Məhkəmə qərarları › İş №2-1(112)-6560/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6560/2021

01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6560/2021 01.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri Qaradağ rayonu, B.Niftaliyev küçəsi ev 5, mənzil 57), cavabdehin nümayəndəsi Nümayəndə (Ünvanı: Lənkəran şəhəri, A.İsmayılov küçəsi 90; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı, aparıcı mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına 3-cü şəxslər - "xxxx" QSC və "xxxx" QSC-nin “Bibiheybət” Gəmitəmiri Zavodu qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 24.01.2014-cü ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) 16.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin 12.11.2021-ci il tarixli qərardadı ilə "xxxx" QSC və "xxxx" QSC-nin “Bibiheybət” Gəmitəmiri Zavodu üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 01.12.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “X1 iş stajı nəzərə alınmaqla İddiaçı hüququnun yarandığı 24.01.2021-ci il tarixdən (62 yaşdan) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, X4 ilə 12 sentyabr 1978-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. X4 27.07.1998-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı 02.02.1954-cü ildə anadan olmuşdur. 28.10.1969-cu ildən 10.05.1972-ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultay adına Gəmi təmiri zavodunda enerji xidməti sahəsində elektrik avadanlıqları üzrə çilingər vəzifəsində işləmiş, 25.05.1972-ci ildən 10.05.1974-cü il tarixdə kimi keçmiş SSR-nin Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 23.08.1974-cü ildən 07.10.1974-cü ilə kimi “Xəzərdənizneftqaz" idarəsinin XXİ Partiya qurultay adına Gəmi təmiri zavodunda gövdə kompleks sahəsində fəhlə işinə qəbul edilmişdir. 05.02.1990-ci ildən vəfat edənə, yəni 27.07.1998-ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultay adına Gəmi təmiri zavodunun “Aleksey Siyaqqin” adına üzən tərsanə sahəsində matros işləmişdir. Lakin onun işləməsinə dair əmək kitabçası yoxdur. Lakin onun işlədiyi bütün idarə və təşkilatlardan arxiv arayışlarını alaraq ərizəsinə əlavə etmişdir. Mərhum həyat yoldaşı qeyd edilən tarixlərdə işləməsinə dair həmin idarələrdən müvafiq arayışlar alsa da ailə başçısını itirməsinə görə pensiya ala bilmir. Bu barədə cavabdeh təşkilata müraciət etsə də ona tam əsasız olaraq imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 17.1 -ci maddəsində qeyd olunmuşdur ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Belə ki, İddiaçı mərhum həyat yoldaşı X5 İ oğlunun 28.10.1969-cu il tarixdən 10.05.1972-ci il tarixədək, 23.08.1974-cü il tarixdən 1 07.10.1974-cü il tarixədək “Xəzərdənizineftqaz” idarəsinin XXİ Partiya Qurultayı adına Gəmi Rtəmiri zavodunda, 01,02.1977-ci il tarixdən 01.02.1990-cı il tarixədək “Xəzərdənizneft” Birliyinin Xidməti və Komplektasiya İdarəsində, 05.02.1990-cı il tarixdən 27.07.1998-ci il tarixədək “Xəzərdənizineftqaz” idarəsinin XXİ Partiya Qurultayı adına Gəmi təmiri zavodunda işlədiyi illər əmək kitabçasında öz əksini tapmadığından sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Beləliklə, İddiaçı tələb olunan sosial sığorta stajına və ya pensiyanın minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına malik olmadığından onun ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 14.1.2. Vəfat etmiş ailə başçısının öhdəsində olan arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006- cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin b) bəndinə görə iş yerlərindən verilmiş arayışlar iş stajını təsdiq edən sübut sayılır. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1(102)- 752/2020 saylı, 2-1(102)-1460/2020 saylı 29 iyul 2020-ci il tarixli və 2-1(102)- 448/2021 saylı 17 mart 2021-ci il tarixli qərarlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad olunaraq 1 yanvar 2006-cı ilə qədər iş stajının təsdiq olunması barədə iş yerlərinin verdiyi arayışların pensiya təyin olunması zamanı nəzərə alınmasının zəruriliyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əri X4 28.10.1969-cu ildən 10.05.1972-ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultay adına Gəmi təmiri zavodunda enerji xidməti sahəsində elektrik avadanlıqları üzrə çilingər vəzifəsində işləmiş, 25.05.1972-ci ildən 10.05.1974-cü il tarixdə kimi keçmiş SSR-nin Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra 23.08.1974-cü ildən 07.10.1974-cü ilə kimi “Xəzərdənizneftqaz" idarəsinin XXİ Partiya qurultay adına Gəmi təmiri zavodunda gövdə kompleks sahəsində fəhlə işinə qəbul edilmişdir. 05.02.1990-ci ildən vəfat edənə, yəni 27.07.1998-ci ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultay adına Gəmi təmiri zavodunun “Aleksey Siyaqqin” adına üzən tərsanə sahəsində matros işləmişdir, 27.07.1998-ci il tarixdə vəfat etmişdir. İddiaçı hesab edir ki, mərhum ərinin işlədiyi həmin illər də nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiya hüququ mövcud olmuşdur. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının mərhum ərinin işlədiyi dövr əmək kitabçası ilə təsdiq olunmadığından iddiaçıya ailə başçısı kimi əmək pensiyası təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan sığorta stajı mövcud olmamışdır. İddiaçının X4 ilə 12.09.1978-ci il tarixdən rəsmi nikahda olması, X2 iki il hərbi xidmət keçməsi, 27.07.1998-ci ildə vəfat etməsi və iddiaçının pensiya yaşına çatması işin mübahisə olunmayan hallarıdır. Araşdırılmalı hal iddiaçının mərhum ərinin iddiaçıya ailə başçısına görə pensiya təyin edilməsi üçün zəruri iş stajına malik olması ilə bağlıdır. İş materiallarından görünür ki, "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu məhkəmənin sorğusuna cavab olaraq 07.10.2021-ci il tarixli məktubla X2 tələb olunan illər üzrə iş stajı, əmək haqqı, növbəti məzuniyyət əmrlərin nömrələri və müəssisənin adının dəyişdirilməsi barədə arayışlar məhkəməyə göndərmişdir. Təqdim edilən Arxiv Arayışlarından görünür ki, X4 28.10.1969-cu ildən 10.05.1972ci ilə, 23.08.1974-cü ildən 07.10.1974-cü ilə, 05.02.1990-cı ildən 27.07.1998-ci ilə kimi “Xəzərdənizneftqaz" idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləmişdir. İş materiallarından görünür ki, “SOCAR” “Azneft”İB məhkəmənin sorğusuna cavab olaraq X3 aid əmrlərin və əmək haqqı cədvəllərinin surətini məhkəməyə göndərmişdir. Təqdim edilən əmək haqqı cədvəllərinə görə X4 1977-ci il, 1988-1989 –cu illər və 1990-cı ilin yanvar ayında işlədiyi müddətdə əmək haqqı almış, bu dövr üzrə aldığı əmək haqları ayrı-ayrı aylar üzrə qeyd edilmişdir. X2 əmək haqqı aldığı 1977-ci il, 1988-1989 –cu illər, 1990-cı ilin yanvar ayı işlədiyi dövr, həmçinin 28.10.1969-cu ildən 10.05.1972-ci ilə, 23.08.1974-cü ildən 07.10.1974-cü ilə, 05.02.1990-cı ildən 27.07.1998-ci ilə kimi “Xəzərdənizneftqaz" idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işlədiyi dövr 17 ildən çoxdur. İş materiallarından görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Qaradağ rayon idarəsinin 15.01.2021-ci il tarixli 268 nömrəli arayışına əsasən 1954-cü il təvəllüdlü X4 26.05.1972-ci il tarixdən 10 05.1974-cü il tarixədək keçmiş SSR-nin Silahlı Qüvvəllərində müddətli həqiqi hərbi xidmət keçmiş və tərxis olmuşdur. Göründüyü kimi, iddiaçının mərhum ərinin hərbi xidmət dövrü də nəzərə alınmaqla 17 il 1 ay 15 gün sığorta stajı mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum əri 02.02.1954-cü ildə doğulmuş, 27.07.1998-ci ildə ölmüşdür. İddiaçıya ailə başçısının itirməyə görə pensiya təyin edilməsi üçün onun mərhum ərinin 9 il 7 ay stajının olması kifayət edir (44-15=29; 29*4/12=9 il 7 ay). İş materiallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 24.01.2021-ci il tarixdə pensiya yaşına (62 yaş) çatmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mərhum ərinin hərbi xidmət dövrü də nəzərə alınmaqla 17 il 1 ay 15 gün sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X1 iş stajı nəzərə alınmaqla İddiaçı hüququnun yarandığı 24.01.2021-ci il tarixdən (62 yaşdan) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. X1 iş stajı nəzərə alınmaqla İddiaçı hüququnun yarandığı 24.01.2021-ci il tarixdən (62 yaşdan) ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar