Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6548/2025 04.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və digər” tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 65 yaşına çatdığı gündən yaşa görə əmək pensiyasının təyin olunması, hesablanması və ödənilməyən pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1976-xx.xx.1977-ci illərdə Quba rayonu, Sabir adına Sovxozda fəhlə kimi çalışmışdır. O, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra yenidən Bakı Baş Tikinti İdarəsinin (bundan sonra BBTİ) 24 saylı Tikinti idarəsinin 11 saylı ictimai-mədəni tikinti trestrinə işə daxil olmuş, xx.xx.1980-xx.xx.2006-cı illərdə fəhlə, usta vəzifələrində çalışmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək ümumi 25 ildən çox stajı olmuşdur. İddiaçı cavabdehə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdehin nəzərə almadığı 1980-2006-cı illərdəki dövr isə xx.xx.2006-cı ildən əvvəlki dövrü əhatə etmiş və həmin dövr iddiaçının əmək kitabçasında əks olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletinin surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 8 il 5 ay 7 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan Bakı Baş Tikintinin 24 saylı Tikinti İdarəsinin 11 saylı İctimai-Mədəni tikinti trestində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən BBTİ-nin 24 saylı Tikinti İdarəsinin Arxivdə saxlanılan əmr və əməkhaqqı kitablarında onun adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda, sözügedən müəssisənin 1980-ci il və 1982-ci illərin arxivə təhvil verilmiş sənədlərində adı aşkarlanmadığından, həmçinin 1988-ci ildən sonrakı dövrlərə aid əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (Bakıbaştikinti idarəsinin köçürülmə əmri SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrün sığota stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq iddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğu üçün ona bu növ pensiyanın təyin edilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir və hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1959-cu ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1976-cı il tarixdə Quba rayon Sabir adına Sovzoxda fəhlə kimi işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixdə Sovet ordusu sıralarına çağırışı ilə əlaqədar işdən azad edilmişdir. O, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək Sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1980-ci il tarixdə Bakı Baş Tikinti İdarəsinin 24 saylı Tikinti idarəsinin 11 saylı ictimai-mədəni tikinti trestində işə qəbul olunmuş, (xx.xx.1980-ci ildə 1 dərəcəli fəhlə, xx.xx.1980-ci ildə 2 dərəcəli suvaqçı, xx.xx.1981-ci ildə 3 dərəcəli suvaqçı, xx.xx.1983-cü ildə 4 dərəcəli suvaqçı, xx.xx.1987-ci ildə tariflərə əsasən 4 4 dərəcəli suvaqçı, xx.xx.1989-cu ildə əvvəlki vəzifəsi verilmiş, xx.xx.1993-cü ildə 5 dərəcəli suvaqçı, xx.xx.1993-cü ildə 6 dərəcə suvaqçı işləmişdir. xx.xx.2006-cı il tarixdə tərəflərlərin razılaşması ilə həmin idarədə tutduğu vəzifədən işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaolunanların reyestri” bölməsində İddiaçı sığortaolunan kimi uçot məlumatları aşkar edilməmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, BBTİ 24 saylı Tikinti idarəsinin natamam arxiv sənədlərinin əmək haqqı cədvəllərində İddiaçı 1981, 1983, 1984, 1985, 1986 və 1987-ci illərə dair əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur. Məktubda həmin illərə dair əmək haqqı cədvəli əks olunmuş və qeyd edilmişdir ki, idarənin 1980, 1982-ci illərə dair əmək haqqı cədvəllərində iddiaçı barədə heç bir məlumat yoxdur. Eyni zamanda, idarənin 1980, 2006-cı illərə dair əmr kitabları, 1981-ci ilin may-dekabr aylarına və 1987-ci ildən sonrakı dövrlərə əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İddiaçının müraciətinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda iddiaya yazılı etirazda göstərilən əsaslar qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddia tələbinə cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İşdən göründüyü kimi iddiaçı 65 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. O, həmin tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki: 1) İddiaçının hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 8 il 5 ay 7 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən BBTİ-nin 24 saylı Tikinti İdarəsinin Arxivdə saxlanılan əmr və əməkhaqqı kitablarında onun adına əmək haqqı hesablanan aylar sığorta stajına daxil edilmişdir. Eyni zamanda, sözügedən müəssisənin 1980-ci il və 1982-ci illərin arxivə təhvil verilmiş sənədlərində adı aşkarlanmadığından, həmçinin 1988ci ildən sonrakı dövrlərə aid əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. 2) “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (Bakıbaştikinti idarəsinin köçürülmə əmri SSRİ möhürü ilə təsdiqlənib) həmin dövrün sığota stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”n 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, iddiaçının əmək kitabçasında olan qeydə əsasən o, xx.xx.1976-cı il tarixdə Quba rayon Sabir adına Sovzoxda işləmiş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuş və xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Baş Tikinti İdarəsinin 24 saylı Tikinti idarəsinin 11 saylı ictimai-mədəni tikinti trestində müxtəlif vəzifələrdə işləmişdir. Cavabdeh həmin dövrün bir hissəsini mübahisələndirərkən həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməsini mümkün olmamasını müəssisənin 1980-ci il və 1982-ci illərin arxivə təhvil verilmiş sənədlərində iddiaçının adınını aşkarlanmaması və 1988-ci ildən sonrakı dövrlərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi səbəbi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin məhkəm sorğusuna cavab məktubunda iddiaçının 1981 və 1983-1987-ci illərdə Baş Tikinti İdarəsinin 24 saylı Tikinti idarəsinin 11 saylı ictimai-mədəni tikinti trestində aldığı əmək haqqı ilə ilə bağlı əmək haqqı cədvəli məhkəməyə göndərilmişdir. Göründüyü kimi həmin dövr üzrə iddiaçı bir neçə ay istisna olmaqla qalan aylar ərzində əmək haqqı almışdır. Eyni zamanda məktubda 1980, 1982-ci illərə dair əmək haqqı cədvəllərində iddiaçı barədə heç bir məlumat olmadığı, idarənin 1980, 2006-cı illərə dair əmr kitablarının, 1981-ci ilin may-dekabr aylarına və 1987-ci ildən sonrakı dövrlərə əmək haqqı cədvəllərinin Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Həmin məktuba əsasən müəyyən edilir ki, Bakı Baş Tikinti idarəsinin 1980 və 1982-ci illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilsə də, həmin cədvəllrədə iddiaçı barəsində məlumat yoxdur. Lakin, 1981-ci ilin may-dekabr aylarına və 1987-ci ildən sonrakı dövrlərə əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı Baş Tikinti idarəsinin 1980 və 1982-ci illərə dair əmək haqqı cədvəlləri arxivə təhvil verilsə də, həmin cədvəllrədə iddiaçı barəsində məlumat olmadığı üçün həmin dövrlərin iddiaçının əmək stajı kimi nəzərə alınmaması mümkündür. Lakin, 1981-ci ilin may-dekabr aylarına və 1987-ci ildən sonrakı dövrlərə əmək haqqı cədvəlləri ümumiyyətlə arxivə təhvil verilmədiyi üçün iddiaçının həmin dövrlərdə əmək haqqı alıb-almadığı müəyyən edilmir. Məhkəmə hesab edir ki, bu hal iddiaçının xeyrinə şərh edilməli və həmin dövrlər iddiaçının əmək stajının hesablanması zamanı nəzərə alınmalıdır. Belə ki, həmin dövrlər iddiaçının əmək kitabçasında əks olunmuş, cavabdeh isə bunun əksini sübut edə bilməmişdir. Qeyd edilən dövrlər nəzərə alınmaqla isə (hətta 1980 və 1982-ci illər üzrə dövr istisna edilsə belə) iddiaçının əmək stajı 25 ildən artıqdır. Bu isə ona əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Həmçinin, digər tərəfdən, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına” əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1995-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydasının pozulması qeyd edilsə də, həmin pozuntuların nədən ibarət olması cavabdeh tərəfindən ətraflı şəkildə izah edilməmişdir. Analoji işlərlə bağlı yaranmış ümumi fikrə əsaslanaraq, məhkəmə zəruri hesab edərək bildirir ki, qeydin latın əlifbası ilə deyil, kiril qrafikalı möhürlə təsdiqləndiyinə əsaslanaraq həmin dövrün iddiaçının əmək stajına daxil edilməməsi ilə bağlı edilməlidir ki, iddiaçı işlədiyi müəssisənin möhürünün kiril və yaxud latın qrafikalı olmasına görə cavabdehlik daşıya bilməz. Digər tərəfdən Azərbaycan ərazisində latın əlifbasından 1991ci ildən etibarən istifadə olunur, bundan öncə isə uzun illər ərzində kiril əlifbasından istifadə olunurdu. Bu səbəbdən müəssisənin möhürünün kiril qrafikalı olması möhürün müəssisə rəhbərliyinin məsuliyyətsizliyi və sair səbəbdən dəyişdirilməməsi səbəbindən ola bilər. Bu isə iddiaçının əmək stajının şübhə altına alınmasına səbəb ola bilməz. İPM-də göstərilmişdir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (14.1.). İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (14.2.). İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). Göründüyü kimi iddiaçı öz tələbinin əsasında duran sübutları məhkəməyə təqdim etmişdir. Yəni, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən iş stajı onun əmək kitabçası ilə təsdiqini tapır. Belə olan halda həmin halın əksini, yəni iddiaçının əmək kitabçasında qeyd edilmiş, lakin cavabdeh tərəfindən nəzərə alınmayan staj dövrlərinin real olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə öz mövqeyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya 65 yaşından, yəni 23 mart 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu 23 mart 2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən etibarən ödənilməyən pensiya məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6548/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6548/2025
04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver