Məhkəmə qərarları › İş №2-1(112)-6542/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6542/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6542/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ona təyin edilmiş pensiya məbləğinin yenidən hesablanması, pensiya məbləğində yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi hissəsində hesablanıb ona ödənilməsi; prokuroluq işçilərinin hər il məzuniyyətə çıxması ilə əlaqədar ödənilən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının hesablanıb ona ödənilməsi; prokurorluq işçilərinin müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən pul müavinətinin hesablanıb ona ödənilməsi; prokurorluq işçilərinə hər il əmək haqqının iki qat hissəsindən az olmayaraq verilən maddi yardımın nəzərə alınmaqla pensiya məbləğinə yenidən hesablanması və ona ödənilməsi; ödənilməmiş fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1958-ci ildə Saatlı rayonu, Saatlı şəhərində anadan olmuşdur. 04 oktyabr 1985-ci ildən, 08 yanvar 2018-ci il tarixə kimi Azərbaycan Respublikası Prokurorluq Orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 08 yanvar 2018-ci il tarixdə prokurorluq orqanlarında qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Rütbəsi ədliyyə müşaviridir. Yaş həddinə görə əmək pensiyasına çıxarkən Bakı şəhəri, Nəsimi rayon ərazisində yaşadığına görə ona təyin ediləcək pensiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Şöbəsi tərəfindən hesablanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon şöbəsi tərəfindən ona pensiyası “Vətəndaşların pensiya təminatı haqqında”Azərbaycan Respublikası Qanunun, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun, “Prokurorluq Orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Onun pensiyası düzgün hesablanmamış, məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatı, pensiyaya çıxdığı vaxtdan müalicə alması ilə bağlı ildə birdəfəlik 2 aylıq əmək haqqı məbləğində pul müavinətləri, hər il əmək haqqının ikiqat məbləğində birdəfəlik maddi yardımın verilməsi hesablanmamışdır. Əmək pensiyasının düzgün hesablanması, məzuniyyətə görə 2 aylıq əmək haqqı məbləğində pul təminatının pensiyaya çıxdığı vaxtdan müalicə alması ilə bağlı ildə birdəfəlik 2 aylıq əmək haqqı məbləğində pul müavinətlərinin hesablanması, hər il əmək haqqının ikiqat məbləğində birdəfəlik maddi yardımın verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 19 yanvar 2022-ci il tarixli, **********2 №-li məktubla cavab verərək bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ alan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələbinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alma bilməz. Qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 19 yanvar 2022-ci il tarixli məktubu 01 fevral 2022-ci il tarixdə aidiyyəti poçtda qeydə alınaraq ona verilmişdir. Eyni zamanda 19 fevral 2022-ci il tarixli məktub növbəti iş günləri şənbə və bazar günlərinə düşdüyündən iddianın məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən ərizədə göstərdiyi prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyasının müəyyənləşdirilməsi zamanı ümumilikdə ödənilmiş əmək haqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı nəzərə alınmışdır. “Prokurorluq oraqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun 20.8-ci maddəsinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı, 20.9-cu maddəsinə əsasən müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti və 21.4-cü maddəsinə əsasən onlara hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilməsi haqqında bir rəsmi sənəd olmadığına görə pensiyanın məbləğinə yenidən baxılmasının mümkün olmadığı bildirilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prokurorluq orqanında işlədiyi dövrdə əmək haqqına ərizəsində qeyd olunmuş müavinət və maddi yardımlar hesablanmamışdır. Ona görə də, nəzərdə tutduğu artımların ona şamil edilə bilməməsi, bunun “Sosial Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onun üçün məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növü hesab olunması göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Nəsimi rayon Şöbəsinin pensiyasının düzgün hesablanması, məzuniyyətə görə iki aylıq əmək haqqı məbləğində pul təminatının, pensiyaya çıxdığı vaxtdan müalicə alması ilə bağlı ildə birdəfəlik iki aylıq əmək haqqı məbləğində pul müavinətlərinin verilməməsi, hər il əmək haqqının ikiqat məbləğində birdəfəlik maddi yardımın verilməməsinə dair cavabı əsassız və qanunsuzdur. Onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsi ilə müəyyən edilən “hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququ” pozulmuşdur. Prokurorluq orqanlarında pensiya almaq hüququ ilə xaric olunmuş şəxslərin Prokurorluq orqanlarından işləyən işçilərə aid olan hüquqlar və maddi təminatları saxlanılmışdır. Belə ki, prokurorluq işçilərinin hər il məzuniyyətə çıxması ilə əlaqədar ödənilən iki aylıq əmək haqqı məbləğində verilən pul təminatı, prokurorluq işçilərinin müalicə olunmaları üçün ildə bir dəfə iki aylıq əmək haqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il əmək haqqının ikiqat hissəsindən az olmayaraq verilən maddi yardım almaq, xüsusi geyim forması daşıya bilmək hüquqları saxlanmışdır. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, pensiyası hesablanarkən ildə 3 dəfə əmək haqqı məbləğində maddi yardım məbləğləri, eləcə də, 01 mart 2018-ci ildən prokurorluq işçilərinə vəzifə maaşlarının 10 % həcmində əmək haqqı artımı, 17 iyul 2020-ci ildən isə prokurorluq işçilərinin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı məbləğində əlavənin əmək haqqına artımlar kimi hesablanıb ödənilməsi, onunla Baş Prokurorluğun Daxili X3, Təhqiqat və Əməliyyat-Axtarış Fəaliyyətində qanunların icrasına nəzarət idarəsində işləyib pensiyaya çıxmış idarə prokurorları üçün hesablanmış pensiya məbləğində, onlardan biri kimi X2 pensiyasının Azəbraycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının presedent hüququna malik xx.xx.2017-ci il tarixli qərarı əsasında yenidən hesablanıb ödənilməsi qaydasında ona da, həmin məbləğlər nəzərə alınmaqla yenidən hesablanması və ödənilməmiş məbləğlər də, daxil olmaqla tam ödənilməsi, işlədiyi müddətdə 2010-cu il oktyabrında prokurorluq orqanlarında xidməti işinin 25 ili tamam olduğundan hər ay 50 % məbləğndə, yəni 1250 manat pensiya aldığı halda 08 yanvar 2018-ci il tarixdə prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi ilə əlaqədar pensiyaya çıxdıqdan sonra 100 % olmaq etibarı ilə ayda ən azı ona 2500 manat hesablanıb ödənilməli olduğu halda düzgün olmayaraq 2250 manat hesablanmaqla nəticədə yalnız bu hesabla hər ay ona 250 manat az ödənildiyinə görə həmin ödənilməmiş məbləğlər ondan sonra əmək haqqına edilmiş artırılmalar da, nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi, 08 yanvar 2018-ci ildə prokurorluq orqanlarında qulluq etmənin son yaş həddi olan 60 yaşa çatması ilə əlaqədar prokurorluq orqanlarında xidməti qulluğuna xitam verilərkən işlədiyi müddətdə məzuniyyətdə olmadığı 8 il üçün hər ayı 36 gün olmaqla almadığı məzuniyyət pulu verildiyi halda, pensiyası hesablanarkən həmin məbləğlər əmək haqqı kimi nəzərə alınmadığı üçün pensiya yenidən hesablanarkən həmin məbləğlərin də, nəzərə alınıb pensiyasına hesablanıb ödənilməsi, “Əmək pensiyaları haqqında” Qanunun əsasən pensiya hüququnun yarandığı gündən ona hesablanmalı olan, lakin indiyə kimi hesablanmamış, yaxud az hesablanmış, ödənilməmiş bütün məbləğlərin tam şəkildə yenidən hesablanması, ödənilməmiş pensiya məbləğlərinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6542/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, İddiaçı 05 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən ödənilən 2 aylıq əməkhaqqı məbləğində pul təminatı, prokurorluq işçilərinə müalicə olmaları ilə əlaqədar ildə bir dəfə 2 aylıq əməkhaqqı məbləğində ödənilən birdəfəlik pul müavinəti, prokurorluq işçilərinə hər il əməkhaqqının ikiqat həcmindən az olmayaraq verilən müavinət və prokurorluq işçilərinə ildə 3 dəfə əməkhaqqı məbləğində verilən maddi yardım, eləcə də pensiyaya çıxandan sonra əməkhaqqında olan artımlar nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını, həmçinin ardıcıl olaraq xx.xx.2007-xx.xx.2012-ci il tarixə kimi olan əmək fəliyyəti nəzərə alınmaqla təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin, Filial tərəfindən İddiaçı ünvanlanmış 19 yanvar 2022-ci il tarixli, **********2 nömrəli məktubda ərizədə göstərilmiş prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin tətbiq edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.1 -ci maddəsinə edilmiş dəyişikliyə əsasən, prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən dəyişiklik 01 iyul 2017-ci il tarixdən qüvvədə olmuşdur. Həmin tarixədək qüvvədə olmuş Qanunun sözügedən maddəsinə əsasən, prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin tələblərinə müvafiq olaraq, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 03 oktyabr 2020-ci il tarixdə prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının təyin edilməsi zamanı ödənilmiş əməkhaqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı nəzərə alınmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən: “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərciiyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1 -ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1 -ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən puİ ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqınaa qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.İddiaçı ərizəsində sadaladığı artımlar isə vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissəsinə daxil olmamışdır. Buna görə də onun pensiya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımları nəzərə alına bilməz. Məhz buna görə də, N.M.Ağamirzəvevə qanunvericiliyin tələbləri baxımından təyin olunmuş əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Sonradan cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, məhkəmə iclasında sorğulanan digər məsələ ilə bağlı bildirirlər ki, tərəflərindən Filiala xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktub ünvanlanmış və həmin məktubda əmək pensiyasının yenidən hesablanması zamanı 2500 manat əvəzinə 2250 manat müəyyən edilməsinin səbəbləri sorğulanmışdır. Filial tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubda 8 il üçün (2010-2018-ci illər) “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın İddiaçı əmək pensiyasının hesablanması zamanı nəzərə alınmadığı qeyd edilmişdir. Belə ki, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli qərarı ilə təsdiq edilmiş “Orta aylıq əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin” Siyahısının nəzərə alınmayan ödənclər sırasına daxildir. Məhz buna görə də, İddiaçı qanunvericiliyin tələbləri baxımından təyin olunmuş əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və etiraza əlavəyə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin mülahizəsini və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 19 yanvar 2022-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının hesablanması haqqında” məktubun surətindən görünür ki, iddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən ərizəsində göstərdiyi prokurorluq orqanlarında çalışan prokurorluq işçilərinə dövlət büdcəsinin vəsaiti hesabına bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ona münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Eyni zamanda bildirilmişdir ki, əmək pensiyasının müəyyənləşdirilməsi zamanı ümumilikdə ona ödənilmiş əmək haqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı nəzərə alınmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 22 aprel 2022-ci il tarixli, **********8 nömrəli məktubla təqdim edilmiş iddiaçıya məxsus pensiya işindən müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qulluq stajı ümumilikdə 30 il 10 ay, dövlət məvacibinin hesablandığı dövr 2008-2010-cu illər olmaqla, əmək pensiyasına qulluq stajına görə əlavə 45 %, mükafatlar 1400 %, Baş Prokurorluq tərəfindən verilmiş arayışa əsasən dövlət məvacibinin hesablandığı dövr - 2008-2010-cu illər üzrə əmək haqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı hesablanmışdır. İddiaçının pensiya məbləği cavabdehin xx.xx.2014-cü il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli “Peniya miqdarının dəyişdirilməsi haqqında” qərarlarına və xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarına əsasən yenidən hesablanmışdır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 17 noyabr 2022-ci il tarixli, 20/1339 nömrəli məktubla təqdim edilmiş məlumatdan görünür ki, prokurorluğun sabiq əməkdaşı İddiaçı pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduğuna göər istifadə olunmamış məzuniyyətə 10863,59 manat kompensasiya hesablanaraq ödənilmiş və kompensasiya məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ayırmalar edilmişdir. İddiaçı istifadə edilməmiş 251 gün üçün əmək məzuniyyətinə görə kompensasiya ödənilmişdir. İddiaçının aldığı kompensasiya məbləği aşağıdakı illər üzrə olmuşdur: 1985-1986, 1990-1991, 1995-1996, 2000- 2001, 2001 – 2002, 2014 – 2015, 2015 – 2016, 2016 – 2017, 2017 – 2018. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 19 yanvar 2022-ci il tarixli, **********2 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə əsassızdır. Belə ki, məhkəmə ilk öncə iddiaçının iddia tələbinin pensiyası hesablanarkən ildə 3 dəfə əmək haqqı məbləğində maddi yardımların və 01 mart 2018-ci ildən prokurorluq işçilərinə vəzifə maaşlarının 10 % -i həcmində əmək haqqı artımının hesablanması tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında olan iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, Baş Prokurorluq tərəfindən verilmiş arayışa əsasən iddiaçının əmək pensiyasına dövlət məvacibinin hesablandığı dövr - 2008-2010-cu illər üzrə əmək haqqının 6 misli miqdarında maddi yardım, 2 misli həcmində müalicə üçün müavinət, məzuniyyətə çıxarkən ödənilmiş 6 misli həcmində pul təminatı, 1400 % həcmində mükafatlar hesablanmışdır. Bundan əlavə, əmək haqqına olan artımlar və digər hallar nəzərə alınmaqla iddiaçının pensiya məbləği cavabdehin xx.xx.2014-cü il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli “Pensiya miqdarının dəyişdirilməsi haqqında” və xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarlarına əsasən yenidən hesablanmışdır. Göründüyü kimi, iddiaçının hazırki tələbləri əsassızdır. Məhkəmə iddiaçının digər tələbi olan 17 iyul 2020-ci ildən prokurorluq işçilərinin vəzifə maaşlarına bir aylıq vəzifə maaşı məbləğində əlavənin əmək haqqına artımlar kimi onun əmək pensiyasına hesablanması barədə tələbinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçıya ilk dəfə xx.xx.2010-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. 2018-ci il tarixdə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının həmin tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. Belə olan təqdirdə, iddiaçının prokurorluq işçisi kimi almadığı, hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavənin pensiya hesablanmasında nəzərə alınması Konstitusiya Məhkəməsi Plenumunun qərarında şərh edilən qanun normalarının tələbləri ilə uzlaşmadığından həmin iddia tələbi də, təmin edilə bilməz. Məhkəmə iddiaçının digər tələbləri olan əmək pensiyası məbləğinin hər ay azı 2500 manat hesablanmalı olmasına baxmayaraq, 2250 manat hesablanaraq, hər ay ona ödənilməmiş 250 manat məğləğlərin əmək haqqına sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanıb birdəfəlik ödənilməsi və istifadə etmədiyi məzuniyyət günləri üçün aldığı kompensasiya məbləğinin əmək haqqı kimi nəzərə alınmaqla pensiyasının yenidən hesablanması tələblərinə münasibətdə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması zamanı 2500 manat əvəzinə 2250 manat müəyyən edilməsinin səbəbi, 8 il üçün (2010-2018-ci illər) “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya”nın İddiaçı əmək pensiyasının hesablanması zamanı nəzərə alınmaması olmuşdur. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş pensiya işinə və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən verilmiş arayışa əsasən müəyyən edilmişdir ki: - iddiaçıya pensiya hesablanması zamanı prokurorluq orqanlarında qulluq keçdiyi 2008 – 2010-cu illər üzrə əmək haqqı nəzərə alınmışdır. - iddiaçıya isə istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya məbləği aşağıdakı illərə görə ödənilmişdir: 1985-1986, 1990-1991, 1995-1996, 2000-2001, 2001 – 2002, 2014 – 2015, 2015 – 2016, 2016 – 2017, 2017 – 2018. Göründüyü kimi, iddiaçının istinad etdiyi kompensasiya məbləği 1985-1986, 1990-1991, 1995-1996, 2000-2001, 2001 – 2002, 2014 – 2015, 2015 – 2016, 2016 – 2017, 2017 – 2018 illərə aiddir. Bu səbəbdən də, həmin məbləğlər iddiaçıya 2018-ci ildə hesablanmış, 2008-2010-cu illəri əhatə edən əmək haqqı məbləğinə daxil edilə bilməz. Həmin məbləği iddiaçının hansı ildə alması, həmçinin həmin məbləğdən məcburi sığorta haqqı tutulması da, vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, istənilən halda, həmin məbləğ iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etdiyi 2008-2010-cu illəri əhatə edən əmək haqqının tərkibinə daxil deyil və “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin məzmunundan da göründüyü kimi əmək pensiyasına əlavələr qulluğun məhz son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə də, əsassızdır. Məhkəmə iddiaçının sonuncu tələbi olan pensiya hüququnun yarandığı gündən ona hesablanmalı olan, lakin indiyə kimi hesablanmamış, yaxud az hesablanmış, ödənilməmiş bütün məbləğlərin tam şəkildə yenidən hesablanması, ödənilməmiş pensiya məbləğlərinin birdəfəlik ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırki tələbinin hüquqi müqəddəratı əvvəlki iddia tələbləri ilə əlaqədar olduğundan, həmin tələblərə isə işin yuxarıda sadalanan halları ilə baxılaraq hüquqi qiymət verilərək əsassız hesab edildiyindən, hazırki tələb də, müzakirə edilmədən əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar