Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6551/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakə İnzibati Məhkəməsinə müraciət edərək 21 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci ilədək hərbi döyüşlərdə iştirak etməsi nəzərə alınaraq ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, onun hərbi biletində qeydin aparılmasının ona müharibə veteranı adı verilməsi üçün əsas olmasını nəzərə alaraq, “Müharibə veteranı” adı verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətindən imtina etmiş, əsas kimi isə müəyyən sənədlərin toplanmasını xahiş etmişdir. İddiaçı bildirir ki, o, 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. O, SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Vətən müharibəsi zamanı 21 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarixədək işlədiyi şirkət tərəfindən döyüş bölgəsinə **-JF-*** dövlət qeydiyyat nişanlı DONG FENG EQ 840 1 CCYL yarım qoşqunun sürücüsü kimi ezam olunmuşdur. Bu yük maşını SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən istənilmişdir. Baxmayaraq ki, o, 4 ay müharibədə olmuşdur, sənədlərdə isə cəmi 21 oktyabr 2020-ci il tarixdən 30 noyabr 2020-ci il tarix göstərilmişdir. İddiaçının döyüşlərdə iştirak etməyi barədə onun hərbi biletində Suraxanı rayon Hərbi Komissarlığı tərəfindən qeydlər aparılmış və həmin qeydlər hərbi komissarın imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçınnı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar gedən döyüşlərdə iştirak etməyinə baxmayaraq ona hələ də müharibə veteranı adı verilməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı Komissiyanın rəyini almadan məhkəməyə müraciət etdiyindən, ərizəsi mümkün sayıla bilməz. Belə ki, məhkəmə iş materiallarına əlavə olunmuş 4/3-4577 nömrəli məktubdan görmək olar ki, “Müharibə veteranı” adının verilməsi ilə bağlı Komissiyanın imtinası yoxdur, İddiaçı müraciəti ilə bağlı sənədlərin əldə olunması ilə bağlı sorğular göndərilib və cavabları daxil olandan sonra rəyin bildirilməsi üçün Komissiyanın iclasında baxılacaqdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mümkünlüyü məsələsinə gəldikdə, cavabdeh tərəfindən iddianın mümkün sayılmaması barədə vəsatət verilsə də, məhkəmə bu arqumenti əsaslı hesab etmir. Belə ki, iddiaçı “Müharibə veteranı” adının verilməsi hüququnun yarandığını hesab edərək, bu məqsədlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh həmin müraciət üzrə əlavə sənədlərin təqdim edilməsini tələb etmişdir. Bu hal iddiaçının müvafiq inzibati orqana qanunla müəyyən olunmuş qaydada müraciət etdiyini təsdiqləyir və onun müraciətinin mövcudluğunu inkar etmir. Nəticə etibarilə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən inzibati orqana müraciət faktının mövcudluğu, iddianın mümkünlük şərtlərinə cavab verməsini təmin edir. Buna görə də, məhkəmə, iddianın mümkünlük şərtlərinə cavab verdiyini hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki,xx.xx.2020-il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsi və bununla əlaqədar müraciət müəllifinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair vətəndaş İddiaçı xidməti barədə hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrdən çıxarışları, ezamiyyətdə olubsa ezamiyyət vərəqələrinin surətini, arayışməlumatı və həmçinin qeyd olunan məlumatları qısa müddət ərzində təqdim edilməsi iddiaçıya bildirilmişdir. -“X3” MMC tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 21 oktyabr 2020-20 noyabr 2020-ci il və xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında "X3" QSC-yə məxsus **- JF-*** qeydiyyat seriyalı “Dong Feng DFL 4251A8” yük yəhərli dartıanm Sürücüsü kimi döyüş zonasına ezam olunmuşdur. -AR MN N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən təqdim olunaraq,DONG FENG DFL4251a8 yük markalı yəhərli dartıcısı avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2020-cı il tarixdən xx.xx.2020-cı il tarixədək döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunmuşdur. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı N nömrəli hərbi hissəyə təyin edilmiş səfərbərlik üzrə komandaya uyğun olmadığına və səfərbərlik üzrə hərbi xidmətə çağırılış üzrə heç bir sənəd təqdim etmədiyinə görə vəzifəsi şəxslər tərəfindən hərbi hissəyə qəbul edilməmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin səfərbərlik üzrə naryad müvafiq olaraq “X3”dan təyin olunmuş hərbi-nəqliyyat vasitəsi N nömrəli hərbi hissəyə təyin edilmişdir. -N nömrəli hərbi hissə tərəfindən verilmiş məktubdan görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı hərbi hissənin tərkibində iştirak etməmişdir. -Hərbi biletdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə sürücü vəzifəsində işləmişdir. -275 nömrəli Hərbi hissənin komandiri tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Fəxri Fərmandan görünür ki, Vətən müharibəsində hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak etdiyinə görə İddiaçı Fəxri Fərmanla təltif olunmuşdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı Rayon İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, xx.xx.1956-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdə keçmiş Suraxanı rayon hərbi komissarlığı hərbihəkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin 11-ci maddəsinin “b” bəndi və 44-cü maddəsinin “b” bəndinə əsasən (SSRİ MN-nin 1987-ci il tarixli 260 nömrəli əmri) dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Məmmədov X2 və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsi tərəfindən səfərbərliklə hərbi xidmətə cəlb edilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə SHXÇDX-nin Nərimanov rayon idarəsi tərəfindən təqdim olunaraq DONG FENG DFL4351a8/ markalı yük-yəhərli dartıcı avtomobilinin sürücüsü vəzifəsində işləmişdir. Əlavə olaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş tapşırığını yerinə yetirmək məqsədi ilə döyüş bölgəsinə hərbi hissə tərəfindən ezam olunmuşdur. -N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilərkən, hərbi hissələrin “hərbi nəqliyyat vasitələri” ilə təmin olunması məqsədilə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi tərəfindən təqdim olunmuş nəqliyyatın siyahısında N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi qeyd edilmişdir. SHXÇDÜDX-nın heç bir rayon idarəsi, yerli idarəetmə orqanları tərəfindən və işlədiyi (MMC) idarə tərəfindən N nömrəli hərbi hissəyə rəsmi olaraq ezamiyyətə göndərilməsi sənədlərdə əksini tapmamışdır. Lakin, İddiaçı N nömrəli hərbi hissədə könüllü olaraq sürücü kimi işləmiş, belə ki, N nömrəli hərbi hissədən Bakı şəhəri üzrə daxili daşımalarda iştirak etmişdir. Vətəndaş İddiaçı təqdim olunmuş xx.xx.2021-ci il tarixli 146 №-li arayışda onun N nömrəli hərbi hissə tərəfindən döyüş bölgəsinə göndərilməsi qeyd edilməyib. Arayışda göstərilən qeyd N nömrəli hərbi hissə tərəfindən onun idarə etdiyi nəqliyyat vasitəsinə maşın başçısı təyin edilərək ezamiyyətə göndərilməsi kimi nəzərdə tutulur. N nömrəli hərbi hissə həmin vaxt Beyləqan rayonu Daşburun qəsəbəsi ərazisində yerləşirdi. SHXÇÜDX Nərimanov Rayon İdarəsi tərəfindən təqdim olunmuş siyahıda İddiaçı, idarə etdiyi “X3” MMC-yə məxsus, DON FENG markalı 99JF196 dövlət qeydiyyat nişanlı yehərci dartıcı yük qoşqusu olan nəqliyyat vasitəsinə N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi siyahıda əksini tapdığından aidiyyəti üzrə N nömrəli hərbi hissəyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, iddiaçı hazırda döyüş əməliyyatlarının aparıldığı ərazilərdə döyüş tapşırıqların yerinə yetirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi... tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyuş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İstinad olunan normaların məzmunundan aydın olur ki, şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olmalı; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olmalı; 3) yaxud döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam edilmiş olmalıdır. Həmçinin, göstərilən faktlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Məhkəmə bildirir ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd – onun müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsidir. İddiaçı bu tələbini əsaslandırmaq üçün öz fəaliyyətinə dair mövcud arayışlar və xidməti sənədlərə istinad etmişdir. Hazırkı iş üzrə iddiaçının müvafiq dövrdə hərbi qulluqçu olması işin mübahisəsiz halıdır. Ona görə də konkret halda iddiaçıya müharibə veteranı adının verilməsi yalnız 1-ci və 3-cü bənddə göstərilən şərtlərin ödənilməsi halında mümkün ola bilərdi ki, normanın həmin hissəsinin dispozisiya şərtləri də ödənilmir. Belə ki, ilk növbədə ona görə iddiaçının döyüş zamanında döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmur. İddiaçı xx.xx.2020 tarixindən xx.xx.2020 tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində SHXŞÜDX-nin Nərimanov rayon İdarəsi tərəfindən təqdim olunaraq, DONG FENG DFL4251A8 yük markalı yəhərli dartıcısı avtomobilinin sürücüsü vəzifəsində çalışmışdır. Bu hal həmçinin onun hərbi biletində və iş materiallarında olan digər sənədlərlə təsdiqlənmişdir. Lakin qeyd olunmalıdır ki, iddiaçının həm N nömrəli, həm də N nömrəli hərbi hissələrdə müharibə dövründə döyüş əməliyyatlarında iştirak etməsi barədə məlumat yoxdur və həmin hərbi hissələr döyüş bölgəsində yerləşmir. Belə ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan da müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə Qaradağ rayonunun Puta qəsəbəsində, N nömrəli hərbi hissə isə Beyləqan rayonunda yerləşir. Həmçinin “X3” MMC-nin direktorunun xx.xx.2020-ci il tarixli 005/E nömrəli əmrində iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək 30 gün müddətində ölkədaxili rayonlara ezam olunduğu görünür. Lakin bu ezam əmrində iddiaçının hansı hərbi hissəyə, əraziyə ezam edilməsi barədə məlumat göstərilməmişdir. İddiaçı izahatlarında Vətən müharibəsi dövründə Hadrut qəsəbəsi, Qubadlı və Füzuli rayonlarından vurulmuş döyüş texnikalarının daşınmasını bildirsə də, bununla bağlı tutarlı sübut təqdim edə bilməmişdir. İddiaçı, müharibə veteranı adı almaq hüququnun olduğunu əsaslandırmaq üçün Fəxri Fərmana istinad edir. Lakin məhkəmə hesab edir ki, bu əsas hazırkı iddianın təmininə əsas vermir. Belə ki, iddiaçı Vətən müharibəsi zamanı hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif olunmuşdur, lakin bu təltifin əsası onun "Vətən Müharibəsi" dövründən sonra xx.xx.2021xx.xx.2021 tarixlərində ezamiyyətə getməsi və ezamiyyət müddətində verilən tapşırıqları düzgün yerinə yetirməsidir. Həmin dövrdə iddiaçının xidmət etdiyi hərbi hissə Beyləqan rayonu ərazisində yerləşirdi. Məhkəmə, qanunvericiliyin tələblərinə əsaslanaraq, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün ezam edilmiş şəxslərin müharibə veteranı adı və vəsiqəsi almaq hüququnun yaranmasının xüsusi şərtlərə bağlı olduğunu vurğulayır. Bu halda, belə hüququn yaranması yalnız həmin şəxsin 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməliyyatları aparan ərazilərdə – xüsusilə Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı və Tərtər rayonlarının Talış, Suqovuşan və Çaylı kəndlərində, habelə Füzuli və Ağdam rayonlarının işğal altında olmuş ərazilərində xidmət etməsi ilə əlaqəlidir. Hazırki iş üzrə isə müəyyən olunur ki, iddiaçı göstərilən tarixlərdə nəzərdə tutulmuş bölgələrdə olan döyüş əməliyyatlarında iştirak etməmiş, “Vətən müharibəsindən” sonradan o, Beyləqan rayonu ərazisində xidmət etmiş və Fəxri Fərmanla təltif olunmuşdur ki, bu isə nə nəzərdə tutulan müddət, nə də ki ərazi meyarı baxımından uyğun gəlmədiyini göstərir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçının hərbi xidmətdə göstərdiyi xidmətlərə və mükafatlandırılmasına baxmayaraq, onun döyüş əməliyyatlarının qanunla müəyyən olunmuş dövründə və döyüş əməliyyatlarının aparıldığı ərazilərdə iştirakı sübuta yetirilmədiyindən, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov