Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-656/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «müvafiq dövr sığorta stajına daxil edilməklə iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması və və keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı xx xxxxxxxx 1945-ci il tarixdə Lerik rayonunda doğulmuşdur. 25 noyabr 1964-cü il tarixdən 10 oktyabr 1967-cı il tarixədək hərbi xidmətdə olmuş, 6 fevral 1968-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır. 2007-ci ildə pensiya yaşı çatdığı üçün Bakı şəhəri Xəzər rayonu (əvvəlki Əzizbəyov rayonu) Sosial Təminat Şöbəsinə müraciət etmişdir. Əmək kitabçasında 30 ildən artıq əmək fəaliyyəti olduğu halda ona stajı 23 il 5 ay hesablanaraq əmək pensiyası təyin edilmişdir. İddiaçı bundan razı qalmadığını bildirsə də, ona “Savalan” Kooperativində işlədiyi dövrün sığorta stajına daxil olunmadığı bildirilmişdir. Lakin iddiaçı vaxtilə 26 dekabr 1990-cı il tarixli 326 nömrəli sərəncamla Abşeron rayonu ərazisində 50 il müddətinə torpaq istifadəyə götürülməklə “Savalan” Kooperativini təsis etmiş və bununla əlaqədar 24 fevral 1991-ci il tarixdə 112 nömrəli Texniki Peşə Məktəbində müəllim vəzifəsindən azad olunmuş, kooperativdə fəaliyyətə başlamışdır. Beləliklə, 1991-cı ildən 1998-ci ilədək “Savalan” Kooperativi fəaliyyət göstərmişdir. Kooperativin fəaliyyəti ilə bağlı Binə qəsəbəsində yerləşən Donuzkökəltmə Sovxozundan torpaq sahəsi icarəyə götürülmüşdür. 1998 – 2007-ci illərdə iddiaçı işləməmiş və sonradan 2007-ci ildə ona əmək pensiyası təyin olunmuşdur. Beləliklə, onun 1991-ci ilədək 23 il 5 ay stajı olmuşdur, 1991 – 1998-ci illərdə isə 7 il stajı toplandığından, ümumilikdə 30 il 5 ay staja malikdir. 23 il 5 ay pensiya stajı nəzərə alındığından, 25 illik əmək stajı toplanmadığından, 85 faizlə pensiya təyin olunmuşdur. 2006 – 2010-cu illərdə qulluqçulara 85 faizlə pensiya təyin olunurdu. İddiaçı da həmin ərəfədə, yəni 2007-ci ildə pensiyaya çıxmışdır. O, “Savalan” Kooperativinin sədri olmuş və 6 nəfər ailə üzvləri ilə birlikdə bu qrumda işləmişdir. 290 – 400 ay əmək haqqı almışlar. 6 nəfərin əmək haqqının 1 faizi 7 ildə pensiya fonduna köçürülmüşdür. Həmin şəxslərdən yalnız iddiaçının əmək kitabçasında 7 il üzrə qeydlər var. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə, İPM-in 2, 33-cü maddələrinə əsaslanaraq, məhkəmədən əmək stajına 1991 – 1998-ci illərdəki stajı əlavə olunmaqla əmək pensiyasının 85 faizlə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) həmin Fondun Sosial Ödənişlərin Təyinatı Mərkəzi ilə əvəz olunmasını, iddia tələbinin «iddiaçının 1991 – 1998-ci illərdə “Savalan” Kooperativində işlədiyi dövr sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə iddia iıə bağlı ünvanlanmış 25 aprel 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması» barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. DSMF hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən etiraz təqdim edilir. İddiaçı 6 may 2021-ci il tarixdə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş, lakin “Savalan” Kooperativinin hüquqi ünvanı məlum olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilərək yenidən hesablanması mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsində qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət il sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Belə ki, İddiaçı 24 fevrak 1991-ci il tarixdən 5 yanvar 1998-ci il tarixədək “Savalan” Kooperativində işlədiyi müddət mübahisələndirilən sosial sığorta stajıdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında» Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçının təqdim etdiyi hərbi biletə əsasən 25 noyabr 1964cü il tarixdən 10 oktyabr 1967-ci il tarixədək 2 il 10 ay 15 gün hərbi xidmətdə olduğu müddət, əmək kitabçasına əsasən 25 yanvar 1968-ci il tarixdən 1 yanvar 1969-cu il tarixədək, 13 may 1969-cu il tarixdən 30 iyun 1978-ci il tarixədək, 6 oktyabr 1978-ci il tarixdən 25 yanvar 1979-cu il tarixədək, 12 may 1979-cu il tarixdən 23 noyabr 1979-cu il tarixədək, 21 may 1980-ci il tarixdən 12 may 1981-ci il tarixədək, 22 iyun 1981-ci il tarixdən 12 oktyabr 1982-ci il tarixədək, 16 mart 1983-cü il tarixdən 1 aprel 1983-cü il tarixədək, 7 sentyabr 1983-cü il tarixdən 26 noyabr 1983-cü il tarixədək və 2 yanvar 1984cü il tarixdən 23 fevral 1991-ci il tarixədək 20 il 6 ay 29 gün əmək fəaliyyəti dövrü daxil olmaqla onun 1 yanvar 2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 23 il 5 ay 14 gün təşkil edir. Onun 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçıya 25 sentyabr 2007-ci il tarixdə ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, “Savalan” Kooperativinin hüquqi ünvanı məlum olmadığından, onun 24 fevral 1991-ci il tarixdən 5 yanvar 1998-ci il tarixədək adıçəkilən qurumda işlədiyi müddətin yoxlanılması mümkün olmamışdır. Bu səbəbdən həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialına ünvanlanmış sorğuya 16 avqust 2022-ci il tarixli **********4 nömrəli cavab məktubunda “Savalan” Kooperativinə aid hesabat məlumatlarının təhvil verilmədiyi qeyd olunmuşdur. Göründüyü kimi, istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq hesab olunmur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Xəzər rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin 29.1-1-ci maddəsinə görə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Göründüyü kimi, iddiaçının ona yaşa görə əmək pensiyasının 1991 – 1998-ci illərdə “Savalan” Kooperativində işlədiyi müddət sığorta stajına daxil edilməklə yenidən hesablanmasından cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə X2 hüquqi ünvanı məlum olmadığından, onun həmin dövrdə işləməsinin yoxlanılmasının mümkünsüzlüyü səbəbi ilə imtina edilmişdir. Mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin arxivə (Dövlət Arxivinə) təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Bundan başqa, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə bağlı hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Bundan başqa, İddiaçı yuxarıda sığorta stajə kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti müddəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti qoyula bilməz. Məhkəmə diqqətə çəkir ki, hazırkı iş üzrə icraatda müvafiq sorğulara ayrı-ayrı orqanlardan, o cümlədən arxiv qurumundan alınmış cavab məktublarında “Savalan” Kooperativi ilə bağlı məlumatların mövcud olmadığı bildirilsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən daxil olmuş 23 yanvar 2023-cü il tarixli məktubla Kooperativin təsis sənədlərinin surətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin vergi orqanına ünvanlanmış sorğu məktubunda “Savalan” Kooperativinin ləğvi, fəaliyyətinin dayandırılması barədə məlumatların da göndərilməsi tələb olunsa da, cavab məktubunda bununla bağlı hər hansı məlumat bildirilməmiş, yəni məktub alındığı tarixədək qurumun ləğv edilmədiyi və fəaliyyətinin dayandırılmadığı təkzib olunmamışdır. Təqdim olunmuş sənədlərə (nizamnamə və şəhadətnamənin surətlərinə) əsasən üzləri arasında keçirilən 5 oktyabr 1990-cı il tarixli iclasda təsis edilmiş “Savalan” Kooperativi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 162 nömrəli şəhadətnamə ilə 22 iyul 1994-cü il tarixdə dövlət qeydiyyatından keçmişdir. Azərbaycan Respublikasının 1964-cü il 11 sentyabr tarixli (2000-ci il 1 yanvar tarixinədək qüvvədə olmuşdur) Mülki Məcəlləsinin 23-cü maddəsinə görə ayrıca əmlakı olan, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edə bilən, vəzifələr daşıya bilən, məhkəmədə, arbitrajda və ya münsiflər məhkəməsində iddiaçı və cavabdeh ola bilən təşkilatlar hüquqi şəxslər hesab edilirlər. Həmin Məcəllənin 25-ci maddəsinə görə hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında hərəkət edir. Dövlət büdcəsində olan idarələr və sair dövlət təşkilatları, SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan hallarda isə həmçinin digər təşkilatlar, həmin növ təşkilatlara dair ümumi əsasnaməyə uyğun olaraq hərəkət edə bilərlər. Hüquqi şəxs, onun müəyyən edilmiş fəaliyyət məqsədinə müvafiq olaraq, mülki hüquq qabiliyyətinə malikdir. Hüquqi şəxsin hüquq qabiliyyəti onun nizamnamə və ya əsasnaməsinin təsdiq edildiyi vaxtdan, hüquqi şəxs həmin növ təşkilatlara dair ümumi əsasnaməyə görə hərəkət etməli olduğu hallarda isə, – səlahiyyətli orqan tərəfindən, onun təşkilinə dair qərarın verildiyi vaxtdan əmələ gəlir. Nizamnamə qeydə alınmalı olduğu hallarda isə, hüquqi şəxsin hüquq qabiliyyəti, onun qeydə alındığı vaxtdan əmələ gəlir. Həmin Məcəllənin 25-1-ci maddəsinə görə hüquqi şəxs onun dövlət qeydiyyatından keçdiyi andan yaradılmış hesab edilir. Qeyd olunanlara, o cümlədən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müdadəalarına, habelə 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş 1991 – 1998-ci illər üzrə iş stajının 22 iyul 1994-cü il tarixdən, yəni Kooperativin dövlət qeydiyyatına alındığı tarixdən 5 yanvar 1998-ci il tarixədək olan hissəsinin onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Odur ki, həmin müddət də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalı hesablanmaqla və indeksləşdirilmə aparılmaqla iddiaçının əmək pensiyası yenidən hesablanmalıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 22 iyul 1994-cü il tarixdən 5 yanvar 1998-ci il tarixədək iş illəri sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtinası qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 16, 24, 58-ci maddələriunin tələblərinə zidd qiymətləndirilməli və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal sayılmalıdlr. Keçmiş dövr üzrə pensiya məbləğinin ödənilməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı təyin olunmuş yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı keçmiş müddət üzrə ödənilməmiş pensiya məbləğinin ona müraciət etdiyi 6 may 2021-ci il tarixdən əvvəlki son üç ilə aid hissəsi «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq qaydada, yəni “pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməlidir. Nəzərə alınmalıdır ki, iş materiallarında olan cavabdehin iddiaya qarşı yazılı etirazında iddiaçı X1 DSMF orqanına 6 may 2021-ci il tarixdə müraciət etdiyi bildirilmiş və iddiaçı tərəf bu halı mübahisəsiz qarşılamışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə İPM-in 13, 52-ci maddələrinin tələblərini rəhbər tutaraq və həmin Məcəllənin 68-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı “Savalan” Kooperativində işlədiyi 22 iyul 1994-cü il tarixdən 5 yanvar 1998-ci il tarixədək olan müddət sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə yaranmış fərq məbləğinin müraciət etdiyi 6 may 2021-ci il tarixdən əvvəlki son üç ilə aid hissəsi «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı “Savalan” Kooperativində işlədiyi 22 iyul 1994-cü il tarixdən 5 yanvar 1998-ci il tarixədək olan müddət sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və əvvəlki dövr üzrə yaranmış fərq məbləğinin müraciət etdiyi 6 may 2021-ci il tarixdən əvvəlki son üç ilə aid hissəsi «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1 və 37.7-ci maddələrinin tələblərinə müvafiq olaraq, pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-656/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-656/2023
02.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver