Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6578/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 12.04.2021-ci il tarixli **********5 saylı artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə tərəfindən İddiaçı hüquqi yardım göstərilərək, sonuncuya iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması, iddia tələblərinin dəqiqləşdirilməsi təklif olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi təqdim edərək, cavabdehin 12.04.2021-ci il tarixli **********5 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarının ləğv edilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehin 12.04.2021-ci il **********5 saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın” etibarsız hesab olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi tərəfindən 01 sentyabr 2014-cü il tarixindən sabiq dövlət qulluqçusu kimi 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin olunarkən o, Dövlət Sosial Müdafiə Fondunda rəsmi qəbulda olmuşdur. Onun ilkin sənədləri fondun bu sahə üzrə məsul şöbə müdiri tərəfindən baxılmış, onu qəbul edib dinləmiş və bu barədə rayon Sosial Müdafiə Fondunun rəhbərliyinə müvafiq tapşırıq verilmişdir. O, məsələ ilə bağlı rayon pensiya fondunda rəsmi qəbullarda dəfələrlə olmuşdur, fondun məsul işçiləri hər dəfə ona bildirmişlər ki, onlar tərəfindən təyinat həmin dövr üçün verilmiş olan qərarlar, mövcud normativ hüquqi aktlar əsasında aparılmışdır və yanlışlığa yol verilməmişdir. Qəbul edilmiş 12.04.2021-ci il tarixli **********45 saylı qərar qanunsuz və əsassızdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Biləsuvar RPŞ tərəfindən 12.05.2010-cu ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Biləsuvar rayonunda doğulmuş Hüseynov X1 şəhəri, Nizami küçəsi, ev 90 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12.04.2021-ci il tarixli **********5 saylı Qərarının surətindən müəyyən olunur ki, 01.09.2014-30.09 2020-ci iİ tarixləri arasındakı dövr ərzində İddiaçı 1280,77 manat məbləğində artıq əmək pensiyasının ödənilməsinə dair sənədlər nəzərdən keçirilərək, 13 01.1959-cu il tarixində doğulmuş ünvan 2 kəndi ünvanında yaşayan (qeydiyyatda olan) borclu İddiaçı 01.09.2014-30.09.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 1280,77 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək, 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 2.2.5-ci maddəsinə görə, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Yuxarıda qeyd edildiyi kimi hər nə qədər hazırkı mübahisənin həlli ilə bağlı qərarın qanuniliyi baxımından həll edici əhəmiyyət daşımasa da pensiya təyini qərarının və pensiyanın yenidən hesablanması barədə qərar, sərəncam və faktiki xarakterli hərəkətlərinin hüquqi nəticələrinin mövcudluğu baxımından əhəmiyyət daşıyır. Nə artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması barədə qərarda iddiaçının pensiya məbləğinin səhv hesablanmasına hər hansı təqsirinin olması barədə heç bir qeyd edilməmişdir. Qərarın məzmunundan aydın olur ki, qərar yalnız onunla əsaslandırılmışdır ki, “məbləğin geri tələb edilməsi zərurəti yaranmışdır, qeyd olunan hal zərər kimi qiymətləndirilməli və geri alınmalıdır”. Göründüyü kimi araşdırma nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir. Eyni zamanda, məhkəmə cavabdehin artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə qərarının qəbulu ilə bağlı prosessual pozuntulara yol verilməsi ilə bağlı da aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən 12.04.2021-ci il tarixli qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati icraat zamanı tam hərtərəfli və obyektiv araşdırma aparılmalıdır ki, qəbul edilmiş qərarın təsviri-əsaslandırıcı hissəsindən isə görünür ki, qərarın qəbulu ilə bağlı heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, əgər artıq hesablama üçün əsas yaranmışdırsa bunun hansı sübutlarla təsdiq edildiyi, sübutların hansı qaydada qiymətləndirildiyi barədə bir cümlə belə olsun qərarda qeyd edilməmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, 12.04.2021-ci il tarixli qərar etibarsız hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 12.04.2021-ci il tarixli, **********5 nömrəli qərarı etibarsız hesab edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-6578/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6578/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver