Məhkəmə qərarları › İş №2-1(112)-6540/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6540/2021

01.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6540/2021 01.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə 3-cü şəxs - “X3” MMC qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddiaçının qeyri-qanuni işdən azad olunması haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən araşdırmanın rəsmi təsdiqi, işdə olan vaxta “X3” MMC tərəfindən qanunsuz məzuniyyət rəsmiləşdirdiyi işdə olduğu əvəzi kompensasiya ödənilməsi, “X3” MMC rəhbərliyini karantin dövründə tələblərə riayət etmədiyi və digər qanun pozuntularla məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 14.07.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 16.05.2021-ci il tarixli qərardadı ilə “X3” MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. 16.05.2021-ci il tarixli məktubla, həmçinin 16.09.2021-ci il tarixli məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək cavabdehi və həmin cavabdehə qarşı yönəldilən iddia tələbini inzibati məhkəmə icraatı qaydasında baxılan İPM-in 2.2-ci maddəsində göstərilən iddia növünə uyğun dəqiqləşdirməyi və həmin tələbi əsaslandırmağı, həmçinin dəqiqləşdirilmiş tələb üzrə əvvəlcə inzibati orqana müraciət etdiyinə dair müvafiq sübutların məhkəməyə təqdim edilməsini təklif etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 16.09.2021-ci il tarixli məhkəmə iclasında cavadeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidməti ilə əvəz edilmişdir. İş üzrə növbəti məhkəmə iclası 01.10.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən araşdırmanın düzgün aparılmaması nəticəsində iddiaçının məzuniyyət hüquqlarının pozulması ilə bağlı 7000 (yeddi min) manat məbləğində dəymiş maddi ziyanın; əmək haqqının gecikdirildiyinə görə 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində kompensasiyasının; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin qərarı və hərəkəti nəticəsində 100 000 (yüz min) manat məbləğində dəymiş mənəvi ziyanın X4 Xidməti tərəfindən ona ödənilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Həmçinin, həmin tarixli məhkəmə iclasında məhkəmə İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərərək dəqiqləşdirilmiş iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmasına dair sübutların məhkəməyə təqdim edilməsini təklif etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı öz izahatında həmin tələb üzrə əvvəlcə inzibati orqana müraciət etmədiyini və buna ehtiyac olmadığını bildirərək, iddianın mümkün iddia olduğundan işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçının “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən araşdırmanın düzgün aparılmaması nəticəsində iddiaçının məzuniyyət hüquqlarının pozulması ilə bağlı 7000 (yeddi min) manat məbləğində dəymiş maddi ziyanın; əmək haqqının gecikdirildiyinə görə 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində kompensasiyasının; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin qərarı və hərəkəti nəticəsində 100 000 (yüz min) manat məbləğində dəymiş mənəvi ziyanın X4 Xidməti tərəfindən ona ödənilməsi” tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının “cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən araşdırmanın düzgün aparılmaması nəticəsində iddiaçının məzuniyyət hüquqlarının pozulması ilə bağlı 7000 (yeddi min) manat məbləğində dəymiş maddi ziyanın; əmək haqqının gecikdirildiyinə görə 1850 (bir min səkkiz yüz əlli) manat məbləğində kompensasiyasının; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin qərarı və hərəkəti nəticəsində 100 000 (yüz min) manat məbləğində dəymiş mənəvi ziyanın X4 Xidməti tərəfindən ona ödənilməsi” tələbi ilə əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X4 Xidmətinə müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəməyə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar