Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6568/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “reyestrdən çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq, reyestrdən onun adına çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzildə 2005-ci ildən yaşayır. Orada bərpa-təmir işləri aparmışdır. Yaşayış sahəsinin sənədləşdirilməsi barədə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etmiş, İcra hakimiyyətinin 202 saylı 03.12.2019-cu il tarixli sərəncamına əsasən sənədləşdirməyə icazə verilmişdir. Eyni zamanda Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 65 saylı 03.12.2019-cu il tarixli Qəbul aktı da mövcuddur. Evin sxemi də tərtib olunmuş və təsdiq edilmişdir. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin dövlət qeydiyyatına alınaraq, reyestrdən çıxarışın onun adıma verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ərizəni icra etməkdən imtina etmişdir. Ona görə də, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim etdiyi 11.06.2021-ci il tarixli **********33 saylı etirazında göstərmişdir ki, mənzilin qeyri-yaşayış sahəsinə keçməsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismarına icazə sənədi), qeyri yaşayış sahəsinə keçirilmiş sahəyə dair bildiriş məktubu və texniki rəy sənədlər toplusuna əlavə edilməmişdir. Həmçinin, əlavə inşa edilmiş sahənin yerləşdiyi torpaq sahəsi binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bununla bağlı İddiaçı **********25 nömrəli 14.01.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi sonradan məhkəməyə 12.07.2021-ci il tarixli **********23 saylı Etiraza əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı İdarəyə müraciəti zamanı ərizəsinə əlavə olunan sənədlər surətdir və qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, müvafiq mənzilə dair İddiaçı adına Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 202 saylı sərəncamı 03.12.2019-cu il tarixdə verilmişdir. Bu barədə iddiaçıya **********66 qeydiyyat nömrəli 13.04.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1- dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. 2009-cu il oktyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq dövlət və ya bələdiyyə mənzil fondundan ayrılmış yaşayış sahələri mülkiyyətə deyil, yalnız istifadəyə verilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında veriyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Elektron Məhkəmə Sistemindən çıxarılmış “Şəxsiyyət vəsiqəsi məlumatları”ndan müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Fəaliyyət Göstərən X1 03 dekabr 2019-cu il tarixli 65 №-li Qəbul aktından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində Daimi X2 Texniki Komissiya aşağıdakı heyətdə: Komissiyanın sədri - Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Q.İsmayılov, Komissiyanın üzvləri: Nəsimi rayon İcra Hakimiyyətinin rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi A.Rəsulov Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi R.Zeynalova komissiyaya daxil olmuş sənədlər əsasında məsələyə baxmışdır. Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi dalan 10, ev 13, mənzil 1 ünvanda yaşayan vətəndaş İddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilin sənədləşdirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı ailəsi ilə birgə uzun illərdir ki, Ə.B.Hüseynzadə küçəsi dalan 10, ev 13, mənzil 1 ünvanda yaşayır və mənzilin faktiki yaşayış sahəsi 78,3 kv.m, ümumi sahəsi isə 189,1 kv.m-dir. (Bu barədə 41 saylı MKİS-in 27.1 1.2019-cu il tarixli Aktı və mənzilin sxemi əlavə olunur). Nəsimi rayonu İcra Hakimiyyəti nəzdində X2 Texniki Komissiya yuxarıdakıları nəzərə alaraq qərara alır: Komissiya, Nəsimi rayonu, O.B.Hüseynzadə küçəsi dalan 10, 13 saylı evin 1 saylı mənzilinin 2 otaq, yaşayış sahəsi 78,3 kv. metr, ümumi sahəsi isə 189,1 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı adına sənədləşdirilməsini məqsədəuyğun hesab edir. Akt Komissiyanın sədri və üzvləri tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 03 dekabr 2019-cu il tarixli 202 №-li Sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi dalan 10, ev 13, mənzil 1 ünvanda yaşayan vətəndaş İddiaçı rayon İcra Hakimivyətinə müraciət edərək yaşadığı mənzilin sənədləşdirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, vətəndaş İddiaçı ailəsi ilə birgə uzun illərdir ki, Ə.B.Hüseynzadə küçəsi dalan 10, ev 13, mənzil 1 ünvanında yaşayır və mənzilin faktiki yaşayış sahəsi 78,3 kv. metr, ümumi sahəsi isə 189,1 kv. metrdir. Vətəndaşın müraciəti və təqdim edilmiş sənədləri nəzərə alınaraq Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi dalan 10, 13 saylı evin 1 saylı mənzili, 2 otaq, yaşayış sahəsi 78,3 kv. metr ümumi sahəsi isə 189.1 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı adına sənədləşdirilməsi; Sərəncamın surətinin vətəndaş İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Revestri Xidmətinin Bakı Ərazi İdarəsinə və məlumat üçün Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 202 saylı 03.12.2019-cu il tarixli sərəncamına əsasən 41 saylı MKİS tərəfindən İddiaçı məxsus ünvan 6 ünvanın sxemi tərtib olunmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə və surəti İddiaçı ünvanlanmış 19.03.2020-ci il tarixli 3/k-13-151 saylı məktubda göstərilmişdir ki, sonuncu rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, Nəsimi RİH Başçısının 03.12.2019-cu il tarixli, 202 saylı sərəncamına aydınlıq gətirilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı ailəsi ilə birlikdə, uzun illərdir ki, Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi dalan 10, ev 13, 1 saylı mənzildə yaşayır və 2005- ci ildə, faktiki mövcud olan mənzildə təmir-bərpa işləri apararaq başa çatdırmışdır. Odur ki, sözügedən sərəncamda qeyd olunan faktların 2005-ci ilə aid olduğunu nəzərə alınması xahiş olunmuşdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, istifadəsində olan mənzilin adına ilkin hüquqi qeydiyyatının aparılması və həmin mənzilə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********66 №li 13.04.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, ərizəyə əlavə olunan sənədlər surətdir və qeyd olunan ünvanda yerləşən mənzilə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyd olunan mənzilə dair İddiaçı adına Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 202 saylı sərəncamı 03.12.2019-cu il tarixdə verilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 06.07.2021-ci il tarixli **********77 saylı məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi, döngə 10, ev 13, 1 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 41 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin 08.07.2021-ci il tarixli 79 saylı məktubunda qeyd olunmuşdur ki, Ə.B.Hüseynzadə küçəsi, dalan 10, ev 13, mənzil 1 Nəsimi rayon İcra Hakimiyyətinin balansındadır. - Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 13.07.2021-ci il tarixli 0/404 saylı məktubunda qeyd olunmuşdur ki, 41 saylı MKİS-in təqdim etdiyi 155 saylı 09.07.2021-ci il tarixli arayışa əsasən, sözügedən ünvanda vətəndaş İddiaçı pasport qeydiyyatındadır. Mənzilin yaşayış sahəsi 78,3 kv. metr, ümumi sahəsi 189,1 kv. metrdən ibarətdir. Mənzil Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən: 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. 4.3. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu Qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu Qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin razılıq ərizələri və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. Həmin Qanunun 9-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir (bənd 1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci madəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən Dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd edilən bütün hüquqmüəyyənedici sənədlər (sərəncam) məhkəməyə təqdim edildiyindən cavabdehin imtinası qanuni sayıla bilməz. Cavabdeh imtinasını iddiaçıya mənzilə dair Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş 202 saylı sərəncamın 03.12.2019-cu il tarixdə verildiyini və bu münasibətin 01.10.2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi ilə tənzimlənməli olduğu ilə əsaslandırsa da, məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış 19.03.2020-ci il tarixli 3/k-13-151 saylı məktuba əsasən mübahisəli mənzillə əlaqədar ilkin mənzil münasibətləri iddiaçı ilə 2005-ci ildən yarannmış, sonradan yenilənərək davam etdirilmişdir. Ona görə də həmin imtina qanuni sayıla bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Ə.B.Hüseynzadə küçəsi, dalan 10, ev 13 ünvanında yerləşən 1 saylı mənzilin xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və buna dair onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6568/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6568/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver