Məhkəmə qərarları › İş №2-1(112)-6542/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6542/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6542/2021 13.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 – “Çağrı mərkəzi”nə zəng edərək, ona 2020-ci il dekabr ayının 14-dən 2021-ci il yanvar ayının 18-ə qədər Bakı şəhərində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməsi ilə əlaqədar işsiz olduğu nəzərə alınmaqla 190 manat birdəfəlik ödəmənin verilməsini xahiş etmişdir. Birdəfəlik ödəmə verilmədiyindən o, 2021-ci ilin aprel ayında 142 – “Çağrı mərkəzi”nə təkrar müraciət etmiş, lakin nəticə əldə edə bilməmişdir. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarının tələblərinə görə birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. Eyni zamanda bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi” nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir. Habelə AR Konstitusiyasında təsbit edilmiş sosial təminat, məhkəmə təminatı, müraciət etmək hüququna istinad etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında İddiaçının 4 ay (aprel, may, iyun və avqust ayları) üçün toplam 760 manat miqdarında müvafiq birdəfəlik ödəməni aldığı barədə məlumat vermişdir. Eyni zamanda göstərmişdir ki, İddiaçıya münasibətdə Nazirlər Kabinetinin 2020-ci il 23 dekabr tarixli 506 nömrəli Qərarına uyğun olaraq informasiya ehtiyatlardan istifadə edərək aparılan yoxlama zamanı iddiaçının mülkiyyətində iki və daha çox daşınmaz əmlakının olması aşkarlanmış və şəxsə qeyd edilən Qərara əsasən, yenidən 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 30.06.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. İddiaçı ona birdəfəlik ödəmə verilməsini xahiş edir ki, belə bir iddia öhdəliyin icrası haqqında iddiaya aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsi). Bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcuddur. İddiaçı 29.10.2019-cu il tarixdən işsiz kimi qeydiyyatda olduğundan qanunvericiliyə əsasən həmin şəxsin müraciəti olmadan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Məşğulluq” altsistemi (bundan sonra - MAS) vasitəsilə yoxlama aparılır, müvafiq qərar qəbul olunur və həmin qərar barədə mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. İşdən görünür ki, iddiaçıya təyinat aparılmamış və “stop” qoyulmuşdur. Bu hal məhkəmə tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina kimi qiymətləndirilir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 1-ci hisəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsi qərara alınmışdır. Həmin qərarın 2-ci hissəsi ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. Həmin Qaydanın: - 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. - 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MASda işsiz kimi qeydiyyata alınmış şəxslərə. - 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara. - 3.4-cü bəndinə əsasən MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 22.06.2021-ci il tarixli, 016- 71526-1221 saylı məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı adında 06.07.2012-ci il tarixdən “VAZ-21074” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdadır. Həmçinin işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.07.2021-ci il tarixli, **********47 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi, 23/25 nömrəli fərdi yaşayış evi və evin yerləşdiyi 0.0182 ha olan torpaq sahəsinin 1/4 hissəsi, habelə ünvan 2 ünvanında yerləşən 39 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Beləliklə, işin sadalanan halları ilə iddiaçının mülkiyyətində müxtəlif ünvanda iki daşınmaz əmlakın, habelə minik avtomobilinin olması tam təsdiq olunur. Belə olan halda aydın olur ki, iddiaçı Qaydanın 2.3-cü bəndində göstərilən meyarlara cavab verdiyindən işsiz statusunun olmasına baxmayaraq, ona birfədəlik ödəmə verilə bilməz. İş materiallarında olan X1 17 iyul 2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı “Məşğulluq” altsistemində (bundan sonra MAS) işsiz kimi 29.10.2019-cu ildən hazırkı dövrə qədər qeydiyyatdadır. Vətəndaş İddiaçı xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aprel, may, iyun və avqust ayları üçün təyinatı üzrə 190 (yüz doxsan) manat miqdarında birdəfəlik ödəniş ödənmişdir. Birdəfəlik ödənişlə bağlı təkrar yoxlama zamanı şəxsin fərdi uçot sistemində gəlirinin olması, adına birdən çox daşınmaz əmlakın olması, istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsinin müəyyən edilməsi səbəbindən dekabr ayı üçün vətəndaşa müvafiq birdəfəlik ödəniş təyin edilməmiş və ödənməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.5-ci madəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Məhkəmə qeyd edir ki, iddiaçıya bir neçə ay birdəfəlik ödəmə verilsə də, bu hal ona sonradan təkrar birdəfəlik ödəmə verilməsi üçün əsas təşkil edə bilməz. Bu həm yuxarıda istinad olunan Qanunun tələblərindən, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 dekabr 2020-ci il tarixli 506 saylı Qərarından irəli gəlir. Belə ki, həmin Qərara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi nəzərdə tutulmuşdur. İşdən görünür ki, cavabdeh həmin Qərara uyğun olaraq müvafiq yoxlama həyata keçirmiş, yuxarıda istinad olunan halları aşkar edərək iddaçıya müvafiq vəsaiti ödəməkdən imtina etmişdir. Məhkəmə sadalananlara əsasən cavabdehin bu imtinasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar