olması belə özü-özlüyündə iddiaçıya çıxarışın verilməsini istisna etmir. Belə ki, iddiaçının tələbi konkret olaraq ev 56–ya dair ayrıca çıxarışın verilməsi ilə bağlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; [ 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar .[
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport ( həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Qanunvericiliyin tələbindən də görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində hesab edilir. İddiaçı da həmin sənədə malik şəxs kimi ev 56-ya dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması hüququna malikdir. Həmin yaşayış sahəsinə hər hansı payçının hüquqlarının mövcud olub-olmaması ilə bağlı mübahisənin olmasından da asılı olmayaraq ( hər nə qədər iş materialları ilə həmin mübahisənin mövcudluğu hər yaşayış sahəsinə dair ayrıca texniki pasport olması, naturada bölünməsi səbəbindən istisna edilir) iddiaçının mülkiyyət hüququnun mövcudluğu şübhə doğurmur. Belə olduğu təqdirdə də, iddiaçı mülkiyyət hüququnun realizəsi kimi ayrıca çıxarışın verilməsi ilə bağlı hüquqa da malikdir. Həmin hüququn mövcudluğunu istisna edən hallarda qanunvericiliklə tənzimlənmişdir. Belə ki, yuxarıda adıçəkilən Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından konkret imtina əsasları qeyd edilmişdir ki, cavabdehin imtina əsasının adıçəkilən maddədə nəzərdə tutulmuş imtina əsaslarından biri ilə eyniləşdirilməsini məhkəmə əsassız hesab edir. Bu səbəbdən də “B” tikilinin sökülməsi və “A” tikilisinə bitişik əlavə sahələrin inşa edilməsi mülkiyyət hüququnu qeydiyyatından imtina əsası kimi qiymətləndirilə bilməz. İddia tələbindən də göründüyü kimi, iddiaçı konkret olaraq mövcud uyğunsuzluğun aradan qaldırılaraq ev 56-ya dair ayrıca çıxarışın verilməsini xahiş edir ki, fərdi yaşayış evləri və onların nömrələri fərqli olsa da, hər əmlaka dair mülkiyyətçilərin ayrıca texniki pasportu, evlərə dair ayrıca giriş-çıxış, həyət və s mövcud olsa belə, birgə təsərrüfat aparmayan, eyni fərdi yaşayış evində yaşamayan şəxslərə dair vahid qeydiyyat vəsiqəsinin verilməsi ilə bağlı uyğunsuzluğun aradan qaldırılması hal-hazırda daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, o cümlədən həmin əmlaka dair texniki sənədlərin tərtib edilməsi səlahiyyətinə malik cavabdehdən tələb edilməsi iddiaçının hüququdur. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq xidməti vəzifələri müəyyən edilmişdir. 3.0.24-cü yarımbəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək cavabdehin vəzifəsidir. Lakin, cavabdeh indiki halda ev 56-ya dair hüquqları mövcud olan iddiaçının hüququnun realizəsini həyata keçirmək əvəzinə qeydiyyat vəsiqəsində olan uyğunsuzluğun davamı kimi formal imtina əsasları irəli sürmüşdür ki, cavabdehin mütəxəssis rəyi ilə də həmin əsasların reallığı əks etdirmədiyi, iddiaçının iddia tələbində də qeyd etdiyi kimi evlərə dair fərqli texniki pasportların, fərqli mülkiyyətçilərin olduğu, ev 56 ünvanında yerləşən yaşayış sahəsininin paylı mülkiyyətdə olmaması səbəbindən bölgü sxemə zərurəti olmadığı, naturada bölgünün faktiki və sənəd üzrə həyata keçirildiyi sübut olunmuşdur. Bundan əlavə, hər nə qədər məhkəmə araşdırması və mütəxəssis rəyi ilə təkzib olunsa da, tikilinin sökülməsi və digər imtina əsası da tələbi konkret olaraq ayrıca çıxarışın verilməsi ilə bağlı inzibati işdə iddiaçının ayrıca çıxarışın verilməməsi əsası qismində çıxış edə bilməz. Həmin əsaslar texniki sənədlərin tərtibatı zamanı nəzərə alınmalı olan hal hesab edilir ki, qeyd olunan imtina əsasları müvafiq hüquqmüəyyənedici sənədə malik olan iddiaçının konkret olaraq ölçülər və 56 saylı fərdi yaşayış evinə dair ayrıca çıxarış almasını özü-özlüyündə istisna edə bilməz. Belə ki, tələb konkret olaraq Beləliklə, iddia tələbi konkret olaraq Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 56 nömrəli fərdi yaşayış sahəsinə dair İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi ilə bağlı olduğundan təsdiqini tapmayan imtina əsasları istər Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport malik olması və ya qeydiyyat vəsiqəsində ada malik olması baxımından mülkiyyət hüququ hər bir halda olan fərdi yaşayış evinə dair konkret iddia tələbinin təmininə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Ə.Nəzmi küçəsi 56 nömrəli fərdi yaşayış sahəsinə dair İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən ayrıca çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov