Məhkəmə qərarları › İş №2-1(112)-6549/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6549/2021

09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6549/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək DTX-dan prokurorluğa vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi haqqında məlumatın daxil olub-olmaması barədə informasiya sorğusuna cavab verilməsi öhdəliyinin Azərbaycan Respublikası Prokurorluğunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Baş Prokurorluğa 16.12.2020 və 21.01.2021-ci il tarixli informasiya sorğusu göndərmişdir ki, DTX-dan prokurorluğa guya vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi barədə əməliyyat məlumatı daxil olub-olmaması barədə məlumat versinlər. Baş Prokurorluq da həmin müraciətlərinə 18.01.2021-ci il tarixli, 09/05-41 nömrəli və 01.02.2021-ci il tarixli, 09/05-66 nömrəli məktublarla cavab vermişdir. Cavabda yalnız prokurorluq orqanlarından xaric edilməyinin səbəbləri təsvir edilmişdir. Halbuki, iddiaçı prokurorluq orqanlarından xaric edilməyinin səbəbləri barədə bir kəlmə belə soruşmamışdır, yalnız DTX-dan prokurorluğa vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi barədə əməliyyat məlumatının daxil olubolmaması barədə məlumat verməyi xahiş etmişdir. Qeyd edilənlərlə bağlı, "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirən informasiya müvəkkili kimi Ombudsmana 19.03.2021-ci il tarixdə müraciət etmişdir. Ombudsman həmin müraciəti 08 aprel 2021-ci il tarixli, 2/7857-21 nömrəli məktubla aidiyyəti üzrə Baş Prokurorluğa göndərmiş və konkret tələb irəli sürmüşdür ki, DTX-dan prokurorluğa vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi barədə əməliyyat məlumatının daxil olub-olmaması barədə informasiya verilməsi təmin edilsin. Müraciətinin nəticəsi üzrə Baş Prokurorluqdan 21.04.2021-ci il tarixli, 09/05-204 nömrəli cavab məktubu göndərilmişdir. Cavab məktubunda yenə də prokurorluq orqanlarından xaric edilməyinin səbəbləri təsvir edilmişdir. Bununla da, Baş Prokurorluq faktiki olaraq informasiya sorğusuna cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin məhkəməyə ünvanladığı 25.05.2021-ci il tarixli, 09/05-250 nömrəli məktubunda bildirilmişdir ki, 16 may 2021-ci il tarixli, 2-1(112)-6549/2021 nömrəli məktubla daxil olmuş eyni tarixli sərəncamın icrası ilə əlaqədar bildirilir ki, Bakı şəhəri Yasamal rayon prokurorunun sabiq böyük köməkçisi İddiaçı xidməti fəaliyyətini qanunların tələblərinə uyğun həyata keçirməməsi barədə Bakı şəhər prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsi rəisinin 7 sentyabr 2018-ci il tarixli təqriri əsasında şəhər prokurorluğu və Baş Prokurorluqda xidməti yoxlama aparılaraq, vəzifə bölgüsünə dair əmrlə ona həvalə edilmiş müvafiq səlahiyyətlər daxilində qəbul edilmiş əsassız və qanunsuz qərarların qanuniliyini vaxtında yoxlamaması, polis müstəntiqlərinin icraatında olmuş materiallar üzrə prokuror nəzarətini tələb olunan səviyyədə həyata keçirməməsi, Azərbaycan Respublikası cinayət və cinayət-prosessual qanunvericiliyinin, Baş Prokurorluq üzrə əvvəllər qüvvədə olmuş əmrlərin tələblərinin ciddi pozuntusu hallarına yol verməsi, qanun pozuntularını vaxtında aşkar edərək aradan qaldırılması üçün kəsərli tədbirlər görməməsi səbəbindən o, Baş Prokurorluq üzrə 13.09.2018-ci il tarixli, 10/69-11/430-k nömrəli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir. Xidməti yoxlama zamanı İddiaçı fəaliyyətində yol verdiyi nöqsanları tamamilə qəbul etmiş, həmçinin qeyd edilməlidir ki, analoji nöqsanlara görə o, əvvəllər də Baş Prokurorluq üzrə 07.03.2016-cı il və 20.12.2016-cı il tarixli əmrlərlə intizam məsuliyyətinə cəlb olunaraq, barəsində töhmət və şiddətli töhmət növündə intizam tənbehləri tətbiq edilmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə ünvanladığı 8 may 2021-ci il tarixli iddia ərizəsində qeyd etdiyi digər xüsusatlar barədə aparılmış xidməti yoxlama materialında hər hansı məlumat mövcud deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Eyni Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Plenum Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Məhkəmə sadalanan normaların tələblərindən çıxış edərək hazırkı iddianın predmet baxımından mümkünlüyünə hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun məqsədi Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirməkdən, həmçinin ictimai vəzifələrin yerinə yetirilməsinə vətəndaşlar tərəfindən nəzarət olunmasına şərait yaratmaqdan ibarətdir. Həmin Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır. Həmin Qanunun 2.2-ci maddəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 2.3-cü maddəsinə görə informasiya sahibinə müraciət edən hər kəs: -2.3.1.sorğu edilən informasiyanın informasiya sahibində olub-olmadığını öyrənmək, bu informasiya olmadıqda onu əldə etmək üçün yardımçı məlumatlar almaq; -2.3.2.informasiya sahibi sorğu edilən informasiyaya malik olduqda onu sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə əldə etmək hüququna malikdir. Eyni Qanunun 2.4-cü maddəsinə görə fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Eyni Qanunun: -3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. -3.0.5-ci maddəsinə görə informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. -3.0.6-cı maddəsinə görə informasiya sorğusu - informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Qanunun sadalanan normalarından müəyyən olunur ki, informasiya sorğusunun predmetini informasiya təşkil edir. İnformasiya isə faktlar, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır ki, bu cür məlumatlar hər hansı fəaliyyət nəticəsində yaradılır və ya hər hansı fəaliyyət nəticəsində əldə edilir. Başqa sözlə, informasiya sorğusu verilməsi üçün ilk növbədə informasiyanın özü yaranmış olmalıdır. Müraciət edən hər kəs yalnız o informasiyanın verilməsini tələb edə bilər ki, sorğu verən ilk növbədə belə bir informasiyanın müvafiq mənbədən yarandığını və mövcud olduğunu müəyyən edə və sübut edə bilir. Yalnız bundan sonra şəxsin müraciət etdiyi informasiya sahibindən həmin informasiyanın onda olub-olmadığını öyrənmək, əgər həmin informasiya sorğu etdiyi informasiya sahibinə aiddirsə, onu həmin sahibdən əldə etmək, əgər qeyd edilən informasiya sorğu etdiyi sahibdə deyilsə, onda sahibdən həmin informasiyanı haradan əldə etmək kimi yardımçı məlumatlar əldə etmək hüququ yaranır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, informasiya əldə etmək hüququ geniş mənada və ya hər hansı şərtlərlə məhdudlaşmayan hüquq kimi qiymətləndirilə bilməz. İnformasiya sorğusunun predmetini “ehtimal edilən məlumat” deyil, “mövcud olan məlumat” təşkil etməlidir. Bu tələb onun üçün zəruridir ki, heç kəs mövcudluğuna şübhə ilə yanaşdığı və ya xəyali olaraq mövcudluğuna inandığı, bilavasitə hər hansı mötəbər mənbədən və ya konkret fəaliyyətdən yaranmayan məlumatın əldə edilməsi ilə bağlı müvafiq qurumlara və ya şəxslərə müraciət etməsin, bu hal hüquqdan sui-istifadəyə və informasiya sahiblərinin vaxt itkisinə gətirib çıxaracağı lüzumsuz araşdırmalara səbəb olacaq yüklənmələri ilə nəticələnməsin. Nəzərə alınmalıdır ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 2.3.1-ci maddəsində qeyd edilmiş “sorğu edilən informasiyanın informasiya sahibində olubolmadığını öyrənmək” hüququ onu ifadə etmir ki, şəxs ehtimal etdiyi informasiyanın həqiqətən mövcud olub-olmaması ilə bağlı cavabdehdən məlumat almaq hüququna malikdir. Əksinə, bu müddəa onu ifadə edir ki, tələb edilən məlumat mövcuddur, sorğu edən şəxs yalnız bu informasiyanın həmin sorğu edilən informasiya sahibində olubolmadığını müəyyən etmək üçün bu barədə sorğu vermək imkanına sahibdir. Hazırkı iş üzrə iddiaçı cavabdehə ünvanladığı sorğularında bildirir ki, prokurorluq əməkdaşları arasında "dövriyyəyə buraxılmış" söz-söhbətlərdən bilmişdir ki, guya DTX-nın sabiq rəhbərliyi tərəfindən Baş Prokurorluğa bir qisim prokurorluq işçiləri, o cümlədən onun haqqında əməliyyat məlumatı göndərilmişdir ki, guya o gah vahabi, gah şiə, gah hansısa başqa təriqət üzvü kimi səciyyələnmişdir. Məhz bu məlumatı aldıqdan sonra əmr verilməklə orqandan onu xaric etmişlər. Göründüyü kimi iddiaçı hazırkı iş üzrə cavabdehdən tələb etdiyi informasiyanın şifahi məlumatlara, şaiəyələrə istinadən mövcud olduğuna istinad edir. Başqa sözlə, informasiyanın sorğusunun predmetini “ehtimal edilən məlumat” təşkil etmişdir. İddiaçı ehtimal etdiyi informasiyanın mövcud olub-olmadığına əmin olmaq üçün sorğu ilə cavabdehə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “ehtimal edilən məlumat”la bağlı informasiya sorğusu əldə etmək üçün müraciət etmək, cavabdehin isə belə bir məlumatı informasiya sorğusu kimi qiymətləndirilməklə cavab vermək öhdəliyi yaranmamışdır. Dolayısı ilə hazırkı halda tələb edilən məlumat “İnformasiya əldə etmək haqqında” Qanunun təsir dairəsinə düşmür. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı iddia inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan mümkünlük şərtinə cavab vermir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “DTX-dan prokurorluğa vahabi, şiə, yaxud başqa təriqət üzvü kimi səciyyələnməyi haqqında məlumatın daxil olub-olmaması barədə informasiya sorğusuna cavab verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar