Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6558/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin dəyişdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, iddiaçı 24 avqust 1992-ci il tarixədək keçmiş Sovet Ordusunda, həmin tarixdən 1 yanvar 2011-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etmiş, AR Müdafiə Nazirinin 0445 nömrəli 30 sentyabr 2010-cu il tarixli əmri ilə mayor hərbi rütbəsində «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156cı maddəsinin “a” bəndinə əsasən ehtiyata buraxılmışdır. O, ehtiyata buraxılarkən barəsidə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 163-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmamışdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbihəkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər, ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndi, 158-ci maddəsinin “b” bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin “q” bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. Lakin iddiaçı hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi üçün AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilməmişdir. Baxmayaraq ki, onun Mərkəzi Hərbi Həkim Komissiyasına göndərilməsi üçün kifayət qədər əsaslar da olmuşdur. Belə ki, o, ehtiyata buraxılarkən son yaş həddinə (48 yaş) çatmamış, həmçinin maksimal pensiya təminatı 100% miqdarında yox, 89% miqdarında olmuşdur. 2005-ci ildən isə onun səhhətində ciddi problemlər olmuş və dəfələrlə AR Müdafiə Nazirliyinin hərbi tibb müəssisəsində və mülki tibb müəssisələrində müalicələrdə olmuşdur, 4 xəstəlikdən əziyyət çəkmişdir. İddiaçı hesab edir ki, əgər ehtiyata buraxılmaqdan əvvəl Hərbi Həkim Komissiyasına müayinəyə göndərilmiş olsaydı, o vaxt «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “a” bəndinə əsasən yox, “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxılmış olardı. AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməyi və ehtiyata buraxılmağı haqqında AR Müdafiə Nazirinin 0445 nömrəli 30 sentyabr 2010-cu il tarixli əmrində müvafiq dəyişiklik edilərək onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “v” (xəstəliyə görə) bəndinə əsasən ehtiyata buraxılması (geyim formasını daşımaq hüququ verilməklə) barədə qərar qəbul edilməsi xahişi ilə o, 23 noyabr 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən 24 aprel 2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina cavabını əsassız və qanunsuz hesab edilir. Göstərilənlərə əsaslanaraq, onun AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətləndirilməyi və ehtiyata buraxılmağı haqqında AR Müdafiə Nazirinin 0445 nömrəli 30 sentyabr 2010-cu il tarixli əmrində müvafiq dəyişiklik edilərək onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “v” (xəstəliyə görə) bəndinə əsasən ehtiyata buraxılması (geyim formasını daşımaq hüququ verilməklə) vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakıları bildirir: İddiaçı tərəfindən iddia ərizəsində 14 oktyabr 1982-ci il tarixdən 24 avqust 1992-ci il tarixədək keçmiş Sovet Ordusunda, 24 avqust 1992-ci il tarixdən 1 yanvar 2011-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində xidmət etdiyini, AR Müdafiə nazirinin 30 sentyabr 2010-cu il tarixli 0445 nömrəli əmrilə mayor hərbi rütbəsində «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddətinin başa çatdıqına görə) ehtiyata buraxıldığını, AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi - Həkim Komissiyasında şəhadətləndirilməsi və ehtiyata buraxılması haqqında AR Müdafiə nazirinin 30.09.2010-cu il tarixli 0445 nömrəli əmrində müvafiq dəyişiklik edilərək «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmağı (geyim forması daşımaq hüququ verməklə) vəzifəsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə məhkəmədən qərar qəbul etməsini xahiş edir. Belə ki, AR Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin “Verifikasiya” şöbəsinin zabiti mayor İddiaçı ixtisas üzrə tutduğu vəzifəyə uyğun gəlməməsi, İnspeksiyalarda nadir hallarda iştirak etməsi, xarici dil bilməməsi, idarədə təşkilatı tişləri ona həvalə olmasıma baxmayaraq, qarşıya qoyulan tapşırıqları həcmində yerinə yetirmədiyinə görə başqa hərbi hissəyə müvafiq vəzifəyə təyin olması üçün idarə rəisi tərəfindən 9 sentyabr 2010-cu il tarixdə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, “Verifikasiya” şöbəsinin zabiti mayor İddiaçı tərəfindən 20 sentyabr 2010-cu il tarixdə raport yazılaraq xidmət müddətinin başa çatması ilə əlaqədar onun Silahlı Qüvvələr sırasından ehtiyata buraxılması (tərxis olması) barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırması xahiş edilmişdir. O, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddətinin başa çatdıqına görə) əsasən Azərbaycan Respublikası Müdafiə nazirinin 30 sentyabr 2010-cu il tarixli 0446 nömrəli əmrilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Həmin Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə) görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar. İddiaçı həmin inzibati aktı 11 il sonra mübahisələndirir. Qeyd olunan Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 – 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəməyə şikayət vermək üçün qanunla müəyyən edilmiş müddətin axımı inzibati aktın elan edildiyi, təqdim edildiyi vaxtdan başlayır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qeyd olunana əsasən iddiaçı inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr mümkünlük şərtlərini yoxlayarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Göstərilənlərə əsaslanaraq, İddiaçı iddiasının mümkün sayılmaması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə qeyd edir ki, iddia ərizəsində iddiaçı tələbi cavabdeh AR Müdafiə Nazirliyinin üzərinə 30 sentyabr 2010-cu il tarixli 0445 nömrəli əmrin dəyişdirilərək onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “v” bəndinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmağı (geyim forması daşımaq hüququ verməklə) vəzifəsinin qoyulması barədədir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddia mahiyyətinə görə “mübahisələndirmə haqqında” iddiaya aid edilməlidir. Nəzərə alınmalıdır ki, İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd olunmalıdır ki, mövcud qanunvericilik məhkəmədə “mübahisələndirmə haqqında” iddianın mübahisələndirilən inzibati aktın təqdim (elan) olunmasından 1 aylıq iddia müddəti ərzində qaldırılmasını nəzərdə tutur. Hazırkı iddia ərizəsi isə məhkəməyə iddiaçı tərəfindən inzibati aktın qəbulundan və elan olunmasından 10 il 7 aydan artıq vaxt keçdikdən sonra təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan inzibati akt (əmr) xidmətin xüsusiyyətləri baxımından iddiaçıya qəbul edildiyi ərəfədə məlum olmuşdur. Bu qənaət həm də ondan irəli gəlir ki, o, sonuncu vəzifəsini icra etmədiyi halda, xidməti münasibətlərdə digər nəticələrin (o cümlədən, xidmət yerinə gəlməməyə görə, lazımi qaydada icra etməməyə görə intizam məsuliyyəti) yaranma ehtimalı böyük olmuşdur. Halbuki, belə nəticələrdən heç biri olmamışdır. Bundan başqa, AR Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 296, 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (296.1) Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər; - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar; - (maddə 298) şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. AR Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Göründüyü kimi, mübahisələndirilən 30 sentyabr 2020-cu il tarixli əmrin qəbul olunduğu dövrdə qüvvədə olan qanunvericilik normaları da müvafiq icra hakimiyyəti orqanları (dövlət orqanları) və onların vəzifəli şəxslərinin hərəkət və qərarlarına qarşı məhkəmədə iddia qaldırılması üçün də 1 aylıq prosessual müddət müəyyən etmişdir. Həmin dövrdə qüvvədə olan normalarda göstərilən “etibarsız sayılması” tələbi özündə “mübahisələndirmə”ni də ehtiva edir. İPM-in 13, 24-cü maddələrinin tələbləri baxmından “buraxılmış prosessual müddətin bərpası”na gəldikdə isə, məhkəmə qeyd edir ki, iddiaçı müddət buraxılmasının səbəbləri üzrə hər hansı dəlil gətirmədiyindən, habelə prosessual müddət 10 il 7 aydan artıq artıq vaxt ötürüldüyündən (İPM-in 24.4-cü maddəsinə zidd olaraq) müddətin bərpasına dair ərizənin verilməsinin iddiaçıya tövsiyə olunması məqsədəuyğun deyil. İddiaçının tələbi və məqsədi mahiyyətcə aydın olduğundan, İPM-in 13 və 54-cü maddələrinin tələbləri nəzərə alınmaqla iddianın dəqiqləşdirilməsi barədə iddiaçıya tövsiyə olunması da zəruri bilinmir. Nəzərə alınmalıdır ki, iş materiallarına əsasən İddiaçı AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 28 may 2018-ci il tarixdə şəhadətləndirilmiş və ona münasibətdə AR Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndinə istinad olunaraq “Xəstəlikdir. Hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. Məhkəmə həmçinin vurğulayır ki, hazırkı məhkəmə icraatında İddiaçı AR Müdafiə Nazirliyi MHH Komissiyasına şəhadətləndirilməsi ilə bağı müraciətinin 2018-ci ilə təsadüf etməsi ilə bağlı hər hansı tutarlı dəlil gətirilmir, eləcə də barəsində həmin Komissiyanın 28 may 2018-ci il tarixli qərarının hərbi xidmət dövrünün sonunda, yəni onun tərxis olunduğu dövrdə qəbul olunmasını istsna edən hallar müəyyən olunmur. Odur ki, MHH Komissiyasının 28 may 2018-ci il tarixli qərarının qəbulu AR Müdafiə Nazirliyinin 30 sentyabr 2010-cu il tarixli əmrinin mübahisələndirilməsi üzrə müvafiq (30 günlük) müddətin buraxılmamış sayılmasına və ya buraxılma səbəbinin üzürlü sayılmasına əsas kimi çıxış edə bilməz. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddianı “iddia müddəti” buraxılmaqla qaldırdığından və iddianın mahiyyəti əmrin mübahisələndirilməsi olduğundan, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 83-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6558/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6558/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver