Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6561/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı «mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 25 saylı evin 27 saylı mənziil üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 may 2015-ci il tarixli 1/113m saylı məxfi qrafıkli məktubuna əsasən müvəqqəti məhdudiyyət qoyulmuşdur. İddiaçı hesab edir ki, Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş məhdudiyyət əsassız və qanunsuzdur və onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bununla əlaqədar o, 18 aprel 2016-cı il tarixdə Daxili İşlər Nazirliyinə müraciət ünvanlamış və həmin əmlaka qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Lakin indiyədək həmin məktuba cavab verilməmiş, göstərilən mədudiyyət aradan qaldırılmamışdır. Eyni zamanda 18 aprel 2016-cı il tarixdə eyni məzmunlu ərizə ilə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət olunmuş, həmin İdarə tərəfindən də müraciətə cavab verilməmişdir. Bundan başqa, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə daxil olmuş ərizəsinə 8 may 2019-cu il tarixli **********21 nömrəli məktubla cavab verilmiş və məhdudiyyətin götürülməsi ilə bağlı məsələyə qanunamüvafıq qaydada baxılacağı bildirilmişdir. Lakin bu günədək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 25 saylı evin 27 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyət aradan qaldırılmamışdır. İddiaçı hesab edir ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış müraciətinə cavab verilməməsi və haqlı müraciətin icra olunmaması onun Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilmiş mülkiyyət hüquqlarını və şəxsi azadlıq hüquqlarını kobud şəkildə pozur. Heç bir əsas olmadan vətəndaşın azad yerdəyişmə və mülkiyyət hüquqlarının azad həyata keçirilməsi hüquqlarının pozulmasına görə maraqlı şəxsin etdiyi müraciət üzrə adıçəkilən qanunsuz məhdudiyyətin dərhal aradan qaldırılması inzibati orqan olan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin öhdəliyidir və həmin öhdəlik icra edilməlidir. Göstərilənlərə və İPM-in 2.2, 8, 14.2, 34.1, 35, 40-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 148, 152, 157, 169-cu maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçıya məxsus Bakı şəhəri, Cavadxan küçəsi, 25 saylı evin 27 saylı mənzilinin üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması öhdəliyinin cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 6 aprel 2019-cu i il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 25 saylı evin 27 saylı mənzilinin üzərinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 25 may 2015-ci il tarixli 1/113m saylı və digər məxfi qrifli məktublarına əsasən müvəqqəti məhdudiyyət qoyulmuşdur. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya **********81 saylı 15 aprel 2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 23cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Odur ki, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, DİN-də aparılan hər hansı cinayət işi və ya mülki mübahisə ilə əlaqədar xəbərdar olunmamış, dindirilməmiş və ifadəsı alınmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, Bakı şəhəri, Cavadxan küçəsi, 25 saylı evin 27 saylı mənzili İddiaçı mülkiyyətindədir və onun həmin mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 23 fevral 2010-cu il tarixdən qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan həmin mənzil üzərinə cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhdudiyyət qoyulmuşdur (özgəninkiləşdirilməsi qadağan olunmuşdur). Müvafiq qeydiyyat orqanı kimi cavabdeh bu məhdudiyyətin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məxfi qrifli məktubu əsasında qoyulduğunu iddia edir. İddiaçı mülkiyyətində olan mənzilin üzərindən məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdeh tərəfin üzərinə qoyulmasını tələb edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 1.0.3-cü maddəsinə görə hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) – qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Həmin Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.4) qanuni qüvvəyə minmiş məhkəmə qərarları; «İnzibati icraat haqqında» Qanunun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə görə qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi akt kimi təsbit etmiş və onların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, hüququn məhdudlaşdırılması qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağaları (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) ehtiva edir. Hazırkı işin hallarına görə isə, iddiaçının mənzil üzərində hüququnun məhdudlaşdırılması bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan qeydə alınmışdır ki, məhkəmənin qənaətinə görə belə hal iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə vurğulayır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan orqanın (Daxili İşlər Nazirliyinin) məktubu əsasında mülkiyyət olan mənzilin üzərində qeydə alınmış hüququn məhdudlaşdırılması mənzil mülkiyyətçisinin əmlak üzərində sərəncam vermək hüququnun həyata keçirilməsinə birbaşa manə yaradır və cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hüququn məhdudlaşdırılması ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bundan başqa qeyd olunmalıdır ki, mövcud qanunvericilik normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi və ləğvi, istərsə də fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyət üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan mənzil üzərində hüququnun məhdudlaşdırılması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun 21.1, 21.2-ci maddələrinin tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. Halbuki, hazırkı işin xüsusatları «İnzibati icraat haqqında» Qanunun 21.3-cü maddəsində sadalanan hallarla uzlaşmır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konsitusiyasının 12-ci maddəsinə (İ hissəsinə) görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konsitusiyasının 13-cü maddəsinə (İ və İİ hissələrinə) görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konsitusiyasının 29-cu maddəsinə (İ, İİ və İV hissələrinə) əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konsitusiyasının 60-cı maddəsinə (İV hissəsinə) görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konsitusiyasının 71-ci maddəsinə (İ hissəsinə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Belə olan halda məhkəmə yuxarıda qeyd olunalara əsaslanaraq hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Cavadxan küçəsi, 25 saylı evin 27 saylı mənzili üzərində hüququnun məhdudlaşdırması, eləcə də həmin məhdudiyyətin götürülməsindən imtinası qanuna zidd sayılmalı və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Cavadxan küçəsi, 25 saylı evin 27 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 4.1, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Cavadxan küçəsi, 25 saylı evin 27 saylı mənzilinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-6561/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6561/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver