Məhkəmə qərarları › İş №2-1(112)-6570/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6570/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6570/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehdən iddiaçının torpaq sahəsinin qanuni sahiblənməsinə icazə verilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında, açıq və şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının torpaq sahəsinin qanuni sahiblənməsinə icazə verilməsi, bunun içərisində iddiaçının 4 maşın ağ daşının, himmin qazılmasına çəkilən xərcin və iddiaçını get-gələ saldıqları zaman xərclənilən pulların geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. İddiaçıya xx.xx.2025-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, ərizənin xahiş etdi hissəsində tələb qeyri-müəyyən ifadə oldunduğundan, həmin hissədə müvafiq dəqiqləşmənin aparılması zəruridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Normanın məzmunundan çıxış edən məhkəmənin qənaətinə görə, araşdırmanın iddia ərizəsində ifadə tərzi ilə bağlı yol verilmiş yalnışlıq nəzərə alınmaqla aparılması mümkün olmadığından, iddia ərizəsinin xahiş etdi hissəsi yenidən iddiaçı tərəfindən tələb düzgün formulə edilməklə, iddiaçının hüquqi marağına uyğun tərtib olunmalıdır. İlkin araşdırma zamanı müəyyən edilir ki, hüquqi marağı Bakı şəhəri, Türkan qəsəbəsi, Sovxoz küçəsində yerləşən 0.12 hektar torpaq sahəsində çəkilən xərclərin geri qaytarılması və həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. İlk növbədə qeyd edilməlidir ki, iddia tələbinin birinci hissəsi İPM-in 2.2.7-ci maddəsinə əsasən “kompensasiyanın ödənilməsi” iddia növünə aid olduğundan həmin növ iddianın mümkün sayılması üçün mühüm tələblərdən biri iddia qaldırılmazdan əvvəl analoji tələblə inzibati orqana ərizə ilə müraciət edilməsidir. Lakin iddia ərizəsinə əlavə edilmiş Cavabdeh iddiaçıya ünvanladığı məktubda müraciətin hazırkı tələblə deyil, “Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsinin zəbt olunması” ilə bağlı olduğu müəyyən edilmişdir. Eyni zamanda hüquqi marağı qeyd olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmasından ibarət olduğu təqdirdə, torpaq sahəsinin olduğu ərazi nəzərə alınmaqla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsinə müraciət edərək, ərizənin təmin edilmədiyi halda inzibati orqanın imtina məktubu əlavə edilməklə məhkəmədə iddia qaldırıla bilər. Məhkəmənin yardım məktubunda iddiaçıya cavabdehə müraciət etməsini təsdiq edən sənədi və ya cavabdehin imtinasının əslini Bakı İnzibati Məhkəməsinə təqdim etməsi və qeyd olunanlara yazılı münasibət bildirməsi təklif olunmuşdur. Yardım məktubu iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilsə də, göstərilənlərə iddiaçı tərəfindən hər-hansı münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin mümkün sayılaraq, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdehə heç bir müraciət edilməmiş, müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə olunmamışdır. Bununla bağlı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək, qanunveriliciyin tələbləri nümayəndəsinə izah olunmuş və hazırkı iddianın mümkünlük şərtlərinə cavab vermədiyi bildirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya İPM-in 13-cü maddəsinə müvafiq olaraq hüquqi yardım olunmuş və dinlənilmə hüququ təmin edilmişdir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçının hazırkı tələblə məhkəmədə iddia qaldırmazdan əvvəl cavabdehə müraciət etməsi iş materialları ilə öz təsdiqini tapmır və tələb qeyri-müəyyəndir. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. Müvafiq imtina cavabı alındıqdan sonra yenidən məhkəməyə iddia ərizəsi ilə müraciət edilə bilər. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehdən iddiaçının torpaq sahəsinin qanuni sahiblənməsinə icazə verilməsi və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan şikayət verilə bilməz. X2.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar