Məhkəmə qərarları › İş №2-1(112)-6568/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6568/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6568/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının yenidən hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunuun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyalarının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq ,bu pensiya təminatına bu imkan vermədikdə isə azı 25 il sığorta sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. İddiaçı 1 iyul 2021-ci il tarixdə 65 yaşı tamam olduğundan, yaşa görə əmək pensiyasının təyin olunması ilə əlaqədar DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalına ərizə ilə müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalının 22 sentyabr 2021-ci il tarixli imtina məktubunda bildirilir ki, iddiaçıya məxsus 20 may 1974-cü il tarixli əmək kitabçasında qeyd olunmuş 25 iyul 1977-ci il tarixdən 9 oktyabr 2008-ci il tarixədək 2 saylı Evtikmə Kombinatındakı əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. 13 noyabr .2021-ci il tarixli imtina məktubunda isə bildirilir ki, onun (iddiaçının) sığorta stajı 22 il 5 ay təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən – 25 ildən azdır. Bunu əsas gətirərək iddiaçıya 1 iyul 2021-ci il tarixdən 130 manat sosial pensiya (müavinət) təyin edilmişdir. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filalının imtinasını əsassız hesab edir. İddiaçıya verilmiş AZE seriyalı 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi“nin sürətindən görünür ki, o, 1 iyul 1956-cı il tarixdə doğulmuşdur. Onun 65 yaşı tamam olduqda, əmək pensiyası hüququ var. İddiaçının 20 may 1974 cü il tarixli əmək kitabçasına əsasən ümumi əmək stajı 31 il 8 ay 5 gündür. HЗ seriyalı ******* saylı hərbi biletdən görünür ki, o, 13 may 1975-ci il tarixdən 16 may 1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. «Əmək pensiyaları haqqında» Qanunun 27.1-ci maddəsində deyilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə, bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 25 fevral 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 12, 38, 71-ci maddələrinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 7, 31-ci maddələrinə, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin müddəalarına, İPM-in 33, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçıya «Əmək pen'siyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə uyğun olaraq 01 iyul 2021-ci il tarixdən əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi öhtəliyinin cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalıının üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və həmin ərizədə iddia tələbinin dəyişdirilərək «iddiaçıya 1 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi» kimi qəbul olunması xahiş olunmuşdur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 14 oktyabr 2022-ci il tarixli məktubunda (etirazında) bildirilir ki, İddiaçı iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən 1 iyul 1956-cı il təvəllüdlü İddiaçı 5 iyul 2021-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 22 sentyabr 2021-ci il tarixli imtina məktubu ilə iddiaçıya 20 may 1974-cü il tarixli əmək kitabçasında qeyd edilmiş 25 iyul 1977-ci il tarixdən 9 oktyabr 2008-ci il tarixədək “2 saylı Evtikmə Kombinatı”ndakı əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti olduğu bildirilmişdir. Cavabdeh orqan tərəfindən 13 noyabr 2021-ci il tarixli imtina məktubu ilə iddiaçıya sığorta stajının 25 ildən az, yəni 22 il 5 ay (hərbi xidmətdə olduğu dövr (13 may 1972-ci il tarixdən 16 iyun 1977-ci il tarixədək 2 il) və təhsil illəri (1 sentyabr 1971-ci il tarixdən 15 iyul 1972-ci il tarixədək və 1 sentyabr 1972-ci il tarixdən 4 mart 1975-ci il tarixədək) daxil olmaqla) olması səbəbindən yaşa görə əmək pensiyası hüququ yaranmadığı bildirilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi 20 may 1974-cü il tarixli əmək kitabçasına əsasən o, 25 iyul 1977-ci il tarixdən 9 oktyabr 2008-ci il tarixədək “2 saylı Evtikmə Kombinatı”nda işlədiyini iddia edir. Mərkəzi Filialda aparılmış araşdırma nəticəsində iddiaçının “2 saylı Evtikmə Kombinatı”nda 1 sentyabr 1994-cü il tarixdən 9 oktyabr 2008-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti ümumi sığorta stajına daxil edilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən 1) 1 yanvar 2006cı il tarixədək olan ümumi iş stajının müddəti 22 il 15 ay, pensiya kapitalı 17.083,06 manat hesablanmışdır; 2) 1 yanvar 2006-cı il tarixdən sonra sosial sığorta stajı və pensiya kapitalı yoxdur. Lakin yuxarıda qeyd olunan dövrlərdən 1 sentyabr 1994-cü il tarixdən 9 oktyabr 2008-ci il tarixədək olan illər həmin dövrdə iddiaçının öz hesabına ödənişsiz məzuniyyətdə olması səbəbindən sosial sığorta stajına daxil edilməmişdir. DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilən imtina qanunidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: (3.2.1) əmək kitabçası; (3.2.2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (3.2.3) mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 9№.2.4) Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; (3.2.5) İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); (3.2.6) sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Habelə nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər qeyd edilmişdir. Lakin ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini, İPM-in 47-ci maddəsini nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Sosial Ödənşlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, hazırkı iddia “məcburetmə haqqında” iddiaya aid olduğundan və cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən mübahisəyə İPM-in 8.1.2-ci maddəsinin (maddənin ikinci cümləsinin) tələblərinə uyğun olaraq iddiaçının yaşayış yeri kimi Bakı şəhərinin Binəqədi rayonu üzrə müvafiq məhkəmə qismində Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının əmək kitabçasındakı qeydlər üzrə məlumatların mötəbərliyini mübahisələndirməsə də, iddiaçının 1994 – 2008-ci illərdə işlədiyi müəssisədə ödənişsiz məzuniyyətdə olmasını əsas gətirərək həmin dövrü onun sığorta stajı kimi kimi qəbul etməmiş və bu səbəbdən də iddiaçının sığorta stajının 25 ildən az, yəni 22 il 15 ay, pensiya kapitalı isə 17.083,06 manat məbləğində hesablanmaqla ona yaşa görə əmək pensiyası təyinatından imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əmək münasibətlərinin yarandığı dövrdə və hazırda qüvvədə olan qanunvericilik normaları əmək məzuniyyətinin növləri sırasında “ödənişli məzuniyyəti” də nəzərdə tutmaqla məzuniyyət müddətini mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin əmək stajına, həmçinin ixtisası üzrə stajına aid edir. Bu qənaət ondan irəli gəlir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin birinci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanununun (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə 1 iyul 1999-cu il tarixdən qüvvədən düşmüşdür) 2-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Həmin Qanunun 3-cü maddəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinin 2-ci ikinci hissəsinə görə uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında 1994 – 2008-ci illər üzrə i. stajının 1 sentyabr 1994cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək olan dövrü əhatə edən hissəsinin onun sığorta stajına daxil edilməməsi qanuna ziddir. Məhkəmə qeyd edir ki, tərəflərin gətirdiyi dəlillər iddiaçının 25 il sığorta stajının toplanması ilə bağlı olduğundan, onun 1994 – 2008 illər üzrə əmək fəaliyyətinin sığorta stajı kimi daxilib-edilməməsinə qiymət verilməsi mübahisənin həlli üçün yetərlidir. Həmin illər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Xüsusilə diqqə yetirilməlidir ki, həmin dövrün bir hissəsi üzrə vətəndaşların əmək haqqlarından məcburi dövlət sosial sığorta ayırmalarının həyata keçirilməməsinin pensiya hesablanmasında nəzərə alınmaması 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 8-ci hissəsində tənzimlənmişdir. Həmin maddəyə (8-ci hissəsi) əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Odur ki, qeyd edilənlərə görə belə qənaət yaranır ki, iddiaçının həmin illərdə əmək haqqından məcburi dövlət sosial sığorta ayırmalarının aparılmaması (hətta bu hal sübut olunsa belə) ona əmək pensiyasının təyinatı zamanı həmin dövrün sığorta stajı kimi nəzərə alınmamasına əsas vermir. Həmçinin nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 1042-VQ nömrəli 6 mart 2018-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. İddiaçının 1 sentyabr 1994-cü il tarixdən 1 yanvar 2006-cı il tarixədək ödənişsiz məzuniyyətdə olduğu dövr də daxil edilməklə 25 ildən artıq sığorta stajı toplanmış olur ki, bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 1 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İş materiallarına əsasən İddiaçı 1 iyul 1956-cı il tarixdə doğulmuşdur. Belə olan halda məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 65 yaşı tamam olduğu 1 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməli və müvafiq pensiya məbləği ödənilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 1 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 1 iyul 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar