Məhkəmə qərarları › İş №2-1(112)-6549/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6549/2020

13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6549/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (üçüncü şəxs “xxxx” Mənzil Tikinti Kooperativi) qarşı «iddiaçının adına mənzilə dair reyestrdə qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra – DƏDRX) Bakı şəhər Ərazi İdarəsinə qarşı «iddiaçının adına mənzilə dair reyestrdə qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə İPM-in 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı (İddiaçı) xx xxxx 2011-ci il tarixdə “xxxx” MMC ilə 48 nömrəli müqavilə bağlayaraq, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının İX mərtəbəsində 3 otaqlı, 27 nömrəli 140,6 kv.m sahəsi olan mənzili əldə etmişdir. O, mənzilin dəyərini tam ödəmiş və bu barədə “xxxx” MMC tərəfindən ona maliyyə arayışı verilmişdir. Həmin arayışda göstərilmişdir ki, onun (İddiaçı) xx xxxx 2011-ci il tarixli 48 nömrəli müqavilə üzrə borcu qalmamışdır. İddiaçı 2017-ci ilin dekabr ayında DƏDRX Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, həmin mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsini xahiş etmişdir. Lakin həmin təşkilat məsələnin həllindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, AR Mülki Məcəlləsinin 139, 152, 157, 178-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2.1, 4, 17-ci maddələrinə, «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1, 5, 9-cu maddələrinə, İPM-in 45 – 49-cu maddələrinə əsaslanaraq, iddiaçının adına həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və reyestdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyuması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin (Bakı şəhər Ərazi İdarəsinin adı dəyişdirilmişdir) məhkəməyə ünvanlanmış iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı iddiası etirazla qarşılanır. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. Bu barədə Bakı şəhər Ərazi İdarəsinin x xxxxxx 2018-ci il tarixli cavab məktubu vardır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10, 11.1, 12.1, 23-cü maddələrinə, İPM-in 35.1, 48.2-ci maddələrinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İnzibati mübahisəyə mahiyyəti üzrə x xxxx 2018-ci il tarixdə baxılmış və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin tarixli (2-1(81)-1054/2018 saylı) qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqlı, 27 saylı, 140,6 kv.m sahəsi olan mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2018-ci il tarixli 2-1(81)- 1054/2018 saylı qərarı, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Kommersiya Məhkəməsi, Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi, Gəncə şəhərində Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi, Sumqayıt şəhərində Sumqayıt İnzibati Məhkəməsi və Sumqayıt Kommersiya Məhkəməsi, Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsi və Şirvan Kommersiya Məhkəməsi, Şəki şəhərində Şəki İnzibati Məhkəməsi və Şəki Kommersiya Məhkəməsi təşkil edilmiş, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi və Şəki İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir. “xxxx” Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1054/2018 saylı (İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «iddiaçının adına mənzilə dair reyestrdə qeydiyyatın aparılması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə) inzibati işinin məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və həmin inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, məhəllə 717 ünvanında yerləşən 1 saylı çoxmənzilli yaşayış binası “xxxx” MTK tərəfindən inşa edilmiş və adıçəkilən MTK-ya məxsusdur. Bununla bağlı MTK müvafiq sənədləri əldə etmişdir: Bakı ŞİH sərəncamı, xəritədən çıxarış, ayrılmış torpaq sahəsinin cizgisi, ayrıc aktı, rəy və s. Lakin 2020-ci ilin avqust ayında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsindən məlum olmuşdur ki, həmin ünvanda yerləşən mənzillərin bəzilərinə dair reyestrdən çıxarışlar verilmiş və bu çıxarışlar 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarları əsasında alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxx 2018-ci il tarixli 2-1(81)- 1054/2018 saylı qərarı ilə İddiaçı iddiası təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqlı, 27 saylı, 140,6 kv.m sahəsi olan mənzilin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar əsasında sözügedən mənzilə dair həmin şəxsin adına reyestrdə qeydiyyat aparılmış və reyestrdən çıxarış verilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, İddiaçı “xxxx” MMC ilə mənzilin alınmasına dair alqı-satqı müqaviləsi bağlamışdır. Halbuki, x xxxx 2018-ci il tarixdə “xxxx” MTK ilə “xxxx” MMC arasında müştərək fəaliyyət üçün müqavilə (razılaşma) bağlanmış və müqavilənin 3.1.14-cü bəndində qeyd edilmişdir ki, mənzillərin satılması üçün alıcılarla müqavilələr “xxxx” MTK tərəfindən bağlanır. Göstərilənlərə və İPM-in müddəalarına əsaslanaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında oilmuş 2-1(81)-1054/2018 saylı inzibati işin icraatının təzələnməsi və “xxxx” MTK-nın inzibati məhkəmə icraatına cəlb olunması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qüvvəyə minənə qədər və ya yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin x xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə “xxxx” MTK-nın ərizəsi təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1054/2018 saylı x xxxx 2018ci il tarixli qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və “xxxx” MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı, iddiaçının nümayəndəsi (vəkili) və üçüncü şəxsin nümayəndəsi (vəkili) gəlmişlər, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onu təmsil edən nümayəndə ilə eyni fikirdə olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə təqdim olunmuş ərizədə göstərilənləri təsdilədi, iddianın əsassız olduğunu bildirdi və rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə gpörə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. AR Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 82-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İş materiallarından görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında xx xxxx 2011-ci il tarixdə 48 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, “xxxx” MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllə ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqdan ibarət 27 nömrəli 140,6 kv.m sahəsi olan mənzilin tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının “xxxx” MMC-yə ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan DƏDRX Bakı şəhər X2 Əhmədovaya ünvanlanmış x xxxxxx 2018-ci il tarixli məktubunda «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10, 11.1, 12.1-ci maddələrinə istinad edilmiş və aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, D.Əliyeva küçəsi, 717-ci məhəllə ünvanında yerləşən binada 27 saylı mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə və ona əlavə edilmiş sənədlərə İdarədə baxılmışdır. Araşdırma aparılan zaman ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə olunmadığı müəyyən edilmişdir. İş materiallarına surəti əlavə edilmiş “xxxx” MMC-nin “maliyyə arayışı”nda aşağıdakılar bildirilmişdir: - “xxxx” MMC-dən xx xxxx 2011-ci il tarixli 48 nömrəli müqavilə ilə Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının İX mərtəbəsində yerləşən 140,6 kv.m sahəsi olan 27 saylı mənzilə görə müəssisəyə 80.000 manat pul ödəmişdir. İddiaçı xx xxxx 2011-ci il tarixli 48 saylı müqavilə üzrə borcu qalmamışdır. İş materiallarından görünür ki, Bakı ŞİH başçısının xx xxxxxxx 2004-cü il tarixli 237 nömrəli sərəncamı ilə Bakı şəhəri Nəsimi RİH-in x xxxxxxx 2004-cü il tarixli 01-04/368 saylı razılıq məktubunu, “xxxx” MTK-nın xx xxxxxxxx 2004-cü il tarixli A/01 saylı müraciətini nəzərə alaraq, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyriyaşayış obyektinin yerləşdiyi 0,673 ha torpaq sahəsində yaşayış binasının, iş mərkəzinin və mehmanxananın qarşısındakı sahədə yeraltı avtodayanacağının layhələşdirilməsi və tikintisinə həmin MTK-ya icazə verilmişdir. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən “xxxx” MTK-ya müvafiq inşaat pasportu və ayrıc aktı verilmişdir. İş materiallarından görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına x xxxxxx 2019-cu il tarixdə 246 nömrəli icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində “xxxx” MTK (“xxxx” MMMC). İş materiallarından görünür ki, x xxxx 2006-cı il tarixli “xxxx” MTK ilə “xxxx” MMC arasında müştərək fəaliyyət üçün razılaşma imzalaşma müqaviləsi bağlanmışdır. Müqavilənin müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 1.1-ci bənd – “Sifarişçi”nin (“xxxx” MTK) tapşırığı ilə “Podratçı” (“xxxx” MMC) öz vəsaiti və riski ilə Bakı ŞİH başçısının 237 nömrəli xx xxxxxxx 2004-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin Bakı Mehmanxanası yerləşdiyi 0,673 ha torpaq sahəsinə Dilarə Əliyeva küçəsinə çıxan yerində 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, yaşayış binası və 2.220 kv.m ticarət obyektinin inşa edilməsini öhdəsinə götürür, “Sifarişçi” isə, öz razılığını bildirəndən sonra göstərilən ünvanda inşa edilməsi nəzərdə tutulan obyektin müvafiq layihə-smeta sənədləşdirilmələrini (həmçinin işçi layihələrinin hazırlanması) Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdıraraq “Podratçı”ya təhvil verməyi öz öhdəsinə götürür; - 3.1.14-cü bənd – mənzillərin satılması üçün alıcılarla müqavilələr “xxxx” MTK tərəfindən bağlanır. İş materiallarından görünür ki, AR FHN X1 Dövlət Agentliyinin “xxxx” MTK-ya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - MTK-nın binanın istismara hazırlığı barədə rəyə düzəliş edilməsi və eskiz layihəsinin surətinin verilməsi barədə məktubuna baxılmışdır. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının tikintisi Bakı ŞİH-in xx xxxxxxx 2004-cü il tarixli 237 nömrəli sərəncamı və torpağa dair rəsmiləşdirilmiş ayrıc aktı əsasında “xxxx” MTK tərəfindən həyata keçirilmişdir. Həmin bina istismara icazə verilmədən məskunlaşdırıldığına görə «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 529 nömrəli Fərmanına əsasən bina müvafiq qaydada təhlükəsizlik və etibarlılıq nöqteyi nəzərindən müayinədən keçirilmiş və bunun nəticəsində binanın istismara hazırlığı barədə x xxxxxx 2019-cu il tarixli 0266 nömrəli rəy verilmişdir. Həmin binanın sifarişçi funksiyaları, bütün icazəverici və hüquq müəyyənedici sənədləri “xxxx” MTK-ya aid olduğundan, binanın istismara hazırlığı barədə rəy “xxxx” MTK-nın adına rəsmiləşdirilmişdir. Həmin rəydə mötərizədə göstərilən “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti AR Mənzil Məcəlləsinin 149-cu maddəsinə uyğun olaraq çoxmənzilli binada yalnız əmlak kompleksini idarə edən qurum kimi nəzərdə tutulmuşdur və binaya dair icazəverici və hüquq müəyyənedici sənədlərin rəsmiləşdirilməsinin formal hüquqi tələblər baxımından ona heç bir aidiyyəti yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, MTK tərəfindən verilmiş binanın istismara hazırlığı barədə rəydə hər hansı dəyişikliklərin və ya düzəlişlərin edilməsinə zərurət yoxdur. İş materiallarından görünür ki, AR FHN X1 Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin “xxxx” MMMC-yə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “xxxx” MMMC-nin müraciəti əsasında “Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yaşayış binası” üzrə tikinti layihəsinə dair xx xxxx 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində texniki səhvə yol verilmişdir. Ekspertiza rəyində sifarişçi qismində “xxxx” MMC əvəzinə “xxxx” MTK oxunmalıdır. İş materiallarından görünür ki, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “xxxx” MTK-ya ünvanlanmış xx/xx-3630 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717-ci məhəllədə 1 girişli, zirzəmili, 17 (+mansarda) mərtəbəli yaşayış binasının istismarına sadələşdirilmiş qaydada verilmiş icazə sənədindəki “Tikinti obyektinin sahibi” qrafasından “xxxx” MMMC-nin adının çıxarılması ilə bağlı MTK-nın müraciətinə Komitədə baxılmışdır. AR FHN X1 Dövlət Agentliyinə ünvanlanmış anoloji məzmunda müraciətə xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda “xxxx” MMMC-nin yalnız daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını təmin etmək məqsədilə yaradıldığı vurğulanaraq, sifarişçi funksiyalarını aparmaq üçün səlahiyyətli olmadıqları qeyd edilmiş və bu səbəbdən binanın istismara hazırlığı barədə x xxxxxx 2019-cu il tarixli 0266 nömrəli rəyində hər hansı dəyişiklik və ya düzəlişlərin edilməsinə zərurət olmadığı bildirilmişdir. Eyni zamanda, FHN TTHDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin təqdim olunan xx xxxxxx 2020-ci il tarixli xx/xx-01251 nömrəli məktubunda bina üzrə xx xxxx 2019-cu il tarixli 27781 nömrəli ekspertiza rəyində səhvə yol verildiyi qeyd olunmuş, sifarişçi qismində “xxxx” MMMC-nin yerinə “xxxx” oxunmalı olduğu bildirilmişdir. x xxxxxx 2019-cu il tarixdə 246 nömrəli istismara icazə sənədinin Fövqəladə Hallar Nazirliyinin binanın istismara hazırlığı baarədə qeyd olunan rəyi əsasında tərtib edildiyini və «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 529 nömrəli Fərmanının qüvvəsinin x xxxxxx 2020-ci il tarixədək olduğunu nəzərə alaraq, həmin sənəddə hər hansı düzəliş edilməsinə zərurət yoxdur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə xx xxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, “xxxx” MMC-nin rəhbəri və təsisçisinin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə diar cinayət mühakimə icraatına İddiaçı zərərçəkmiş qismində cəlb edilmiş və iş üzrə xx xxxx 2011-ci il tarixli 48 nömrəli (“xxxx” MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə nəzərə alınmışdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə x xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MTK-ya qarşı iddiası qismən təmin edilərək, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədəki qeyri-yaşayış obyektinin “Bakı” Mehmanxanasının yerləşdiyi 0,673 ha, torpaq sahəsinin D.Əliyeva küçəsinə çıxan yerində inşa edilmiş 1 bloklu 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyri-yaşayış sahəsi 2.220 kv.m olan binanın tikinti sahəsinin satılmasından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi iddiaçıya aid edilməklə, həmin binanın özgəninkiləşdirilməmiş sahələri üzərində iddiaçının sahiblik, istifadə və sərəncam hüququnun tanınması, cavabdehdən tikinti sahəsindəki yaşayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 vmanat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-662/2018 saylı iş üzrə x xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1602/2016 saylı iş üzrə qətnaməsi yoxlanıllan «Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə yerləşən qeyri-yaşayış obyektinin Bakı Mehmanxanasının yerləşdiyi 0,673 ha torpaq sahəsinin Dilarə Əliyeva küçəsinə çıxan hissəsində inşa edilmiş 1 bloklu, 16 mərtəbəli, ümumi sahəsi 10.242 kv.m, yaşayış sahəsi 8.022 kv.m, qeyriyaşayış sahəsi 2.220 kv.m olan binanın özgəninkiləşdirilməmiş sahələri üzərində “xxxx” MMC-nin sahiblik, istifadə və sərəncam hüquqları tanınsın. “xxxx” MTK-nın tikinti sahəsindəki yaşaayış və qeyri-yaşayış sahəsinin satışından əldə etdiyi mənfəətin 50%-i olaraq 3.962.319,5 manat və torpaq sahəsinə görə ödənilmiş 1.600.000 manat, cəmi 5.562.319,5 manat pul alınaraq “xxxx” MMC-yə ödənilsin.» hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş və eyni hissədə iddia təmin edilməmiş, qətnamə iddianın rədd olunan hissəsində dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin 2-2(102)-158/2019 saylı iş üzrə x xxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin x xxxxxx 2018-ci il tarixli həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə araşdırılması ilə işdə iştirak edən şəxslərin iddia ilə bağlı mövqeləri aşağıdakı kimidir. İddiaçı mövqeyi – mənzilə dair “xxxx” MMC ilə bağlanmış müqavilə mövcud olduğu və həmin müqavilə üzrə borcun olmaması barədə “maliyyə arayışı” verildiyi halda, mənzil onun mülkiyyəti sayılır və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması qanunsuz hərəkətdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyi – iddiaçı mənzilə dair hüquqmüəyyənedici sənədləri təqdim etmədiyindən, iddia mümkün sayılmamalıdır. Üçüncü şəxs “xxxx” MTK-nin mövqeyi – bina MTK-ya məxsusdur, tikinti ilə bağlı bütün sənərlər, o cümlədən, tikintiyə icazə barədə sərəncam, torpaq sahəsinin cizgisi, ayrıc aktı, istismara icazə sənədi “xxxx” MTK-nın adına verilmişdir. Həmin mənzilə dair «xxxx» MMC ilə alqı-satqı müqaviləsinin bağlanması qanunsuzdur, çünki, «xxxx» MTK ilə «xxxx» MMC arasında bağlanmış x xxxx 2006-cı il tarixdə müqavilədə qeyd edilmişdir ki, mənzillərin satılması üçün alıcılarla bağlanan müqavilə «xxxx» MTK tərəfindən bağlanır. İddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitisiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. AR Mülki Məcəlləsinin 389-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) AR Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və AR Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə cavabdehin yazılı etirazında göstərilənlərlə bağlı bildirir ki, cavabdehin “iddianın mümkünsüzlüyü” barədə mövqeyi əsaslı deyil. Çünki, iddiaçı mənzilə dair müvafiq müqavilə bağladığından və cavabdehə hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etməklə imtina cavabı aldığından, iddianı qaldırmaq üzrə subyektiv hüquqa malikdir. Cavabdeh tərəf də daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli orqan kimi çıxış edir. Qaldırılan iddia növünə görə “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, bu qəbildən olan mübahisələr üzrə İPM-n müddəaları “iddia müddəti” nəzərdə tutmur. Həmçinin iddianın mümkünsüzlüyünü şərtəndirən hər hansı digər hallar da mövcud deyil. Odur ki, iddia mümkün sayılır. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə iş üzrə müəyyən edilən hallarla bağlı aşağıdakılar qənaətlərini diqqətə çəkir: 1) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1602/2016 saylı iş üzrə x xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllə ünvanındakı İddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyatını iddia etdiyi mənzilin də yerləşdiyi çoxmənzilli yaşayış binasının tikinti sahəsinin satışından əldə olunmuş pul vəsaitindən vergi borclarının ödənilməsi vəzifəsi “xxxx” MMC-yə aid edilmişdir. Bu hal belə deməyə əsas verir ki, qüvvədə olan vergi qanunvericiliyi ilə “xxxx” MMC ilə İddiaçı arasındakı xx xxxx 2011-ci il tarixli 48 nömrəli müqavilə üzrə mənzilin satışını “malların təqdim edilməsi” kimi qiymətləndirilir, həmin müqavilə üzrə ödənilmiş pul vəsaiti isə vergiyə cəlb olunan gəlir sayılır (qətnamə həmin hissədə yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır); 2) Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin (“xxxx” MMC və ya “xxxx” MTK, yaxud “xxxx” MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Digər tərəfdən, İddiaçı 2017-ci ilin dekabr ayında müraciəti üzrə inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən aparılan inzibati icraatda müvafiq mənzilin yerləşdiyi binanın “istismara icazə” sənədinin təqdim etməsə də, həmin sənəd Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» xx xxxxxx 2019-cu il tarixli 529 nömrəli Fərmanının qəbulundan sonra səlahiyyətli orqan tərəfindən 2019-cu ilin dekabr ayında verilmişdir. Belə olan təqdirdə, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri rəhbər tutularaq, iddiaçının mənzilinin yerləşdiyi binanın “istismara icazə” sənədinin ilkin müraciət zamanı təqdim edilməməsi, inzibati orqanın imtinası üzrə əsaslar sırasında formal saxlanılmış olur və hazırda imtina üçün əsas sayılmamalıdır; 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-150/2018 saylı cinayət işi üzrə xx xxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, “xxxx” MMC-nin rəhbəri və təsisçisinin AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə diar cinayət mühakimə icraatına zərərçəkmiş qismində hazırkı İddiaçı da cəlb olunmuş və hazırkı iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədi kimi təqdim edilən xx xxxx 2011-ci il tarixli 48 nömrəli (“xxxx” MMC ilə İddiaçı arasında bağlanmış) müqavilə sözügedən icraatın araşdırma predmeti olmaqla, həmin hissədə zərərçəkmiş İddiaçıının pozulmuş hüquqlarının bərpası ilə bağlı müqavilənin qanuniliyi və mötəbərliyi tanınmışdır; 4) “xxxx” MMC ilə İddiaçı arasında “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” xx xxxx 2011-ci il tarixdə bağlanmış 48 nömrəli müqavilə həmçinin hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir; 5) İddiaçı xx xxxx 2011-ci il tarixli 48 nömrəli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, AR Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, AR Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 8-ci maddəsinə həmin hüquq qeydiyyat alınmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı Məhərrən qızının mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlkət reyestrində qeydiyyata alınmasından imtinası qanuni qiymətləndirilmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 27 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 3 otaqdan ibarət, sahəsi 140,6 kv.m olan 27 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestdən çıxarışın verilməsi öhdəliyi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar