Məhkəmə qərarları › İş №2-1(112)-6553/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6553/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6553/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək İddiaçı Bilal oğlunun, X6 və X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, oğlu X7 ilə X11 27.02.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar. Birgə nikahlarından 10.09.2011-ci il təvəllüdlü İddiaçı Bilal oğlu və 06.07.2013-cü il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. ünvan 2 ünvanındakı ev özbaşına tikilidir, qeyd olunan evdə sadəcə pasport qeydiyyatları var. İddiaçının Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyəti Başçısının Sabunçu qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13.04.2021 tarixli, 914 nömrəli arayışına əsasən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, 26 Bakı Komissarı küçəsi, 3Q nömrəli evdən ailə üzvləri ilə birgə X11 və övladları həmin ünvana pasport qeydiyyatına düşüblər. Bundan sonra X11 ilə oğlu X7 ilə aralarında yaranmış ailə mübahisələrindən nikahları pozulmuşdur. Nikahları pozulduqları zamandan R.Abdullayeva və 2 (iki) övladları ilə birgə Abdullayeva Günelin valideynlərinin evinə köçərək orada yaşamağa davam etmişlər. İddiaçı 17.01.2006-cı il tarixindən qeydiyyatında olduğu Bakı şəhəri, Sabunçu rayonu, 26 Bakı Komissarı küçəsi, 3Q nömrəli evə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat” haqqında 12.04.2021 tarixli, ******* nömrəli arayış əsasında qeydiyyatda kənar şəxsin olması barədə məlumat alıb. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qeyd edilən üçüncü şəxsin (X5) iddiaçının yaşadığı evdən qeydiyyatdan çıxarılmaları ilə bağlı 14.04.21-ci il tarixli ərizə ilə müraciət edib. Lakin Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinin 21.04.2021-ci il tarixli cavab məktubu ilə göstərilən şəxsin pasport qeydiyyatından çıxarılması imtina olunmuş və bununla bağlı müvafiq məhkəmə orqanlarına müraciət etməyi bildirilmişdir.

3. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 18.05.2021-ci il tarixli qərardadı ilə İddiaçı Bilal oğlu, X6 və X5 üçüncü şəxs qismində cəlb edilmiş və iclasın vaxtı və yeri barədə bildiriş göndərilmişdir.

4. İddiaçının ərizəsi əsasında məhkəmənin 12.07.2021-ci il tarixli qərardadı ilə iddianın X2 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə İddiaçı Bilal oğlunun və X3 hazırki iş üzrə üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.

5. Üçüncü şəxs X5 məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan dəyişdirilmişdir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, iclasda iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

9. Cavabdehin iddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 21.04.2021-ci il tarixli məktubunda iddiaçının müraciətindən imtina edilərək (bundan sonra - cavabdehin imtinası) bildirilmişdir ki, qeyd edilən ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsi idarənin səlahiyyəti daxilində olmadığından məhkəməyə müraciət etmək tövsiyə olunur.

10. İddiaçının hüquqi marağına münasibətdə məhkəmə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi özbaşına tikilidir və həmin evin mülkiyyətçisi deyil. Bu səbəbdən həmin evdə üçüncü şəxslərlə bərabərlik hüququ baxımından eyni hüquqla yaşayıblar.

11. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

12. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarı; 6.1 və 6.2).

13. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi deyil (ev özbaşına tikilidir), həmin evdə qeydiyyatda olmaqla yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Odur ki, qanunun məqsədləri baxımından həmin ev onun yaşayış yeridir. Bu səbəbdən həmin ünvanda yaşayış yeri olan şəxs kimi hazırki iddianı qaldırmağa hüquqi marağı var və çatmaq istədiyi məqsədə hazırki iddianın uğurlu olması ilə nail ola bilər.

14. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. İddia öhdəliyin icrasına dair iddiadır və iddia mümkünür. III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

16. Daxili İşlər Nazirliyi tərəfindən verililmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 12.04.2021-ci il tarixli arayışdan görünür ki, X5 digərləri ilə birlikdə ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

17. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 07.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, ünvan 1 saylı fərdi yaşayış evinin və sorğuda adları qeyd olunan şəxslərin sözügedən ünvana dair istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 04.06.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, X2 şəxsiyyət vəsiqəsinin alınmasına əsas verən sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edilmişdir.

19. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İnra Hakimiyyəti Başçısının Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13.04.2021-ci il tarixli arayışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel (keçmiş 26 Bakı Komissarı) küçəsi, ev 3Q saylı evdə İddiaçı, həyat yoldaşı X1, oğulları X8, X9, X7 yaşayırlar.

IV. Məhkəmənin mövqeyi

20. Üçüncü şəxs həmin ünvanda faktiki olaraq yaşamır, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb, bu səbəbdən cavabdeh qurumun imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

21. Məhkəmə qeyd edir ki, ev özbaşına tikili olduğu üçün istifadə hüququ yaranmamış, odur ki, mübahisə inzibati xarakterlidir. Belə ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

23. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

24. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

25. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir.

26. Həmin qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

27. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

28. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

29. Məhkəmə hesab edir ki, özbaşına tikiliyə münasibətdə qeydiyyat məsələsi müzakirə edilərkən həmin evdə yaşayan və qeydiyyatda olan şəxslər oxşar vəziyyətdə olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

30. Belə ki, inzibati orqan tərəfindən özbaşına tikiliyə münasibətdə yaşayış yeri üzrə qeydiyyata alınmaya dair faktiki xarakterli hərəkət həyata keçirildiyindən qeydiyyatdan çıxarılmaya dair eyni qaydada faktiki xarakterli hərəkətin həyata keçirilməsi mümkün hesab olunmalıdır.

31. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə araşdırılmalı olan yeganə hal üçüncü şəxsin həmin evdə faktiki olaraq yaşayıb-yaşamamasının müəyyən edilməsidir. Odur ki, iddiaçının məhkəmə iclasındakı izahatına və Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyəti Başçısının Sabunçu qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13.04.2021 tarixli, 914 nömrəli arayışına əsasən üçüncü şəxsin faktiki olaraq onların həmin evdə yaşamadığı müəyyən olunur.

32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 ünvan 3 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır.

33. Göstərilənlərə əsasən və X10 göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. X2 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar