Məhkəmə qərarları › İş №2-1(112)-6548/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6548/2024

07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6548/2024 07.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununda mərhum X1 üçün nəzərdə tutulmuş 11000 (on bir min) manat məbləğində sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1966-cı ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuş, ailə qurduqdan sonra Zəngilan rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. X2 və anası X4 vəfat etmişlər. X1 xx.xx.1975-ci ildə Naxçıvan şəhərində anadan olmuş, xx.xx.1996-cı ildə Sədərək döyüş bölgəsində xidməti borcunu yerinə yetirərkən nizamnaməyə uyğun olmayan münasibətlər çərçivəsində odlu silahdan aldığı güllə yarasından həlak olmuşdur. Qardaşının həlak olması barədə SHXÇDX-nin Naxçıvan şəhər idarəsi və hərbi hissə tərəfindən verilən arayışlarda öz təsdiqini tapmışdır. Naxçıvan şəhər, Badaşqan kənd qəbristanlığında dəfn edilmişdir. Hal hazırda onun qəbri Naxçıvan şəhər, Badaşqan kənd qəbristanlığında yerləşir. Dəfələrlə cavabdehə müraciət etsə də, birdəfəlik sığorta ödənişi ala bilməmişdir, hazırda problem ondan ibarətdir ki, mərhum X1na birdəfəlik sığorta ödənişi edilməsi üçün hərbi qulluqçu olduğuna görə onun məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti tərəfindən elektron sistemə daxil edilməmişdir, bu səbəbdəndə ödəniş edilməsində problemlər yaranmışdır. Bu səbəblərdən də bu günə qədər mərhum X1 üçün nəzərdə tutulan 11000 manat məbləğində sığorta ödənişini vərəsəsi kimi ala bilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində bildirmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq, birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 5-ci hissəsinə əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar və Ədliyyə nazirlikləri, Xüsusi Dövlət Mühafizə, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd xidmətləri və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilmiş siyahıda X5 adı aşkar edilməmiş, məsələyə aydınlıq gətirilməsi üçün İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməyi tövsiyə olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin İddiaçı ünvanladığı 12 iyun 2023-cü il tarixli cavab məktubunda X1nun ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığından onun adının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun olaraq 11000 manat birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar olan siyahıya əlavə edilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 26 may 2023-cü il tarixli cavab məktubunda da iddiaçının qardaşı Ş.Gözəiovun ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası ilə əlaqədar olmadığı bildirilmişdir. Həmçinin, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 sentyabr 2018-ci il tarixli 6-8 nömrəli Qərarının 1.4-cü bəndinə əsasən İddiaçı hazırkı iddia tələbi üzrə cavabdeh qismində çıxış etməli olan orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, hazırkı iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2018-ci il tarixli 1 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən 1997ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilməsi qərara alınmışdır. Fərmanın 2-ci hissəsinə görə birdəfəlik ödəmə bu Fərmanın 5-ci və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir. Fərmanın 3-cü hissəsinə görə birdəfəlik ödəmə bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir: 3.1. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölümü haqqında şəhadətnamə; 3.2. hərbi qulluqçunun və ya daxili işlər orqanları əməkdaşının ölmüş elan edilməsi haqqında məhkəmə qərarı; 3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd; 3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış. Fərmanın 5-ci hissəsinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etməsi və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi tapşırılmışdır. İstinad olunan normalardan görünür ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçulara görə onun vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən o şərtlə birdəfəlik ödəmə verilir ki, həmin şəxsin adı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş siyahıya salınaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. İş materiallarından müəyyən olunur ki, iddiaçının qardaşı olduğunu iddia etdiyi Şahin Gözəlovun adı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş siyahıya salınaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməmişdir. Həmçinin işdə olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 9672/2023 saylı qərardadından görünür ki, iddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş 11000 manat məbləğində sığorta ödənişinin edilməsi üçün mərhum X1nun adının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmiş siyahıya daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin həmin qərardadı ilə iddiaçı M.Əliyev mərhum X5 vərəsəsi olmasına dair heç bir sübut təqdim etmədiyindən iddiaçının həmin iddianı qaldırması üçün subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkün saymamışdır. Həmin məhkəmə qərardadından görünür ki, Xidmət məsələ ilə bağlı bildirmişdir ki, İddiaçı müraciətinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılmış, mərhum X5 ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsilə əlaqədar olubolmaması ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu edilmiş, həmin nazirliyin xx.xx.2023-cü il tarixli, 3-25-1/2-G-6588- 42/2023 nömrəli məktubunda və ona əlavə edilmiş Naxçıvan qarnizonu hərbi tribunalının xx.xx.1997-ci il tarixli müvafiq hökmünə əsasən, kiçik çavuş X9 xx.xx.1996-cı il tarixdə qarşılıqlı münasibətlərin, nizamnamə qaydalarının pozulması səbəbindən əsgər Əliyev Neymət isa oğlu tərəfindən odlu silahdan açdığı atəş nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən hadisə yerində ölməsi qeyd olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hərbi idarəetmə orqanları tərəfindən təqdim edilmiş 1997-ci il avqustun 2-dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş hərbi qulluqçuların siyahılarında X5 adı aşkar edilməmiş və bu səbəbdən əsaslı olaraq Ş.Y.Gözəlovun adının adıçəkilən siyahıya salınmasına imtina edilmişdir. Göründüyü kimi, işin hazırkı halları ilə iddiaçının qardaşı Şahin Gözəlovun 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu olması, habelə iddiaçının həmin şəxsin vərəsəsi olması iş materialları ilə müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya birdəfəlik ödəmənin verilməsi üçün ilk əvvəl onun qardaşı Ş.Gözəlovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçu olması müəyyən edilməlidir. O da qeyd edilməlidir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki:

1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.

2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Həmin qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “...Qeyd olunmalıdır ki, bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 14.1-ci maddəsində isə vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxs kimi məhz ailə üzvləri nəzərdə tutulmuşdur. Onların sırasına vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları, ata, ana, ər, arvad aiddir. Sadalanan maddələrdən göründüyü kimi, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır. Odur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5ci maddəsində, həm də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında sığorta ödənişinin sığortaolunanın vərəsələrinə ödənilməsi barədə müddəaların olması bu ödənişin məqsədini dəyişmir. Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı. ... On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.” Göründüyü kimi, Konstitusiya Məhkəməsi belə qərara gəlmişdir ki, sığorta ödənişi ailə üzvlərinə, yəni şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynlərinə (övladlığa götürənləri) ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar