Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6545/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə qarşı “izahatın surətinin verilməsinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin 15.01.2021-ci il tarixli qərarı üzrə şikayətçi olduğu Elçin Hüseynovun (şahidlərin iştirakı ilə pulun etirafı barədə ərizənin) izahatının surətinin verilməsinin cavabdehə həvalə olunması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, ev alqı-satqısı ilə məşğul olan Elçin Hüseynov tərəfindən aldadılaraq 10000 manat pulunu qaytarmadığı üçün Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 34-cü polis şöbəsinə şikayət edib. Bakı şəhər, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis bölməsinin təhqiqatçısı polis leytenantı X1 onun və şikayətçi olduğu Elçin Hüseynovun izahatını almışdır. Elçin Hüseynov izahatında iddiaçıdan 10000 manat pul aldığını etiraf etmişdir, bu barədə izahat yazmağına baxmayaraq, 34cü polis bölməsinin təhqiqatçısı 15 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara Elçin Hüseynovun izahatını yazmamışdır və Elçin Hüseynovun adını, soyadını hansı ünvanda qeydiyyatda olduğunu göstərməmişdir.
3. Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış məktubla bildirilmişdir ki, iddiaçının şikayəti mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15.01.2021-ci il tarixli qərar qəbul edilmiş, qərardan narazı olduğu təqdirdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna, yuxarı prokurora və ya bilavasitə Xətai rayon məhkəməsinə şikayət vermək hüququ izah olunmuşdur.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, iddiaçı isə məhkəmə iclasına gəlmişdir.
II. İddianın mümkünlüyü
5. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd)
6. “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.
7. Məhkəmə hesab edir ki, hazırki iddia polisin cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti üzrə fəaliyyətindən irəli gəlir.
8. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur.
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 04, 7.2-ci bənd).
10. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun 25 mart 2004-cü il Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmir.
11. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 6.1-ci bənd)..
12. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
13. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı arzuladığı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməmişdir, bu səbəbdən iddiaçıya öz seçiminə uyğun olaraq maddi zərər vurduğunu hesab etdiyi şəxsə qarşı iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna, yuxarı prokurora və ya bilavasitə Xətai rayon məhkəməsinə şikayət vermək hüququ izah olunmalıdır.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva