Məhkəmə qərarları › İş №2-1(112)-6544/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6544/2020

16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6544/2020 16.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Prokurorluğuna qarşı “Azərbaycan Respublikası CM-nin 186, 308, 309, 322-ci maddələrini rəhbər tutaraq tədbir görülməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası CM-nin 186, 308, 309, 322-ci maddələrini rəhbər tutaraq tədbir görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələbinə müvafiq olaraq əsasən məhkəmənin yardım etmək vəzifəsinə uyğun olaraq məhkəmə iddiaçıya xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Bakı şəhər Prokurorluğunun inzibati orqan kimi müəyyən olunmadığı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2.1-ci maddəsinə əsasən inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığı izah edilmişdir. Lakin iddiaçı tərəfindən hər hansı müvafiq hərəkət edilməmişdir. İddianın mümkünlük məsələsinin araşdırılması məqsədilə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək qeyri mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd); «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 nömrəli xx.xx.2007-ci il tarixli Qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Həmin Təsnifatda isə Bakı şəhər Prokurorluğu inzibati orqan kimi müəyyən edilməmişdir. Eyni zamanda iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə araşdırması zamanı şifahi izahatından müəyyən olunur ki, idiaçının tələbi cavabdehin cinayət prosessual fəaliyyəti ilə bağlıdır və iddiaçı ilə cavabdeh arasında hər hansı bir inzibati hüquq münasibəti mövcud deyildir. İnzibati hüquq münasibətinin mövcud olmadığı halda isə inzibati mübahisədən söhbət gedə bilməz. Belə ki, iş materiallarından görünür ki, iddiaçının eyni məzmunlu müraciəti Bakı şəhər Prokurorluğu tərəfindən araşdırılmış və xx xxxxxx 2019-cu il tarixdə cavab verilərək bildirilmişdir ki, Nəsimi rayon prokurorluğunda aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, X2 xx.xx.2017-ci il tarixdə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, İzzət Həmidov (7-ci Sverdlov) küçəsi, ev 13-də yerləşən 2 otağın bir hissəsini oğlu Alim Rəhimova bağışlanması ilə əlaqədar 13 saylı Notariat kontoruna müraciət etmiş, xx.xx.2017-ci il tarixdə 13 saylı Notariat kontorunda 2-ci dövlət notariusu Kəmalə Hüseynzadə həmin mənzilin Suriddin Rəhimova məxsus hissəsinin 1/2 hissəsini oğlu Alim Rəhimova bağışlaması ilə əlaqədar bağışlama müqaviləsinə S.Rəhimovun istəyi ilə müvafiq düzəliş aparmaqla imzalamış, möhürləmiş və vətəndaşa təqdim etmişdir. Bununla əlaqədar Kəmalə Hüseynzadə S.Rəhimovdan yaxud kənar şəxslərdən pul və sair maddi nemət istəməmiş, almamış, onun tamah niyyəti olmamış və o, həmin müqaviləyə bilə-bilə yalan məlumat daxil etməmişdir. Bundan başqa xx.xx.1985-ci ildən Bakı Dəmir Yolu Xəstəxanasının Qan köçürmə şöbəsində müdir vəzifəsində işləməklə xx xxx 2007-ci il tarixdən xx xxx 2007-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlmədiyinə, xx xxx 2007-ci il tarixdə Cərrahiyyə şöbəsində əməliyyat olduğu halda iş yerində olmadığına görə Cərrahiyyə şöbəsinin əməliyyat blokunun qanla təmin edilməsində təqsirli olduğuna görə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2007-ci il tarixli, 105/K nömrəli əmr əsasında ləğv edilməsi ilə əlaqədar hər hansı şəxsin əməlində cinayət tərkibin olması müəyyən edilməmişdir. Həmçinin, araşdırma zamanı Azərbaycan DYQSC-nin Bakı Dəmir Yol Xəstəxanasının baş həkimi Laçın İmanovun əməlində də cinayət tərkibi aşkar edilməmişdir. Ona görə də iddiaçının müraciəti əsasında Nəsimi rayon prokurorluğunda toplanmış material üzrə xx.xx.2019-cu il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edildiyi, hazırda material üzrə qəbul edilmiş qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyi, Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə əsasən həmin qərardan yuxarı prokurora, yaxud məhkəməyə şikayət etmək hüququnun olduğu izah edilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 212.1-ci maddəsinə görə cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 212.3-cü maddəsinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunduğu kimi sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Qərarının 15-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikası Qanununun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Beləliklə, bu qəbildən olan iddialara məhz cinayət mühakimə icraatı qaydasında baxılacağı müəyyən olunmuşdur. İPM-nin 2.1-ci maddəsinə görə isə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Tolqatovnanun cavabdeh Bakı şəhər Prokurorluğuna qarşı “Azərbaycan Respublikası CM-nin 186, 308, 309, 322-ci maddələrini rəhbər tutaraq tədbir görülməsi” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar