Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6567/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclasının katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 17 saylı ünvanda "xxxx" Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok mansard hissəsində yerləşən 13 saylı mənzilin təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ üzrə qeydiyyata alınaraq müvafiq Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 17 saylı ünvanda "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 13 saylı mənzilini dəyərini ödəməklə əldə etmişdir. Bununla bağlı hüquqmüəyyənedici sənədləri var. Belə ki, "xxxx" MTK üzvlərinin 07 mart 2023-cü il tarixli 157 №li iclas protokolundan verilmiş Çıxarışdan müəyyən edilir ki, iddiaçı həmin tarixdən kooperativ üzvlüyünə qəbul edilmişdir və Y.V.Çəmənzəminli küçəsi 17 saylı binanın (2-ci blok) mansard hissəsində ümumi sahəsi 35 kv.m. təşkil edən mənzil sahəsi iddiaçıya ayrılmışdır. Eyni tarixdə mənzilin dəyəri tərəfindən ödənimiş və ona Maliyyə Arayışı verilmişdir. Həmin Arayışın məzmunundan görünür ki, bəhs edilən mənzilin dəyəri tərəfindən tam şəkildə ödənilmişdir. Bundan əlavə, həmin mənzilin "xxxx" MTK tərəfindən möhürlə təsdiqlənmiş planı da təqdim edilmişdir. Bundan sonra verilmiş sənədlər əsasında iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ********** saylı ərizə ilə müraciət edərək, hüquqların dövlət qeydiyyatına alınmasını xahiş etdi. Lakin ərizənin icra edilməsi əvəzinə, xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-5Q279/202İ (**********79) saylı məktubla ərizənin icrasından imtina edildi. Məktubda imtina əsası kimi aşağıdakılar göstərilmişdir: İdarənin mütəxəssisləri tərəfindən əmlaka yerli baxış keçirilən zaman müvafiq mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 17 saylı ünvanda inşa edilmiş yaşayış binasına dair tərtib olunmuş texniki pasportda binanın mansard mərtəbəsi barədə hər hansı məlumat olmadığından ərizənin icrası mümkün olmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş 157 saylı xx.xx.2023cü il tarixli protokoldan çıxarışda mənzilin nömrəsi qeyd olunmamışdır. Hesab edir ki, bu imtina məktubu iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşmasına səbəb olur. Belə ki, bəhs edilən ünvanda yerləşən çoxmənzilli yaşayış binasının bir çox mənzilləri, o cümlədən mansard mərtəbəsində yerləşən mənzilləri daşınmaz əmlakın dövlət reyestrində məhz təqdim etdiyi sənədlərə uyğun olan əsaslarla qeydiyyatdan keçmişdir. Protokoldan çıxarışda mənzil nömrəsinin göstərilməməsi ilə bağlı arqumenti də əsaslı saymır, belə ki, digər sənəddə - Maliyyə Arayışında mənzil nömrəsi var və mənzilin iddiaçının sahiblik və istifadəsində olduğu da mübahisəsizdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 17 saylı ünvanda inşa edilmiş yaşayış binasına dair tərtib olunmuş texniki pasportda binanın mansard mərtəbəsi barədə hər hansı məlumat olmadığından ərizənizin icrası mümkün olmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş 157 saylı, xx.xx.2023-cü il tarixli protokoldan çıxarışda mənzilin nömrəsi qeyd olunmamışdır. İdarənin mütəxəssisləri tərəfindən keçirilən texniki baxış zamanı mənzilin ümumi ölçüsünün 36,6 kv.m olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur.
4. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli 157 nömrəli protokolundan çıxarışına əsasən İddiaçı "xxxx" MTK-nın üzvlüyünə qəbul edilmiş və ona MTK-nın Y.V. Çəmənzəminli küçəsi 17 saylı binanın (2-ci blok) mansard hissəsində ümumi sahəsi 35.00 kv.m. olan mənzil sahəsinin ayrılması təmin edilməsi qərara alınmışdır.
5. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən ünvan 2 ünvanda (2-ci blok) yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-sına məxsusdur. Bu binanın 2 blokunun, mansard hissəsində, ümumi sahəsi 35.0 kv.m.olan 2 otaqlı 13 saylı mənzil sahəsinin pay dəyəri 22000 (İyirmi iki min) manat payçı X2 tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur.
6. Məhkəmə sorğusuna əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 19 fevral 2025-ci il tarixli 3-35/2-1131/2025 saylı məktubu ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 313 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktının təsdiq edilmiş surəti təqdim edilmişdir.
7. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-10160/2025 saylı 11 mart 2025ci il tarixli məktubu ilə bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən bir neçə mənzillərin müxtəlif vaxtlarda dövlət reyestrində qeydiyyatı aparılmışdır. Sözügedən binada yerləşən 13 saylı mənzilə dair müayinə aktını və mənzil planınını təsdiq edilmiş surətləri təqdim edilir.
8. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-15727/2025 saylı 22 aprel 2025ci il tarixli məktubu ilə mansard mərtəbəsində qeydiyyatdan keçmiş mənzilə dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir.
9. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, mansard mərtəbə q/y sahəsi kimi nəzərdə tutulub. MQS-də mansard mərtəbədən yalnız 1 ədəd mənzil məhkəmə qərarı ilə qeydiyyatdan keçib. Mansard mərtəbənin mənzil kimi layihəsi olmadığından, təqdim eilmiş sənədlərə və mənzilin MTK-a tərəfindən tərtib edilmiş planına uyğun tərtib edilmiş cizgi məlumat üçün akta əlavə olundu. Binaya uyğun tərtib edilmiş texpasportda mansard mərtəbə aşkar olunmayıb.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. İddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
17. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.6. Mənzil tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklənəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri- yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
21. İddia tələbi Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 17 saylı ünvanda "xxxx" Mənzil- Tikinti Kooperativi (MTK) tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok mansard hissəsində yerləşən 13 saylı mənzilə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir.
22. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmlaka texniki baxış keçirilən zaman müvafiq mənzilin binanın mansard mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 17 saylı ünvanda inşa edilmiş yaşayış binasına dair tərtib olunmuş texniki pasportda binanın mansard mərtəbəsi barədə hər hansı məlumat olmamışdır. Həmçinin ərizəyə əlavə olunmuş 157 saylı, xx.xx.2023-cü il tarixli protokoldan çıxarışda mənzilin nömrəsi qeyd olunmamışdır. Eyni zamanda, mənzilin ümumi ölçüsünün 36,6 kv.m olduğu müəyyən edilmişdir.
23. Məhkəmə cavabdeh inzibati orqanın dəlilləri ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 313 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktına əsasən qeyd olunan yaşayış binasının istismarına icazə verilmişdir.
24. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 17 saylı ünvanda yerləşən çoxmərtəbəli kooperativ yaşayış binasının 2 blokunun mansard hissəsində, ümumi sahəsi 35.0 kv.m.olan 2 otaqlı 13 saylı mənzil "xxxx" MTK tərəfindən xx.xx.2024-cü il tarixli 157 nömrəli protokoldan çıxarışına əsasən iddiaçıya verilmiş, həmin tarixli maliyyə arayışına əsasən iddiaçı mənzili "xxxx" MTK-dan əvəzini ödəməklə əldə etmişdir, onun həmin daşınmaz əmlaka görə borcu yoxdur, mənzilin yerləşdiyi bina istismara qəbul edilmiş və müvafiq dövlət orqanları tərəfindən yaşayış binasının istismarına razılıq verilmişdir.
25. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına əlavə edilmiş oxşar işlər üzrə eyni faktiki və hüquqi əsasa (eyni Protokola) istinad olunan və Bakı İnzibati Məhkəməsində baxılan iş üzrə iddiaçının iddiasının təmin olunmasına dair qərardan cavabdeh İdarə tərəfindən şikayət verilməmiş, məhkəmə qərarı icra edilərək hüquqmüəyyənedici sənəd verilmişdir.
26. Cavabdehin digər dəlili - 157 saylı, xx.xx.2023-cü il tarixli protokoldan çıxarışda mənzilin nömrəsinin qeyd olunmamasına münasibətdə məhkəmə qeyd edir ki, MTK-nın eyni tarixli maliyyə arayışında 13 saylı mənzilin iddiaçıya verildiyi və dəyərinin ödənildiyi göstərilmişdir. Odur ki, cavabdehin bu dəlili də əsassız olmuşdur.
27. Eyni zamanda, məhkəmə qeyd edir ki, hüquqmüəyyənedici sənəddə mənzilin ümumi ölçüsünün 35.0 kv.m olmasına baxmayaraq 36,6 kv.m olduğunun müəyyən edilməsi imtina üçün əsas ola bilməz. Belə ki, iddiaçı məhz ona ayrılan mənzil sahəsinə dair mülkiyyət hüququnun tanınmasını xahiş edir.
28. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
30. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək;
31. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 17 saylı ünvanda "xxxx" Mənzil-Tikinti Kooperativi (MTK) tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok mansard hissəsində yerləşən 13 saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bununla əlaqədar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva