Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6560/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onların tələbləri ilə əlaqədar hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və onların faktiki yaşayış yeri üzrə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyata alınması üçün müvafiq işlərin görülməsinin cavabdehə həvalə edilməsini xahiş etmişlər İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, onlar uzun illərdir ki, faktiki olaraq onlara məxsus, ünvan 2 ünvanında yerləşən, tam kommunal şəraitli olan, həmin kommunal xidmətlərdən istifadəyə görə müqavilələri onlar ilə bağlanmış fərdi evdə bir ailə olaraq yaşayırlar. Qeydiyyatda olduqları ünvan isə Bakı şəhəri, Binəqədi Polis İdarəsinin (bundan sonra cavabdeh) inzibati binasıdır. Onlar cavabdeh inzibati orqana müraciət edərək faktiki yaşayış yerləri üzrə qeydiyyata alınmaqları üçün müvafiq işlərin görülməsini xahiş etmişlər. Lakin onların tələbləri təmin olunmayıb və imtinaya səbəb kimi qeydiyyata alınmaq istədikləri fərdi evin hüquqmüəyyənedən sənədinin olmadığı göstərilmişdir. Halbuki pasport qeydiyyatı əmlaka hər hansı pay hüququ vermir və bu yalnız dövlət, cəmiyyət və sair qarşısında onların vəzifələrinin icra olunması, hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaradılmasıdır. Bundan başqa tikilidə kommunal xətlər çəkilirsə və bunun üçün müvafiq müqavilələr bağlanırsa, tikilidə yaşayış mümkündürsə həmin tikiliyə heç bir pay hüququ verməyən pasport qeydiyyatına alınmadan imtina edilməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İddiaçı2 və cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi lazımi qaydada xəbərdarlıq edilmiş, lakin iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən İddiaçı2 və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının 14.11.2014-cü il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının 22.11.2014-cü il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.1964-cü ildə Ağsu rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının 09.09.2013-cü il tarixli, AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1988-ci ildə Ağsu rayonunda doğulmuşdur, yaşayış yeri ünvan 4 ünvanıdır. - Əhali istehlakçıların təbii qazla təmin edilməsi, ondan istifadə, istismar və ödəniş qaydaları haqqında 11.06.2007-ci il tarixli, 22280 №-li müqavilənin surətindən görünür ki, Binəqədi rayon Qaz İstismar İdarəsi ilə Cəbiyev arasında qaz təchizatı xidmətinin göstərilməsi və qazdan istifadə olunması ilə əlaqədar müqavilə bağlanmışdır. - 22.05.2008-ci il tarixli, 20 ******* №-li su sayğaclarının qəbulu aktının surətindən görünür ki, 22.05.2008-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış su sayğacı abonentin iştirakı ilə komissiya tərəfindən texniki şərtlər əsasında qəbul edilib istismara buraxılmışdır. - Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış 04.02.2022-ci il tarixli, 059-3505C- 3223 №-li məktubun surətindən görünür ki, müraciətə baxılmışdır. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən X2, İddiaçı3, İddiaçı2 və X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 6 fərdi yaşayış ev ünvanına qeydiyyata alınmaları üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət edilməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana qeydiyyata alınması qanuna müvafiq deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüquqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. Həmin ünvan üzrə ev özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçılar sözügedən ünvana qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etmiş, yaşadıqları həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etmədiklərindən cavabdeh inzibati orqan onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçılar cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. - 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. - 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Qanunvericiliyin tələbindən də göründüyü kimi özbaşına tikintiyə şəxsin mülkiyyət hüququ yalnız müəyyən şərtlərdən asılı olaraq tanına bilər. Nəzərə alınmalıdır ki, hazırki iddia tələbi üzrə iddiaçıların cavabdehin üzərinə qoyulmasını arzuladıqları öhdəlik məhz özbaşına tikintiyə qeydiyyata alınmaları ilə bağlı olmuşdur ki, bu mübahisənin tənzimlənməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları əsasında həyata keçirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçıların daimi yaşamaq məqsədilə qanuni əsaslarla qeydiyyata alınmaq istədikləri yaşayış evinə köçüb yaşamalarına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Məhkəmə qeyd edir ki, hazırki iddia predmetini təşkil edən əmlak üzərində iddiaçıların hüquqlarının olmaması ilə yanaşı, həmçinin əmlakın “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi” Qaydaları baxımından fərdiləşməni təmin edən rekzvit məlumatlarının olmaması da nəzərə alınmalıdır. Belə ki, iddiaçıların qeydiyyata düşməyi arzuladığı əmlakın sadəcə yerləşdiyi rayon və küçə məlumdur. Fərdi yaşayış evinin və onun altında yerləşən torpaq sahəsi ilə bağlı isə hər hansı bir məlumat olmamış, bu isə bir mənalı olaraq qeydiyyatın aparılmasını mümkünsüz edən haldır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçıların yaşayış sahəsinə faktiki sahibliyi, kommunal xidmətlərdən istifadə ilə bağlı müvafiq sənədlərə malik olmaları da yaşayış sahəsinə mülkiyyət sənədlərinə malik olmaları mənasını kəsb etmir və həmin sənədlərin mövcudluğu da iddianın təmininə münasibətdə vəziyyəti iddiaçıların xeyrinə dəyişmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsələr də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşamaları və buna hüquq verən sənədlərin, yəni ünvan 1 ünvanına dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəflərindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçıları qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-6560/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6560/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver