Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6557/2021 14.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “adın dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının “Simuzər”dən “Laləsimuzər”ə dəyişdirilməsi, doğum haqqında akt qeydinə düzəliş olunması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqan Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Bu əsasla adıının dəyişdirilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh tərəfindən səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “adımın “Simuzər” adından “Laləsimuzər” adına dəyişdirilməsi və bu barədə şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizə icraata qəbul edilişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə doğulmuşdur; V-ЖГ seriyalı 337869 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, doğumu 19.08.1977-ci il tarixdə 3113 nömrəli akt qeydi ilə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır; Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 06 may 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Müraciətin təmin edilməsi mümkün olmamışdır; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinin 01 iyun 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1977-ci il təvəllüdlü İddiaçı doğumunun 19.08.1977-ci il tarixdə 3113 nömrəli akt qeydi ilə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən qeydə alındığı müəyyən edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 09.06.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla sonuncu dəfə 04.12.2020-ci il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, 25.09.2019-cu il tarixdə isə C02868166 nömrəli ümumvətəndaş pasportu almışdır. Vətəndaş İddiaçı barəsində BPQMİ-də digər məlumatlar müəyyən edilməmişdir; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təmin Baş İdarəsinin 01 iyun 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması barədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 03 iyun 2021-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, ilkin doğum haqqında akt qeydinə əsasən adı “Simuzər” olmuşdur. Hazırda iddiaçı adının “Laləsimuzər”ə dəyişdirilməsini istəyir. İddiaçı adının dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciəti təmin etməkdən imtina etdiyindən hazırkı iddianı irəli sürmüşdür. Məhkəmə inzibati orqanın imtinasının düzgünlüyünü araşdırarkən ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 189-cu maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 190-cı maddəsinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın (bundan sonra mətndə – “Qaydalar”): 1.1-ci bəndinə əsasən, bu Qaydalar “Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1016- İİİQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 294 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri (bundan sonra - qeydiyyat şöbəsi) və ya rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra - icra hakimiyyətinin nümayəndəliyi), xaricdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına münasibətdə konsulluqlar (bundan sonra - konsulluq) tərəfindən adların, ata adlarının və soyadların verilməsi, həmçinin qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən onların dəyişdirilməsi məsələlərini tənzimləyir; 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.5-ci bəndinə əsasən, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; 6.19-cu bəndinə əsasən, ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir; 6.20-ci bəndinə əsasən, bu Qaydaların 6.12-ci bəndində göstərilən akt qeydlərində dəyişiklik edilməsi və yeni şəhadətnamələrin verilməsi üçün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə almış qeydiyyat şöbəsi və ya konsulluq onların olduğu yerin qeydiyyat şöbəsinə və ya konsulluğa 3 gün müddətində bildiriş göndərir. Göründüyü kimi, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir Azərbaycan Respublikası vətəndaşı müvafiq hallar istisna olmaqla, adın seçimində sərbəstdir və bu onun istəyindən asılıdır. Müvafiq hallar isə istinad olun “Qaydalar”ın 6.5-ci bəndində konkret müəyyən edilmişdir və məhkəmə icraatında iddiaçıya münasibətdə cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilmə, götürülməmiş və ya ödənilməmiş məhkumluq, tibbi xarakterli məcburi tədbirlərin tətbiqi hallarının mövcudluğu müəyyən edilməmiş, cavabdeh tərəf də qeyd edilən hallara istinad etməmişdir. Məhkəmə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı 18 yaşı tamam olmuş şəxs kimi adının birinci dəfə dəyişdirilməsi hüququna malik olduğundan (dəyişikliyin ilkin olması işin mübahisələndirilməyən halı olmaqla, məhkəmə araşdırması zamanı da təkzib olunmamışdır) və qanunvericilikdə adın dəyişdirilməsini istisna edən hallar ona münasibətdə mövcud olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi əsassız və qanunsuz olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx xxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı adının “Simuzər”dən “Laləsimuzər”ə dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx xxxx 1977-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı adının “Simuzər”dən “Laləsimuzər”ə dəyişdirilməsi haqqında vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatının aparılması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-6557/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6557/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver