Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6577/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X5 (hüquq məsləhətçisi, ünvan 2 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun uzun müddət ərzində istifadəsində olan, pasport qeydiyyatında olduğu ünvan 3 ünvanında yerləşən mənzilinə dair ona çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzilinə dair ona mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1986-cı ildə Daxili İşlər Nazirliyi tərəfindən ailə yataqxanası kimi verilmiş ünvan 3 ünvanında yerləşən mənzildə həmin ildən ailə üzvləri Vəlimətova Saliyat (yoldaşı), Vəlimətov Şəmsi (oğlu) və Bayramova (Vəlimətova) Aysel (qızı) ilə birlikdə yaşayır və pasport qeydiyyatındadırlar. Yaşadığı mənzilə aid sənəd Bakı Şəhəri İcra Hakimiyyəti başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2012-ci tarixli 72/1 nömrəli sərəncamıdır. İddiaçı mənzilə çıxarış almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin, cavabdeh iddiaçıya 27 aprel 2021-ci il tarixdə imtina məktubu göndərmişdir. Bu səbəbdən, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmışdir. Belə ki, iddiaçı hesab edir ki, cavabdehin imtina məktubu əsassızdır. Misal üçün, imtina məktubunda yaşayış yeri üzrə qeydiyyata alınmadığını qeyd edir, halbuki, iddiaçı ailə üzvləri ilə birlikdə qeyd etdiyi kimi 1986-cı ildən həmin ünvanda qeydiyyatdadır və yaşayır. Bu hal onu sübut edir ki, cavabdeh iddiaçının ərizəsinə səthi yanaşmış, qanunvericiliyə uyğun araşdırmamışdır. Eyni zamanda, iddiaçı hesab edir ki, cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi ilə müəyyən olunmuş bərabərlik prinsipini pozmuşdur. Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Lakin cavabdeh iddiaçıya çıxarış verməkdən imtina etdiyi halda, həmin ünvanda yaşayan qonşusuna 2011-ci ildə çıxarış vermişdir. Cavabdeh iddiaya dair yazılı etirazı və etiraza əlavəni məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçı iddia tələbi ilə bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, sözügedən mənzilə dair ərizəyə əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 72/1 saylı Sərəncamının xx.xx.2012-ci il tarixdə verildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya **********70 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Təqdim edilən yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 2015-ci il 21 sentyabr tarixli Q35-001- 15 nömrəli qərarı ilə təsdiq edilmiş formaya uyğun verilməmişdir. Belə ki, vətəndaşın hansı tarixdən qeydiyyatda olması arayışda öz əksini tapmamışdır. Bu səbəbdən iddiaçının qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Həmçinin, cavabdehin mütəxəssisləri tərəfindən mənzilə yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 72/1 saylı xx.xx.2012-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 10 saylı evin, yaşayış sahəsi 36,0 kv.metr olan 3 otaqlı 10 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə İddiaçı adına icarə müqaviləsinin bağlanılsın və o, həmin mənzilin icarədarı hesab olunsun. İşdə olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi tərəfindən 14 sentyabr 2005-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2021-ci il tarixli ******* nömrəli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. İşdə olan 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 138/301 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 10 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə 1986-cı ildən bu mənzildə yaşayır. İşdə olan Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X2, X1 və X3 ərizələrindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 10 ünvanında yerləşən 10 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********70 saylı imtina məktubundan görünür ki, iddiaçının çıxarışın verilməsi barədə müraciətinə baxılmış və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci və 11.1-ci maddələrinə istinad olunaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan iddiaçının mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Qeyd olunan mənzilə dair ərizəyə əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 72/1 saylı Sərəncamının xx.xx.2012-ci il tarixdə verildiyi müəyyən edilmiş və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən təqdim edilmiş 01 fevral 1993-cü il tarixli 23 saylı, 1994-cü il tarixli 05 saylı, fevral 1996-cı il tarixli 36 saylı və noyabr 2002-ci il tarixli arayışların surətlərindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi, ev 10 ünvanında yaşamışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ—İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti nəzərdə tutulur) tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li forma), mənzil sahəsinin orderini əlavə etməlidir. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzillə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesində yerləşən 10 saylı evin 10 saylı mənzilində 1986-cı ildən yaşamaqla orada qeydiyyatdadır. Həmin mənzilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 72/1 saylı xx.xx.2012-ci il tarixli Sərəncamı ilə İddiaçı adına icarə müqaviləsi bağlanılmaqla o, həmin mənzilin icarədarı hesab olunmuşdur. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınmaqla çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, iddiaçının mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmaması və Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 72/1 saylı Sərəncamının xx.xx.2012-ci il tarixdə verilməsi əsası ilə imtina edilmişdir. Cavabdehin, iddiaçının mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmaması barədə dəlilini məhkəmə iş materiallarına əsasən əsassız hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş dövlət orqanlarının arayışlarından aşkar şəkildə müəyyən olunur ki, mənzil iddiaçıya məxsus olmaqla o, ailə üzvləri ilə birlikdə həmin mənzildə 1986-cı ildən qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə cavabdehin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 72/1 saylı Sərəncamının xx.xx.2012-ci il tarixdə verilməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı, mübahisə predmeti olan mənzildə 1986-cı ildən yaşamasına baxmayaraq, mənzil sahəsinə orderlərin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə dayandırılanadək ona, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin mənzil sahəsinə orderin vaxtında verilməməsi iddiaçının təqsiri üzündən baş vermədiyindən, bu hala görə iddiaçının mübahisə predmeti olan mənzilin özəlləşdirilməsi barədə müraciətinin təmin olunmasından imtina edilməsi qanunaziddir. Bundan əlavə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbindən göründüyü kimi dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil üzərində iddiaçı 26 yanvar 1993-cü il tarixli 463 saylı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən mülkiyyət hüququna malik olduğundan həmin Qanunun 4-cü maddəsinə əsasən cavabdeh adıçəkilən mənzil üzərində iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A LDİ : İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən 10 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqları qeydiyyata alınaraq çıxarış verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-6577/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6577/2021
20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver