Məhkəmə qərarları › İş №2-1(112)-6543/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6543/2023

07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6543/2023 07.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı,cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı "müharibə veteranı adının verilməsi vəzifəsinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci ildən xx.xx.2021-ci ilədək xidmət etdiyi dövrdə respubilkada yeganə olan Harop və digər döyüş başlıqlı kamikadze dronları ilə silahlanmış Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissə komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir.Onun xidmət etdiyi hərbi hissə tam tərkibdə xx.xx.2021-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir. Düşmənin müqavimətini qırmaq üçün xidmət etdiyi hərbi hissə N istiqamətdən atəş həyata keçirmişdir,atəş nöqtələrindən birinin də rəhbəri iddiaçı olmuşdur. Rəhbərlik etdiyi atəş qrupunun sərəncamında olan dronlar döyüş vaxtı məharətlə düşmənə qarşı tətbiq edilmişlər. Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2021-ci il tarixli 1176 nömrəli əmrinə əsasən ”xəstəliyə görə” səbəbilə N nömrəli hərbi hissə komandirinin müavini vəzifəsindən silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə 2022-ci il ərzində 2 dəfə müraciət edərək ona müharibə veteranı adı verilməsini xahiş etmişdir. Hər iki müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının adı "Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiyaya təqdim olunmuşdur. Nəhayət xx.xx.2022-ci il tarixdə ƏƏSMN-nin Zəfər altsistemində iddiaçı barədə veteran statusunun təyin olunması barədə məlumat əks olunmuşdur.13 və 15 dekabr 2022-ci il tarixlərdə aidiyyatı qurumla əlaqə saxladıqda iddiaçıya bildirildi ki, onun adı Zəfər alststemində vardır, dekabr ayının sonunadək müavinət təyin olunacaqdır, lakin xx.xx.2022-ci ildə aidiyyəti qurumla əlaqə saxladıqda Dövlət Sərhəd Xidmətinə yönəldildi, oradan isə ona bildirildi ki, adı heç bir səbəb göstərilmədən siyahıdan çıxarılmışdır.Bundan sonra cavabdehə müharibə veteranı adının verilməsi ilə bağlı müraciət etsə də müraciəti təmin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cаvаbdеh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən iddia ərizəsinə etirazın təqdim edilməsi tələb edilsə də etiraz təqdim edilməmişdir. İİ.İddianın növü və mümkünlüyü.

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, müraciəti təmin edilməmişdir, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6.İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 7.Cavabdehin nümayəndəsi A.Hacıyev çıxışında iddianın təmin edilməsinə etirazının olmadığını bildirdi. 8.İddaçı tərəfindən məhkəməyə təqdim edilmiş: 049107 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.2020-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir; “Zəfər” altsistemində statusun yoxlanılması haqqında məlumata əsasən iddiaçının statusu “veteran” kimi qeyd edilmişdir; “İdarəetmə nöqtələri” haqqında məlumata əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında kamikadze dronların atəş nöqtələrindən birinə rəhbərlik etmişdir; Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarına əsasən iddiaçının adı Vətən müharibəsində iştirak etmiş şəxslər barədə arayışlara daxil edilərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir; İddiaçının cavabdehə xx.xx.2022-ci il tarixli müraciətinə əsasən iddiaçı müharibə veteranı statusunun “Zəfər” altsistemində olması və sonradan çıxarılması məsələsinin araşdırılmasını xahiş etmişdir. 9.Cavabdehin təqdim etdiyi sənədlərə əsasən: Cavabdehin kadrlar baş idarəsinin cavabdehin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış, daxil olma tarixi xx.xx.2023-cü il qeyd edilmiş məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabnetinin xx.xx.2022-ci il tarixli, TE-1017m nömrəli tapşırığında iddiaçının da adı daxil olmaqla bir sıra əməkdaşlar barədə döyüş əməliyyatı aparılan ərazilərdə olmalarına dair məlumatlar qənaətbəxş hesab olunmadığından geri qaytarılmışdır, daxil olmuş sənəddə adları qeyd olunan şəxslər barədə döyüş əməliyyatlarının təfsilatı əks olunduğu arayışlar (hər bir şəxsə münasibətdə ayrıayrılıqda) yenidən hazılanmış və aidiyyəti üzrə məruzə olunduqdan sonra təkrar baxılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabnetinə göndərilməsi nəzərdə tutulur; Cavabdehin kadrlar baş idarəsinin cavabdehin İstintaq və Təhqiqat İdarəsinə ünvanlanmış, daxil olma tarixi xx.xx.2023-cü il qeyd edilmiş məktubuna əsasən iddiaçının adı daxil olmaqla cavabdehin hərbi qulluqçularına və işçilərinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məsələsinə baxılması üçün müvafiq sənədlər təkrarən Azərbaycan Respublikası Nazirlər Kabnetinə göndərilmişdir.

İV. Məhkəmənin mövqeyi

10.Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

12. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasında göstərilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 13.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin preambulasına əsasən bu Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Həmin əsasnamənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən ”Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Həmin əsasnamənin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən “Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.” Habelə əsasnamənin qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Əsasnamədə habelə göstərilir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. 13.Məhkəmə işin faktiki halalrı ilə bağlı qeyd edir ki, iddiaçı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, pilotsuz uçan aparatlar bölməsinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslər kateqoriyasına aiddir, belə ki, qeyd edilən dövrdə pilotsuz uçan aparatlar bölməsinin atəş nöqtəsinin rəhbəri olmuşdur, iddiaçının adı “Zəfər” altsisteminə daxil edilsə də sonradan çıxarılmışdır, halhazırda cavabdeh iddiaçının adının həmin altsistemə müharibə veteranı kimi daxil edilməsi üçün yenidən müvafiq sənədləri Azərbaycan Respublikasının Nazirlkət Kabinetinə təqdim etmişdir. 14.Eyni zamanda cavabdeh iddiaçının iddiasının təmin edilməsinə etirazının olmadığını bildirmişdir. 15.Məhkəmə onu da qeyd edir ki, iddiaçıya veteran adının verilməsini istisna edən halların (haqqında cinayət işinin və araşdırma materialın) olması barədə məlumat cavabdeh və ya digər orqan tərəfindən məhkəməyə verilməmişdir. 16.Beləliklə, işin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir və bu səbəbdən iddia tələbində haqlıdır. 17.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 18.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qanuni və əsaslıdır, odur ki, iddia tələbi təmin edilməli, iddiaçıya müharibə veteranı adının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 19.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 20.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. 22.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adının verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar