Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6576/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış cavab məktubunda göstərmişdir ki, ona 16 dekabr 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir və tələb olunan minimum güzəştli stajı (12 il 6 ay) tamam olduğu 28 noyabr 2020-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanmıış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlar nəzərə alınaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 693,75 manat pul vəsaiti hesablanmışdır. Həmin pul vəsaiti cari ilin fevral ayından etibarən “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 138,75 manat) pensiyasının (452,65 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 04 dekabr 2015-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasının və hərbi biletinin surətlərindən görünür ki, 04 may 1977ci il tarixdən 06 may 1979-cu il tarixinədək (02 il 02 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 10 iyun 1979-cu il tarixdən 24 oktyabr 1980-cı il tarixinədək (01 il 04 ay 14 gün) və 05 noyabr 1980-cı il tarixdən 14 aprel 1982-ci il tarixinədək (05 ay 09 gün) Ermənistan SSR Quqarsk rayonunun Allavar sovxozunda fəhlə vəzifəsində, 19 noyabr 1982-ci il tarixdən 17 fevral 1986-cı il tarixinədək (03 il 02 ay 28 gün) Bakı şəhəri Əzizbəyov rayon Yeyinti məhsulları ticarəti idarəsində yükləyici vəzifəsində, 18 fevral 1986-cı il tarixdən 28 dekabr 1991-ci il tarixinədək (05 il 10 ay 10 gün) Abşeron Zeytunçuluq sovxozunda fəhlə vəzifəsində, 21 yanvar 1992-ci il tarixdən 24 aprel 2008-ci il tarixinədək (16 il 03 ay 03 gün) H.Z.Tağıyev adına NQÇİ-nin Tikinti-Quraşdırma İdarəsində quraşdırıcı-çilingər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş saylısı üzrə paraqraf 29.a) vəzifəsində, 25 aprel 2008-ci il tarixdən 30 oktyabr 2014-cü il tarixinədək (06 il 06 ay 05 gün) ’’Neftqaztikinti” Tikinti-Quraşdırma trestinin 8 saylı İdarəsində quraşdırıcı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş saylısı üzrə paraqraf 29.a) vəzifəsində, 03 noyabr 2014-cü il tarixdən 18 avqust 2015-ci il tarixinədək (09 ay 15 gün) “Neftqaztikinti” trestinin Tikinti-Quraşdırma İdarəsində quraşdırıcı vəzifəsində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş saylısı üzrə paraqraf 29.a) işləmiş və 19 avqust 2015-ci il tarixdən bu günə kimi ARDNŞ-nin “Neftqaztikinti” trestinin 6 saylı TQİ-də quraşdırıcı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş saylısı üzrə paraqraf 29.a) vəzifəsində işləyir. Beləliklə, 57 yaşı tamam olduğu 04 dekabr 2015-ci il tarixinə ümumi iş stajı təhsil aldığı 5 il də nəzərə alınmaqla 36 il 09 ay 11 gün (tələb olunan 25 ildən çox) təşkil etmiş, həmin staj illərindən 23 il 10 ay 08 gün (tələb olunan 12 il 6 aydan artıq) müddətini 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında'’ Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da, həmin Qanunun tələblərinə cavab verən iş stajı toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 04 dekabr 2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Bununla bağlı, idarəyə müraciət edərək ona 57 yaşına çatdığı 04 dekabr 2015-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin əmək pensiyası 57 yaşından deyil, 60 yaşına çatdığı 04 dekabr 2018-ci il tarixdən təyin edilmişdir. Bu isə yaranmış hüququnun pozulması deməkdir. Cavabdeh iddiaya yazılı etirazında iddianın təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçı 29 oktyabr 2020-ci il tarixdə Filiala müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Filialı tərəfindən iddiaçıya verilmiş cavab məktubunda kifayət qədər güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasındakı dövrün sığorta ödənişləri öz əksini tapmadığından həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (12 il 3 ay 3 gün) təşkil etmişdir. Daha sonra iddiaçıya 16 dekabr 2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və tələb olunan minimum güzəştli stajının (12 il 6 ay) tamam olduğu 28 noyabr 2020-ci il tarixdən hesablanmışdır. İddiaçı yenidən 21 fevral 2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanmıış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 693,75 manat pul vəsaiti hesablanmışdır. Həmin pul vəsaiti cari ilin fevral ayından etibarən "Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 138,75 manat) pensiyasının (452,65 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. Beləliklə, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, hazırkı tələbi ilə inzibati orqana müraciət etmiş, inzibati orqan onun müraciətini təmin etməmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan İddiaçı məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Cavabdehin əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********5 saylı qərarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərara əsasən həmin tarixə iddiaçının ümumi iş stajı 28 il 7 ay 29 gün (xx.xx.2006-cı ilədək), güzəştli iş stajı isə 12 il 8 ay 3 gün təşkil etmişdir. İddiaçı hazırda bu qərarla razılaşmayaraq, ümumi və güzəştli iş stajının olduğunu iddia edərək 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və ƏPQ-nin xx.xx.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən: Qüvvədə olan ƏPQ-nin 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. ƏPQ-nin qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində göstərilirdi ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan normalardan görünür ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi staj 25 ildən az olmamalıdır. İş materiallarında olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1768 saylı attestatının surətindən görünür ki, iddiaçı xx.xx.1976xx.xx.1977-ci illərdə texniki peşə məktəbində oxumuş, ona tokar ixtisası verilmişdir. НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1979-xx.xx.1980-cı il tarixlərdə Ermənistan SSR Quqarsk rayonu Allavar sovxozunda, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə 3 nömrəli Abşeron Zeytun sovxozunda fəhlə işləmiş, xx.xx.1982-xx.xx.1986-cı il tarixlərdə Bakı şəhəri Əzizbəyov rayon Yeyinti məhsulları ticarəti idarəsində yükləyici, xx.xx.1986xx.xx.1991-ci il tarixlərdə 3 nömrəli Abşeron Zeytun sovxozunda fəhlə işləmiş, xx.xx.1992ci il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestində 3-cü dərəcəli quraşdırıcı-çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci il tarixdə ona 4-cü dərəcə verilmiş, xx.xx.2003-cü il tarixdə 5-ci dərəcə verilmiş, xx.xx.2003-cü il tarixdə kimya və neft sənayesi müəssisələrinin avadanlıqlarının quraşdırıcısı keçirilmiş, xx.xx.2008-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.2008-xx.xx.2014-cü il tarixlərdə “Neftqaztikinti” tresti 8 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı, xx.xx.2014-xx.xx.2015-ci il tarixlərdə “Neftqaztikinti” tresti 3 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı işləmişdir, xx.xx.2015-ci ildən bugünədək SOCAR-ın “Neftqaztikinti” trestində polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləyir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Sadalanan normaları işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə 28 il 7 ay 4 gün ümumi iş stajı olmuş, bununla iddiaçı tələb olunan ilkin şərti ödəmişdir. İddiaçının güzəştli iş stajına gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. “Neftqaztikinti” trestinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixində (əmr № 17/k, xx.xx.2008-ci il) “Neftqaztikinti” trestinin 8 saylı Tikinti Quraşdırma idarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixində (əmr № 170/k, xx.xx.2014-cü il) əmək müqaviləsinə xitam verilmiş, əmək stajı 6 il 6 ay 6 gün təşkil etmişdir. İddiaçı xx.xx.2014-cu il tarixində (əmr № 366/k, xx.xx.2014-cü il) “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma idarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, xx.xx.2015-ci il tarixində (əmr № 178/k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilmiş, əmək stajı 9 ay 14 gün təşkil etmişdir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000293, xx.xx.2015-ci il) "Neftqaztikinti" trestinin 6 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmişdir və hal-hazıradək bu peşədə işləyir. Əmək stajı 5 il 1 ay 21 gün (beş il bir ay iyirmi bir gün) təşkil edir. İddiaçı polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsi üzrə iş stajı 12 il 5 ay 11 gün (on iki il beş ay on bir gün) təşkil edir. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun xx.xx.2006-cı il tarixədək işlədiyi dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verən iş yeri olması barədə arayış verməmiş, iddiaçının güzəştli iş stajının xx.xx.2008-ci il tarixdən başlamasını bildirmişdir. Məsələnin araşdırılması ilə bağlı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müvafiq sorğu verilmiş, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi sorğuya cavab olaraq 17 iyul 2023-cü il tarixli məktubunda göstərmişdir ki, X2 H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin Təmir-tikinti, Təmir-quraşdırma-tikinti və Təmir-quraşdırma sexlərində xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi quraşdırıcı çilingər və kimya və neft sənaye müəssisələrinin avadanlıqlarının quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində, 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində və 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutlmuş peşələrlə eynilik təşkil etmir. Beləliklə, işin qeyd olunan halları ilə, iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajının olması müəyyən edilmir. Belə olan halda aydın olur ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunvericiliyin tətbiqi üçün ikinci şərti, azı 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə stajın olması tələbini ödəmir, buna görə də ona həmin qanunvericiliyə əsasən pensiya təyin edilə bilməz. xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsinə əsasən: ƏPQ-nin 9.1-ci maddəsinin iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdə qüvvədə olan və xx.xx.2017-ci il tarixədə qüvvədən düşmüş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Normadan göründüyü kimi, iddiaçıya ƏPQ-nin 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun: 1) həmin tarixədək 57 yaşının tamam olması; 2) həmin tarixə azı 25 il sığorta stajına malik olması; 3) bu stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması tələb olunurdu. İddiaçı bu tələblərdən birinci və ikinci şərti ödəsə də, yuxarıda qeyd olunanlardan məlum olur ki, üçüncü şərti ödəməmişdir. Belə ki, iddiaçının 57 yaşı xx.xx.2015-ci ildə tamam olmuş, onun həmin tarixə 38 il 6 ay 7 gün ümumi iş stajı olmuşdur. Lakin işdə olan “Neftqaztikinti trestinin xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, iddiaçının güzəştli iş stajı xx.xx.2008-ci ildən başlamış və onun 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixə cəmi 7 il 7 ay 7 gün güzəştli iş stajı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona 57 yaşdan pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6576/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6576/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver