Məhkəmə qərarları › İş №2-1(112)-6556/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6556/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6556/2021 05.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 01.09.2010-01.02.2016-cı illər arasında Rusiya Federasiyasında Rusiya Dövlət Sosial Universitetində “Maliyyə və kredit” ixtisası üzrə qiyabi təhsil almış və ona bu barədə 29 yanvar 2016-cı il tarixli, 9 saylı qərarla, 10 fevral 2016-cı il tarixdə 107724 ******* nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, 20.04.2021-ci il tarixli elektron məktubla iddiaçının müraciəti təmin edilməmiş və bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmiş, iddiaçıya 30 gün müddətində qəbul edilmiş qərara dair məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Dövlət Sosial Universiteti tərəfindən onun adına verilmiş 107724 ******* nömrəli, 10.02.2016-cı il tarixli diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 17.05.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin 18.05.2021-ci il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2011-2016-cı illər arasında Rusiya Federasiyasında Rusiya Dövlət Sosial Universitetində qiyabi təhsil forması üzrə tədris planına uyğun olaraq təhsil almış və bunun müqabilində universitet ona müvafiq bakalavr diplomu vermişdir. İddia ərizəsinə əlavə edilən iddiaçının xarici pasportunun təsdiq edilmiş surətindən görünür ki, iddiaçı təhsil müddəti ərzində dəfələrlə gedib gəlmiş, təhsil proqramını mənimsəmiş, müvafiq imtahanları vermişdir. İddiaçı bəzi zamanlarda təyin edilmiş imtahan günlərindən qabaq imtahan vermişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçının ona verilmiş diplomun tanınmasını, yəni barəsində əlverişli inzibati aktın qəbul edilməsini tələb etmək üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia əsassızdır. Belə ki, iş materiallarında olan Rusiya Dövlət Sosial Universiteti tərəfindən 10 fevral 2016-cı ildə verilmiş 107724 ******* nömrəli bakalavr diplomundan görünür ki, iddiaçı “Maliyyə və kredit” ixtisası üzrə mütəxəssis proqramını mənimsəmiş, 29 yanvar 2016-cı il tarixli protokol əsasında iddiaçıya “iqtisadçı” ixtisası verilmiş, diplom Moskva şəhər Təhsil Departamenti tərəfindən təsdiqlənmişdir. 107724 ******* nömrəli Mütəxəssis diplomuna əlavədən görünür ki, əyani təhsil formasında bakalavriat/mütəxəssis proqramının mənimsəmə müddəti 5 ildir, iddiaçının aldığı tədris forması qiyabi təhsil proqramının mənimsənilmə müddəti, o cümlədən auditoriya saatları 282 həftə, 878 saat olmuşdur. Rusiya Dövlət Sosial Universiteti tərəfindən Moskva Vəkil Palatasına ünvanlanmış 04.08.2021-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü İddiaçı həqiqətən 01.09.2010-cu ildən 01.02.2016-cı ilə kimi distant təhsil texnologiyalarının tətbiqi ilə “Maliyyə və kredit”- 080105.65s ixtisası üzrə pullu təhsil xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə qiyabi təhsil formasının əsas peşə təhsil proqramı üzrə “Rusiya Dövlət Sosial Universiteti” AT FDBTM tələbəsi olmuşdur. 1-ci kursa qəbul haqqında 13.09.2010- cu il tarixli 3487- C saylı əmr – 01.09.2010-cu ildən Aralıq attestasiyanı uğurla keçdiyi üçün aşağıdakı kurslara keçmişdir: 2 kurs- 2-ci kursa keçirilməsi haqqında 11.07.2011-ci il tarixli 2398-C saylı əmr- 01.09.2011-ci ildən 3 kurs- 3-cü kursa keçirilməsi haqqında 31.09.2012-ci il tarixli 4033-C saylı əmr- 01.09.2012-ci ildən 4 kurs- 4-cü kursa keçirilməsi haqqında 21.10.2013-cü il tarixli 4925-C saylı əmr- 01.09.2013-cü ildən 5 kurs-5-ci kursa keçirilməsi haqqında 25.07.2014- cü il tarixli 2172-C saylı əmr - 01.09.2014-cü ildən 6 kurs-6-cı kursa keçirilməsi haqqında 11.08.2015-ci il tarixli 3368-ЛС saylı əmr – 01.09.2015-ci ildən İddiaçı dövlət yekun attestasiyası ixtisas üzrə yekun fənlərarası imtahanının verilməsi və distant təhsil texnologiyalarının tətbiqi ilə buraxılış ixtisas işinin (diplom işinin) müdafiəsi formasında keçmişdir. İddiaçı həmin diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində tədris yükünü yerinə yetirməyi qeyri-mümkün olduğu üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina etmişdir. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, onun təqdim etdiyi diplomun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.7-ci bəndinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təhsil- sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi, ixtisasların ekvivalentliyinin müəyyən edilməsi isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.3 və 2.21-ci bəndlərinə əsasən bakalavr təhsilinin məzmunu tədris prosesinin planlaşdırılmasını, onun həyata keçirilməsinin forma və metodlarını, tədris yükünün həcmini, tədris mərhələlərinin (semestrlərin) müddətini, tədris növlərini (mühazirə, məşğələ, laboratoriya və s.), ayrı-ayrı fənlərin həcmini və ixtisaslar üzrə təhsil proqramlarına qoyulan tələbləri əhatə edir. Bakalavriat səviyyəsində təhsilin məzmunu birbiri ilə əlaqəli nəzəri və təcrübi hazırlıqla müəyyənləşdirilir. Bakalavrın nəzəri hazırlığı humanitar və ixtisasın peşə hazırlığı fənlərinin mühazirə, məsləhət, məşğələ, sərbəst iş və digər şəkildə öyrənilməsi ilə təmin edilir. Bakalavrın praktiki hazırlığı nəzəri biliklərin laboratoriya, məşğələ, tədris və elmi tədqiqat işləri, kurs işi və kurs layihəsi, tədris və istehsalat təcrübələri, həmçinin buraxılış işlərinin yerinə yetirilməsi ilə təmin edilir. Həmin Qaydaların 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Qaydaların 2.8-ci bəndinə əsasən qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə əsasən tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180-240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. Qaydaların 2.11-ci bəndinə əsasən bakalavriat səviyyəsində bütün təlim müddətində təcrübəyə 8-18 həftə ayrılır. İxtisaslardan asılı olaraq, təcrübənin müddəti ali təhsil müəssisələri tərəfindən müəyyənləşdirilir və tədris planında öz əksini tapır. İşdən görünür ki, iddiaçı tədris aldığı ölkədə təhsilinin İ ili getməmiş, İİ ili – 11 gün, İİİ ili – 6 gün, İV ili- 22 gün, V ili – 20 gün və Vİ ili isə cəmi 7 gün olmuşdur. Belə ki, işdə olan İddiaçı aid İAMAS bazasındakı məlumatlara əsasən onun dövlət sərhədindən hərəkəti aşağıdakı kimi olmuşdur: 21.01.2012- çıxış Rusiya, 25.01.2012- giriş Rusiya; 24.05.2012- çıxış Rusiya, 31.05.2012- giriş Rusiya; 19.05.2013- çıxış Rusiya, 25.05.2013- giriş Rusiya; 15.01.2014- çıxış Rusiya, 30.01.2014- giriş Rusiya; 20.04.2014çıxış Rusiya, 27.04.2014- giriş Rusiya; 24.01.2015- çıxış Rusiya, 03.02.2015- giriş Rusiya; 25.05.2015- çıxış Rusiya, 05.06.2015- giriş Rusiya; 20.01.2016- çıxış Rusiya, 31.01.2016giriş Rusiya; 03.08.2016- çıxış Gürcüstan, 08.08.2016 giriş Gürcüstan; 09.09.2016- çıxış Rusiya, 16.09.2016 giriş Rusiya. Göründüyü kimi, iddiaçının təhsilinin ilk ili tədris aldığı ölkəyə getməməsi, eyni zamanda digər illərdə həmin ölkədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.8, 2.9 və 2.11-ci bəndlərinin tələblərinə uyğun olmamaqla, qiyabi təhsil alan tələbələr üçün auditoriyada olma müddətini ödəmədiyini deməyə əsas verir. (iddiaçının İ və İİİ illərdə gün ərzində 16 saat auditoriyada olduğu güman olunsa belə). Universitet məktubunda iddiaçının qiyabi təhsilinin distant təhsil texnologiyalarının tətbiqi ilə həyat keçirildiyini göstərmişir. Lakin bu hal Azərbaycan Respublikasında mövcud olan ali təhsilin dövlət standartının tələblərinə uyğun deyildir. Çünki təhsil haqqında milli qanunvericilik qiyabi və distant (məsafədən) təhsilalma formalarını müstəqil forma kimi müəyyənləşdirmiş və qiyabi təhsilalma formasında distant təhsilalma formasında istifadəni nəzərdə tutmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 3.2-ci bəndinə görə, ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İşdən görünür ki, cavabdeh istinad olunan normalara uyğun olaraq müvafiq ekspertiza həyata keçirmiş və iddiaçıya imtina cavabı vermişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin bu imtinası işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Belə olan halda, həmin imtina iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsindən də görünür ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar